Məhkəmə qərarları › İş №3(075)-212/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-212/2022

20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-212/2022 20.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1983-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs 24.03.2022-ci il tarixdə, saat təxminən 10:01 radələrində, “Vaz-21043” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki yolunun 146 km-də, V Tağım yol patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən saxlanılmışdır. Yoxlama zamanı vətəndaş Şəxs alkaqol maddə qəbulu nəticəsində sərxoş vəziyyətdə olduğu şübhə doğurmuşdur. Həkim müayinəsindən keçdikdən sonra vətəndaş Bəşirzadə Cavidan Mürsəl oğlunun yüngül dərəcəli sərxoşluğu müəyyən olunmuş, onun Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi təsdiqini tapmış və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki şəhər-rayon X6 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞ-nə məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, 24.03.2022-ci il tarixdə, saat təxminən 10:01 radələrində, “Vaz-21043” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki yolunun 146 km-də hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bu zaman polis əməkdaşı ondan sərxoş olub-olmamasını soruşmuş, o isə cavabında spirtli içki qəbul etmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşı ona alkotestr vasitəsi ilə yoxlanışdan keçməsini təklif etmiş, o da alkotestrə nəfəs vermişdir. Həmin zaman alkotestr normadan az göstərmişdir. Bildirmişdir ki, o, bir gün qabaq dostları ilə birlikdə təşkil edilən məclisdə 2 bakal pivə içmişdir. Həmin günü heç bir spirtli içki qəbul etməmişdir. Lakin alkotesterlə yoxlanılan zaman yüngül dərəcəli sərxoşluq aşkar edilmişdir. Həmçinin göstərmişdir ki, protokolda yazı ilə sərxoş vəziyyətdə avtomobili idarə etməsini qeyd etmişdir. Əməlindən peşmandır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan “Nəqliyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 24 mart 2022-ci il tarixli, 061 saylı aktdan görünür ki, Şəxs yüngül dərəcəli sərxoşluq aşkar edilmişdir. Həmin aktda alkotestrin göstəricisinin 0.4% pro.m sərxoşluq vəziyyətinin müəyyən edilməsi öz əksini tapır. İş materiallarında olan 14 yanvar 2022-ci il tarixli, iltizamdan görünür ki, X1 Cavidan Mürsəl oğluna məxsus “Vaz-21043'’ markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı ünvana kimi aparmağı öhdəsinə götürmüşdür. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələrinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə Şəxs qeyd olunan hərəkəti Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş material, onun məhkəməyə ünvanladığı ərizə və digər sənədlərlə təsdiq olundu. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib, İXM-nin 333.1-ci maddəsinin sanksiyası çərçivəsində 400 manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar