Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-199/2024 19.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Şəki rayonu, Kiş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, ali təhsilli, evli, hazırda işləməyən, əlilliyi olmayan, Şəki rayonu, Kiş Ərazi dairəsi, Kiş kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 13 mart 2024-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, həmin icra sənədi üzrə ödəməli olduğu borcunun ödənişindən qərəzli olaraq yayınmışdır. Şəki Rayon Məhkəməsinin 3 (075)-199/2024 saylı, 13 mart 2024-cü il tarixli qərarına əsasən, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. 13 may 2024-cü il tarixdə iş üzrə zərərçəkmiş şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 Şəki Rayon Məhkəməsinin 3 (075)-199/2024 saylı, 13 mart 2024-cü il tarixli qərarından şikayəti məhkəməyə daxil olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 3 (107)-186/2024 saylı, 28 iyun 2024-cü il tarixli qərarına əsasən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli 3(075)-199/2024 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3267/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 409 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin e-2(075)-2416/2022-006 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 2720 manat məbləğində pul vəsaiti və 47.2 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin e- 2(075)-1319/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 3513.32 manat məbləğində pul vəsaiti və 55.54 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Şəki Regional “ASAN” xidmət mərkəzində notariat ofisinin 8İ-17401 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 301.16 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Şəki Regional “ASAN” xidmət mərkəzində notariat ofisinin 8İ-17400 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 626.81 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bakı şəhər 54 saylı notariat kontorunun 8İ-11871 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 110 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMCnin xeyrinə ödənilməlidir. İcra sənədləri xx.xx.2014-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixlərində Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində, nə də ondan sonrakı müddətdə tələblərin icrası təmin edilməmiş, borclar ödənilməmiş qalmışdır. Borclu icra sənədləri üzrə tələbləri könüllü müddətdə icra etmədiyindən nəğd pul vəsaitlərinin olub-olmamasını öyrənmək məqsədilə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə “Elektron icra” sistemi vasitəsilə sorğular edilmiş, lakin borclunun adına heç bir pul vəsaiti və daşınar və daşınmaz əmlak əmlak aşkar edilməmişdir. Borclu icra sənədləri üzrə tələbləri yerinə yetirmədiyindən xəbərdarlıq göndərilmiş, şöbəyə çağırılmış, lakin borclu tələbləri yerinə yetirməmiş, çağırışlara gəlməmişdir. Şöbədə olarkən borcluya cəmi 7853.03 manat borcunun olduğu bildirilmiş, ümumiyyətlə borclarından ödəyib-ödəməməsi barədə sual verilmiş, borclu izahat verərək bildirmişdir ki, indiyədək "xxxx" MMC-yə ödəniş etmiş, digər borclarından isə ümumiyyətlə ödəməmişdir. İzahatı alınarkən 2014-cü ildə fəhlə işlədiyini, 2020-ci ildən sonra isə taksi fəaliyyəti ilə məşğul olduğunu, ayda 1000-1200 manat qazancının olduğunu, çağırışlardan, barəsində qəbul olunmuş məcburi gətirilmə qərarından məlumatının olduğunu, xəstəsi olduğu üçün gəlmədiyini bildirdi, ödənişlərlə bağlı borclu ödəniş sənədi təqdim edə bilmədi. Borcludan bir daha borcunun ödənilməsi tələb edilmiş, borclu icra sənədləri üzrə tələbləri yerinə yetirməmiş, borclarının ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Borclu xx.xx.2023-cü il tarixdə yuxarıda göstərilmiş icra sənədləri üzrə tələbləri yerinə yetirmədiyindən barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmiş, borclu 8 gün müddətində inzibati qaydada həbs olunmuşdur. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd edilənlərə əsasən qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu inkar etmir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3267/2014 nömrəli, xx.xx.2014-cü il tarixli, Şəki Regional “ASAN” xidmət mərkəzində notariat ofisinin 8İ-17401 nömrəli, xx.xx.2022-ci il tarixli, Şəki Regional “ASAN” xidmət mərkəzində notariat ofisinin 8İ-17400 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhər 54 saylı notariat kontorunun 8İ-11871 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə borcunu tam şəkildə ödəmişdir. Digər Şəki Rayon Məhkəməsinin e-2(075)-2416/2022-006 nömrəli, xx.xx.2022-ci il tarixli, Şəki Rayon Məhkəməsinin e-2(075)-1319/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə halhazırda 500 manat ödəmişdir. Bütün bunları nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.2-ci maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. 528.1-ci maddəsinin dispozisiyasənda göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Nərimanov Rayon Məhkəməsinin 2(005)-3267/2014 nömrəli, xx.xx.2014-cü il tarixli, Şəki Rayon Məhkəməsinin e-2(075)-2416/2022-006 nömrəli, xx.xx.2022-ci il tarixli, Şəki Rayon Məhkəməsinin e-2(075)-1319/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, Şəki Regional “ASAN” xidmət mərkəzində notariat ofisinin 8İ-17401 nömrəli, xx.xx.2022-ci il tarixli, Şəki Regional “ASAN” xidmət mərkəzində notariat ofisinin 8İ-17400 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhər 54 saylı notariat kontorunun 8İ-11871 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən icra edilməmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXMnin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmiş, onun barəsində 13 mart 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 3 (075)-199/2024 saylı, 13 mart 2024-cü il tarixli qərarına əsasən Şəxs əməlində inzibati xəta tərkibi olmadığından məhkmə tərəfindən inzibati xətaya dair iş üzrə icraata xitam verilmişdir. İş üzrə qərardan narazı qalan zərərçəkmiş şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 3 (075)-199/2024 saylı, 13 mart 2024-cü il tarixli qərarı, Şəki Apellyasiya Məhkəməsinin 3 (107)-186/2024 saylı, 28 iyun 2024-cü il tarixli qərarı ilə ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş baxılması üçün 09 iyul 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İş üzrə məhkəmə baxışı iclası bu günə, yəni 19 iyul 2024-cü il tarix, saat 11:00-a təyin edilmişdir. Azərbaycan Respublikası İXM-nin “İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalar” adlı 39-cu fəslindən görünür ki, İXM-nın 528.1-1-ci maddəsi həmin fəslə aiddir. Deməli İXM-nin 528.1-1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. İşdə olan inzibati xəta haqqında protokoldan da göründüyü kimi Şəxs inzibati xətanı 13 mart 2024-cü il tarixdə törətmişdir. Göründüyü kimi artıq inzibati xətanın törədilmə vaxtından 4 aydan artıq müddət keçmişdir. Həmçinin məhkəmə diqqətə çatdırır ki, İXM-nin 528.1-1-ci maddəsi İXM-nin 38.2-ci maddəsində nəzərdə tutulan uzanan inzibati xətalara aid deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati tənbeh vermə müddəti keçmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.4.1, 30.2, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-199/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-199/2024
19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver