Məhkəmə qərarları › İş №3(075)-199/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-199/2025

17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-199/2025 17.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, X5 tərəfindən Azərbaycan Respublikası FHN-nin X12 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinin barəsində çıxardığı 19 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 məhkəməyə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası FHN-nin X12 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinin barəsində tərtib etdiyi 19 mart 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, 06 noyabr 2024-cü il tarixdən Şəki şəhər 19 nömrəli körpələr evi - uşaq bağçasında təsərrüfat müdiri vəzifəsində işləyir. Azərbaycan Respublikası FHN-nin X12 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinin inspektoru tərəfindən rəhbərlik etdiyi məktəbdə yoxlama aparılmış və yanğın təhlükəsizliyi qaydalarının normativ sənədlərin tələblərinə uyğun olmaması əsas götürülərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən haqqında 100 (yüz) manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə 19 mart 2025-ci il tarixli, MN ******* saylı qərar qəbul edilmişdir. O, həmin qərarla qətiyyən razılaşmır və hesab edir ki, barəsində qəbul edilmiş inzibati cərimə tənbeh növünün tətbiq edilməsinə dair Azərbaycan Respublikası FHN-nin X12 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinin 19 mart 2025-ci il tarixli MN ******* saylı qərarı qanunsuz və əsassızdır. Şəki şəhəri 19 nömrəli körpələr evi-uşaq bağçası 2011-ci ildə istismara verilmişdir. 2015-2016cı illərdə isə təmir olunub. Həmin vaxtdan hazırki dövrədək binanın yanğın təhlükəsizliyi qaydaları ilə bağlı heç bir problemlər yaranmamışdır. Lakin X11 İdarəsinin inspektorunun barəsində qəbul etdiyi qərarı ona münasibətdə olmalı deyil. Çünki qanunvericiliyə əsasən keçirilən yoxlamanın nəticəsinə dair qeyd olunanların yerinə yetirilməsinə görə məsuliyyət daşımalı olan şəxs o deyildir. Hesab edir ki, Şəki şəhər 19 nömrəli körpələr evi-uşaq bağçasının təsərrüfat müdiri kimi Azərbaycan Respublikası İXM-nin subyekti o deyil və onun əməlində İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. X12 Xidmətirın X6 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi tərəfindən icrası təmin olunması üçün ona təqdim olunan 10 mart 2025-ci il tarixli, 191 saylı tələbnamədə göstərilənlər maddi və fiziki cəhətdən, həm də praktiki olaraq onun şəxsi imkanı və səlahiyyəti xaricindədir, eləcə də onun vəzifə öhdəliklərinə daxil deyil. X11 İdarasinin nümayəndəsi tərəfindən təhsil müəssisəsində yanğından mühafizə ilə bağlı texniki müayinə aparılmış və həmin müayinənin nəticələrinə dair müvafiq göstərişlərin icrasının təmin olunması üçün 10 mart 2025-ci il tarixdə 1 nömrəli məktub rəsmi qaydada Şəki rayonu üzrə Təhsil sektoruna təqdim edilmişdir. İnzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə analoji qərarlar başqa rayonlar üzrə də vəzifəli şəxslər barəsində də qəbul edilmişdir, lakin qanunsuz olduğu üçün həmin qərarlar bir neçə birinci instansiya məhkəmələri tərəfindən məhkəmə qaydasında ləğv olunmuş və qanuni qüvvəsini almışdır. Həmin məhkəmə qərarları qanuni qüvvəsini aldığı uçün hesab edir ki, məhkəmə presedenti kimi nümunə olaraq əsas götürülməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən ona 100 (yüz) manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə Azərbaycan Respublikas FHN-nin X12 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinin 19 mart 2025-ci il tarixli, MN ******* saylı qərarı ona rəsmi qaydada 4 aprel 2025-ci il tarixdə verilmişdir. X1 və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası FHN-nin X12 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, X1 və Azərbaycan Respublikası FHN-nin X12 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakları olmadan məhkəmə iclasının keçirilməsini və hazırki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: - xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 İXM-nin 518.1-ci maddəsinin tələblərini pozduğu üçün barəsində 100 manat məbləğdə cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarından görünür ki, X5 barəsində qəbul edilmiş 19 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda bağça ərazisində qaz balonundan istifadə olunması və saxlanılması əsası ilə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmiş, faktiki olaraq X5 barəsində İXM-nin 518.1-ci maddəsilə inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Halbuki Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin görə inzibati məsuliyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, X2 şəhəri 19 saylı uşaq bağçasının təsərrüfat müdiri vəzifəsində işləyir. O, İXM-nin 518.1-ci maddəsilə bağça ərazisində qaz balonundan istifadə olunması və saxlanılmasına görə inzibati məsuliyyətə cəlb edilmişdir ki, bu da tamamilə qanunsuz və əsassızdır. Halbuki qanunvericiliyə əsasən X5 həmin yanğın mühafizəsi tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət daşımalı olan şəxs deyildir. Belə ki, Şəki şəhəri 19 saylı uşaq bağçasının təsərrüfat müdirinin vəzifə səlahiyyətlərini müəyyənləşdirən heç bir normativ hüquqi aktda, o cümlədən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X3 təhsil müəssisəsinin təsərrüfat müdiri üçün obyekt ərazisində qaz balonundan istifadə olunması və saxlanılmasına görə məsuliyyət daşıması müəyyən edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası FHN-nin X12 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında X4 Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi qeyd edilsə də, X1 tərəfindən inzibati xətanın törədilməsi inkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlməməklə, tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. Qanun normasının mənasına görə şəxsin Azərbaycan Respublikası İXM-nin hansısa maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilməklə onun barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanır. Həmçinin Azərbaycan Respublikası İXM-nin 76.21-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün sübut növü kimi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəki rayonu Aran kənd uşaq bağçasının təsərrüfat müdiri X5 hazırkı iş üzrə Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin subyekti deyildir, onun əməlində həmin İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. İşdə bunun əksini təsdiq edən hər hansı mötəbər sübut da yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X4 Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi təsdiq edilməmişdir. Qeyd olunanları ümumiləşdirib, işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayəti əsaslı olduğundan təmin edilməli, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində cərimə edilməsi ilə bağlı Azərbaycan Respublikası FHN-nin X11 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinin 19 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 49-51, 53, 105, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X4 barəsində olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X11 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinin 19 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X4 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar