Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-22/2023 03.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X3 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə X3 İdarəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X3 İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə tərtib olunmuş inzibati protokol və toplanmış materiallar baxılması üçün Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında izahat verən barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş X3 İdarəsinin nümayəndəsi X4 bildirdi ki, sözügedən protokol tamamilə əsassızdır. Belə ki, nümayəndəsi olduğu X3 İdarəsinə qurumunun istifadəsində olan nəqliyyat vasitəsini idarə etmiş şəxs haqqında məlumatın verilməsi barədə sorğu daxil olmamışdır. Xəbərnamədə göstərilən imza Yusifova tərəfindən icra olunmamışdır. Həmin imza idarəyə daxil olan məktubların qəbul edilməsinə məsul ola biləcək şəxslərin siyahısında göstərilən X1 imzası ilə vizual baxışdada kəskin fərqlənir. Ona görə də, hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X7 Filialının poçtalyonu Şahid izahatında bildirmişdir ki, X3 İdarəsinə çatdırmaq üçün ona 13 dekabr 2022-ci il tarixdə ədəd məktub verilmişdir. Yolüstü Mədəniyyət İdarəsinə getmiş və məktubu Kəmalə xanıma çatdırması üçün idarənin mühafizəçisinə vermişdir. Zərfin üzərindəki xəbərnaməyə isə özü imza etmişdir. Ünvan sahiblərinə çatdırmaq üçün ona verilmiş digər məktublar qeydiyyata düşmüş, lakin X3 İdarəsinə ünvanlanmış hazırkı iş üzrə sözügedən məktub isə qeydiyyata düşməmişdir. İş materiallarına əlavə edilmiş 04 yanvar 2023-cü il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 İdarəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərədə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.2-ci maddəsinə əsasən hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar çıxarır. İnzibati tənbeh vermə haqqında qərar həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş halların baş verməsi sübuta yetirilmir. Belə ki, iş materiallarında hüquqi şəxs olan X3 İdarəsinə qurumun mülkiyyətində olan 55AA305 dövlət qeydiyyat nişanlı “KHAZAR-P” markalı avtomobili 01 oktyabr 2022-ci il tarixdə idarə edən sürücü haqqında məlumatların verilməsi barədə göndərilmiş sorğu Mədəniyyət İdarəsinə lazımi qaydada çatdırılmamışdır. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, sözügedən sorğu məktubunun X3 İdarəsinə çatdırılması barədə Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş xəbərnaməni poçtalyon Şahid imzalamışdır. Ona görə də məhkəmə belə hesab edir ki, X3 İdarəsinə ünvanlanmış sürücü haqqında məlumatların verilməsi barədə göndərişin ünvan sahibinə çatdırılması sübuta yetmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, X3 İdarəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X3 İdarəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-22/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-22/2023
03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver