Məhkəmə qərarları › İş №3(075)-2/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-2/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-2/2024 29.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 oğlunun iştirakı ilə, X1 barəsində tərtib edilmiş 24 oktyabr 2023-cü il tarixli EQ 17644806 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 şikayət ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş 24 oktyabr 2023cü il tarixli EQ 17644806 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, əsassız cərimənin və cərimə balının silinməsi barədə qərar qəbul dilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 24 oktyabr 2023-cü il tarixdə, etibarnamə əsasında idarə etdiyi **-BC-*** dövlət qeydiyyat nişanlı KİA OPTİMA markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən, Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun 95ci kilometrliyində sürət həddini 21-40 km/saat aşdığı əsas gətirilərək yolun kənarında dayanmış yol patrul xidməti avtomobilində quraşdırılmış xüsusi texniki qurğu vasitəsi ilə barəsində İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən elektron qərar qəbul edilərək, 50 manat cərimə edilmişdir. Yəni mübahisəli ərazidə icazə verilən maksimum sürət həddinin 60 km/saat olduğu halda onun idarə etdiyi nəqliyyat vasitəsinin həmin an sürətinin 93 km/saat olduğu qeyd edilmişdir. Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun 95-ci kilometrliyində icazə verilən maksimum sürət həddinin 60 km/saat olması barədə hər hansı yol nişanı yoxdur. Bunun əksinə həmin ərazidə və eyni zamanda mübahisəli yolun 85-105-ci kilometrlikləri arasında belə icazə verilən maksimum sürət həddi 90 km/saatdır və buna dair də müvafiq yol nişanları quraşdırılmışdır. O da qanunvericiliyin tələblərini pozmadan, quraşdırılmış yol nişanlarına uyğun olaraq 93-95 km/saat sürətlə hərəkət etmişdir. Həmçinin elektron qərara əlavə edilmiş şəkillərdən də göründüyü kimi mübahisəli ərazi yaşayış məntəqəsi olmamaqla həmin ərazidə sürət həddinin 60 km/saat olması mümkün deyil. Qeyd olunanlar əsasən şikayətin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, 24 oktyabr 2023-cü il tarixli, EQ 17644806 saylı qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, şikayət qalan hissədə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli EQ 17644806 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İXM-nin 328.2-ci maddəsinə əsasən 50 manat məbləğində inzibati cərimə edilmişdir. Qərara əsasən müəyyən edilmişdir ki, şikayətçi M 2 E 60, AH 5 Bakı- Ələt-Qazax-Gürcüstan yolu, 95 km-də yolda müəyyən edilmiş hərəkət sürətini 33 km/saat aşmışdır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsindən göndərilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun 95-ci km-də icazə verilən maksimum sürət 90 km/saatdır. Hal-hazırda maksimum sürətin məhdudlaşdırılması 90 km/saat yol nişanı yerindədir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə - əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 yolda müəyyən edilmiş sürət həddini aşmamasına baxmayaraq barəsində İXM-nin 328.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair 24 oktyabr 2023-cü il tarixli, EQ 17644806 nömrəli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şikayətin cərimənin və cərimə balının silinməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə şikayətə məhkəmədə baxılmalı deyil. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 - 137-ci maddərini rəhbər tutaraq, məhkəmə qərara aldi : Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada təbeh edilməsinə dair 24 oktyabr 2023-cü il tarixli, EQ 17644806 nömrəli qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar