Məhkəmə qərarları › İş №3(075)-21/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-21/2023

07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-21/2023 07.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, Zərərçəkmiş şəxs və onun vəkili X6, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 iştirakı ilə X5 Şəki şəhər-rayon Polis Şöbəsinin inzibati tənbehvermə haqqında 11 may 2022-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayətə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X11 tərəfindən verilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması, inzibati araşdırmanın aparılması haqqında 03 may 2022-ci il tarixli qərarın ləğv edilməsi və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan şikayətçi X7 məhkəməyə ərizədə göstərilən tələbin dəyişdirilməsi barədə ərizə təqdim edərək Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X11 tərəfindən inzibati tənbeh haqqında MN ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbin dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Belə ki, o, X12 döyməmiş, ona qarşı hər hansı qanunazidd hərəkət etməmişdir. Şəki Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 3(075)-293/2022 saylı qərarı ilə şikayət təmin edilmiş, Şəki şəhər-rayon Polis X1 barəsində qəbul etdiyi 11 may 2022-ci il tarixli, MN-0842377 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmş, Şəki şəhərrayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X13 tərəfindən X7 barəsində tərtib edilmiş 11 may 2022-ci il tarixli, MN-0837187 saylı inzibati xəta haqqında protokolun baxılması üçün Şəki şəhər-rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardan iş üzrə Zərərçəkmiş şəxs apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 3(107)-378/2022 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 3(075)-293/2022 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında işin yenidən baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 şikayət ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 2015-ci ildə qızı Aytən Zərərçəkmiş şəxs ilə ailə qurmuşdur. Zərərçəkmiş şəxs qızı Aytənlə ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan Zərərçəkmiş şəxs qızı Aytən Bağıyevanı mütəmadi olaraq döyməsi səbəbindən aralarında olan münasibətləri pisləşmişdir. 21 noyabr 2021-ci il tarixdə qızı Aytən onlara zəng edərək yenə də əri Zaur tərəfindən döyülməsi barədə məlumat vermişdir. O, 22 noyabr 2021-ci il tarixdə saat təxminən 23 radələrində qızı həyat yoldaşı ilə birlikdə Aytəni uşaqları ilə birlikdə ər evindən gətirmək məqsədi ilə Aytənin Zaurla birlikdə yaşadıqları ünvana getmişdir. Həmin vaxt qızı Aytənin döyülmüş vəziyyətdə, üst-başının su olmasını görmüşlər. Onlar Zaurun yaşadığı ünvanda olduqları zaman Zaur uşaqlarının qızı Aytən tərəfindən götürülməsinə imkan verməmiş, hətta uşaqlardan birini qucağında tutub saxlamışdır. Dəfələrlə Zaura uşağı buraxmasını təklif etsələr də bu nəticə verməmişdir. O, nəvəsinin Zaurun əlindən alınması məqsədi ilə Zaura yaxınlaşmış və Zaurun qollarından tutaraq uşağı onun əlindən almağa cəhd etmişdir. Lakin Zaur uşağı buraxmamışdır. Sonradan onlar evlərinə qayıtmışlar və sabahısı günü nəvəsini götürmüşdür. O, nəvəsini Zaurun əlindən almağa cəhd göstərsə də Zauru vurmamış, onun qolunu burmamışdır. Lakin Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Zərərçəkmiş şəxs əsassız şikayətini diqqətə alaraq güya onun Zauru döyməsi barədə nəticəyə gəlmiş və qəbul etdiyi cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarda da bunu qeyd etmişdir. Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Ülvi Nəzirlinin qəbul etdiyi 25 aprel 2022-ci il tarixli qərar əsasında isə Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X11 tərəfindən onun barəsində 11 may 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında isə Şəki ŞRPŞ-nin rəis müavini Vüqar Xəlilovun qəbul etdiyi 11 may 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat cərimə edilmişdir. O, Zərərçəkmiş şəxs vurmadığı, xəsarət yetirmədiyi halda onun inzibati məsuliyyətə cəlb edilməsinə dair qərarlar qəbul edildiyindən hazırkı şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətndə qalmışdır. Ona görə də, şikayətinin təmin edilərək Şəki şəhər-rayon Polis Şöbəsinin onun barəsində qəbul etdiyi 11 may 2022-ci il tarixli, MN-0842377 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs şikayət ərizəsinə etiraz edərək bildirmişdir ki, onun qayınatası tərəfindən döyülməsi ilə bağlı Şəki şəhər-rayon Polis Şöbəsində icraat başlanılmış və X5 İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmişdir. Onda olan və məhkəməyə təqdim etdiyi videogörüntüdəndə müəyyən olunur ki, Ramazanov Rafiq onun qolunu burur və başından vurur. Hətta onun burnundan qan axmışdır və bu da görüntüdən müəyyən olunur. Hesab edir ki, həmin qərar qanuni və əsaslıdır. Ona görə də, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs vəkili X16 şikayət ərizəsinə etiraz edərək, ərizənin təmin edilməməsini, X5 inzibati məsuliyyətə cəlb edilməsi barədə Şəki şəhər-rayon Polis Şöbəsinin 11 may 2022-ci il tarixli, MN ******* nömrəli qərarının qanuni hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə, işə Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Şəki şəhər-rayon X15 Bölməsinin təhqiqatçısı, Polis kapitanı X8 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 aprel 2022-ci il tarixli qərarının surətindən görünür ki, HK-1/350 nömrəli material üzrə X5 əməlində cinayət əməlinin tərkib əlamətləri yoxdur. Cinayət işinin başlanılması rədd edilmiş, X5 inzibati məsuliyyətə cəlb edilməsi Şəki ŞRPŞ-nin İTB-nə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin 11 may 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X7, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin 11 may 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X7, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələblərini pozduğundan 300 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, X3 şikayəti təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X4, 23 noyabr 2021-ci il tarixdə, saat 00:53 radələrində şəxsi münasibətlər zəminində kürəkəni Zərərçəkmiş şəxs sağlamlığına zərər vurmayan xəsarətlər yetirməklə onu döymüşdür. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, X7, qeyd edilən hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iclasında tədqiq edilmiş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla, həmçinin Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş video görüntülərdən müəyyən edilmişdir ki, X2 Zaur İlyas oğlunun qolunu burmaqla və başından vurmaqla inzibati xəta törətmişdir. Onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmaqla, onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə bilərək 300 manat məbləğində inzibati cərimə edilməsi barədə Şəki şəhər-rayon Polis Şöbəsinin inzibati tənbehvermə haqqında 11 may 2022-ci il tarixli, MN ******* nömrəli qərarı əsaslıdır. Ona görə də, X5 şikayət ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X5 Şəki şəhər-rayon Polis Şöbəsinin inzibati tənbehvermə haqqında 11 may 2022-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar