Məhkəmə qərarları › İş №3(075)-221/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-221/2024

09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-221/2024 09.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki DYPB-nin Şəki rayonu YNH inspektoru polis kapitanı X1 tərəfindən tərtib olunmuş 02 mart 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verməmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş Şəxs MMC və Şəki ŞRPŞ məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 02 mart 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən İXM-nin 347-ci maddəsinin tələbləri pozulduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Şəki DYPB tərəfindən Şəxs MMC-yə ünvanlanmış xəbərdarlıqdan görünür ki, Şəxs MMC istifadəsində olan “Hunday Accent” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 10:29-da Nəsimi rayonu, Azadlıq prospektində İXM-nin 346.1-ci maddəsinin tələblərini pozaraq qayda pozuntusu törədilmişdir. İnzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barəsində məlumatın sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində verilməməsinə görə İXM-nin 347-ci maddəsində məsuliyyət nəzərdə tutulması bildirilmişdir. İşdə olan poçt xəbərnaməsindən görünür ki, Şəki DYPB tərəfindən Şəxs MMC-nə ünvanlanmış xəbərdarlığın 10 fevral 2024-cü il tarixdə İsmayılov soyadlı şəxsə təqdim edildiyi göstərilmişdir. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində aydın olmuşdur ki, Şəxs MMC istifadəsində olan “Hunday Accent” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 10:29-da Nəsimi rayonu, Azadlıq prospektində İXM-nin 346.1-ci maddəsinin tələblərini pozaraq qayda pozuntusu törədilmişdir. İnzibati xətanın törədilməsi zamanı avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatların 5 gün müddətində Şəki ŞRPŞ-yə göndərilməsi üçün xəbərdarlıq edilmişdir. Həmin xəbərdarlıq 28 fevral 2024-cü il tarixdə Şəki DYPB tərəfindən Şəxs MMC-yə göndərilmişdir. Lakin işdə olan poçt xəbərnaməsində qeyd edilən xəbərdarlığın 10 fevral 2024-cü il tarixdə İsmayılov soyadlı şəxs tərəfindən qəbul edildiyi göstərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş materiallarında Şəki DYPB tərəfindən Şəxs MMC-yə inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatın verilməsinə dair xəbərdarlığın göndərilməsi, eyni zamanda Şəxs MMC-yə həmin xəbərdarlığın çatdırılmasına dair hər hansı sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qanunvericiliyin tələblərindən göründüyü kimi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Lakin iş materialları ilə səlahiyyətli orqanın barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın verilməsinə dair sorğu göndərilməsi, eyni zamanda həmin sorğunun Şəxs MMC tərəfindən qəbul edilməsi öz təsdiqini tapmamışdır. Belə olan Şəxs MMC tərəfindən İXM-nin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar