Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-211/2022 20.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin tələbini pozduğuna görə barəsində İXP-4118787 nömrəli inzibati xəta haqqında protokol üzrə cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan 3 (üç) aydan artıq müddətdə ödəmədiyinə görə onun barəsində protokol tərtib edilmişdir. Protokolu və əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən, müəyyən edildi ki, təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materiallar natamam olmuşdur. Aşağıdakılara görə məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə onun barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması barədə məlumat verilməmiş, protokol tərtib edilməzdən əvvəl dəvət edilməmişdir. Çünki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati xəta haqqında bildirşin göndərilməsi barədə hər hansı bir sənəd iş materialına əlavə edilməmişdir. Göründüyü kimi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən tərtib olunmuş 09.08.2021-ci il tarixli İXP ******* saylı və 22.02.2022-ci il tarixli İXP ******* saylı protokolların Şəxs çatdırılması barədə səlahiyyətli orqanın poçt bildirişi iş materialına əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, əgər barəsində inzibati icraat aparılan şəxs Şəxs qeyd edilən poçt bildirişi göndərilmiş olsa idi o həmin cərmə məbləğini ödəmiş olardı. Həmçinin iş materiallarında inzibati xəta haqqında işə aidiyyəti olmayan başqa şəxs yəni X1 barəsində İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş protokol da əlavə edilmişdir. İnzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi qaydası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 57-ci maddəsi ilə tənzimlənmişdir və həmin qaydalara əməl etməklə çatdırılmış sənəd rəsmi qaydada verilmiş sənəd hesab edilir. İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. İXM-nin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. İXM-nin 57.3-cü maddəsinə əsasən ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. İXM-nin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarından görünür ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3 may 2019-cu il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Protokolun məhkəməyə göndərilməsinə qədərki yol verilmiş yuxarıda sadalanan nöqsanları isə işin məhkəmə hazırlıq və ya baxışı mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Həmin pozuntuları işin məhkəmə mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalıdır. Qeyd edilənləri hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göründüyü kimi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyildir. İş materiallarını araşdıraraq belə qənaətə gəlirəm ki, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş material İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən onu tərtib etmiş orqana, yəni Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qaytarılmalıdır. Məhkəmə güman edir ki, iş materiallarında inzibati xəta haqqında işə aidiyyəti olmayan başqa şəxs, yəni X1 barəsində tərtib edilmiş protokol texniki yanlşlıqla Şəki rayon məhkəməsinə göndərilmişdir. Buna görə də Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə tövsiyyə edilir ki, Şəxs haqqında olan iş materiallarında olan qüsur aradan qaldırılarkən, X1 barəsində tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədləri aidiyyatı məhkəməyə göndərsin. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, Qərara aldım: Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş material onu tərtib etmiş orqana, yəni Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qaytarılsın. Hakim: Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-211/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-211/2022
20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver