Məhkəmə qərarları › İş №3(075)-225/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-225/2022

26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-225/2022 26.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə xx xxxx 1984-cü il tarixdə Mıxayılov rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki ŞRPŞdən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşdə olan Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş 26 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26 aprel 2022-ci il tarixdə, saat 10:30 radələrində Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş, onu nizam-intizama polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs 26 aprel 2022-ci il tarixdə, saat 10:30 radələrində Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş, onu nizam-intizama polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir və Şəxs barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, o, Şəki şəhərində yaşayır. 26 aprel 2022-ci il tarixdə idarə etdiyi BMW markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət etdiyi zaman Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində DYP əməkdaşı ona “saxla” işarəsi vermişdir. O da heç bir etiraz etmədən maşını saxlamışdır. DYP əməkdaşı maşını üzərində həbs olduğunu və avtomobilin duracağa yerləşdirilməli olduğunu bildirmişdir. O, da heç bir etiraz etməmişdir. Bundan sonra DYP əməkdaşı yanına əyləşmiş, duracağa sürməsini tələb etmişdir. O, da maşını duracağa sürmüşdür. Avtomobili təhvil verdikdən avtomobilin qapılarının nasaz olduğunu və kilitləmək mümkün olmayacağını bildirmişdir. Polis əməkdaşları ona polisə tabesizlik göstərdiyini bildirərək onu polis şöbəsinə dəvət etmişlər. O, da heç bir etiraz etmədən şöbəyə getmişdir. Orada sənədləşmə işləri aparılmış, barəsində protokol tərtib edilmişdir. Məhkəmə tərəfindən verilən suallara cavab olaraq bildirdi ki, o, hər hansı xuliqanlıq hərəkətlərinə yol verməmiş, həmçinin polis əməkdaşlarına tabesizlik etməmiş, heç bir nalayiq ifadə işlətməmiş, ictimai qaydanı pozmamışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Nümayəndə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X4 ifadəsində göstərdi ki, 26.04.2022-ci il tarixdə, saat 10:30 radələrində Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində Mercedes markalı, AZ **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilində polis baş serjantı Azər Quliyev və Vüsal Ölkəliyevlə birlikdə xidmətdə olduğu zaman BMW markalı, ağ rəngli, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobil təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəflərindən saxlama işarəsi verilmişdir. Sürücüyə yaxınlaşaraq özünmü təqdim etmiş, qayda pozuntusunu izah etdikdən sonra sənədlərini istədikdə həmin şəxs onlara qarşı kobud şəkildə sənədinin olmadığını demişdir. Onlar həmin sürücünün sənədlərini yoxladıqda avtomobildə ödənilməyən cərimələrin olduğunu və etibarnamənin olmadığını aşkar etmişdir. Avtomobil duracağa gətirilmişdir. Həmin vaxt avtomobildə olan zaman sürücü onlara münasibətdə nalayiq ifadələr işlətmişdir. Bundan sonra sürücü tərəflərindən polis şöbəsinə gətirilmiş, şöbədə həmin şəxsin Şəki şəhər sakini Şəxs olduğu aşkar olunmuşdur. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, həmin vaxt ətrafda hadisəyə şahid olan digər vətəndaşlar olmamışdır. Xidməti avtomobilin müvafiq cihazı nasaz olduğundan qeyd olunan hadisənin videogörüntüsünü təqdim edə bilmirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin DYPB-nin YPX-nin əməkdaşları X3 və X9 şahid X1 verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etdilər. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək, iş materiallarını araşdıraraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyərək iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 tərtib etdiyi inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilsə də, məhkəmə iclası zamanı tədqiq olunmuş sənədlərlə inzibati xətanın törədildiyi sübuta yetirilməmişdir. Belə ki, inzibati xəta hadisəsi 26 aprel 2022-ci il tarixdə, saat 10:30 radələrində Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində baş vermiş, həmin vaxt küçədə polis əməkdaşlarından başqa heç kəs olmamışdır. Məhkəmə iclasında dindirilən şahidlər də ətrafda səs-küyə yığılan vətəndaşlar olmadığını bildirmişlər. Odur ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan ictimai qaydanın pozulmasına səbəb olan xırda xuliqanlıq hərəkətlərinin törədilməsi məhkəmə iclasında bilavasitə təsdiq edilməmişdir. Bundan başqa inzibati xəta haqqında protokolda Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı göstərilsə də, protokolun məzmununda, inzibati xəta haqqında protokola əlavə edilmiş izahatlarda Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi hər hansı dəlillə sübuta yetirilməmişdir. Həmçinin, Şəxs tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Bundan başqa məhkəmə iclasında dindirilmiş şahidlər də Şəxs polisin hansı qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı heç bir fikir ifadə edə bilməmiş, bunu Şəxs demələrinə görə sənədləri təqdim etməməsi ilə əlaqələndirmişlər. Buna görə də Şəxs qeyd edilən hərəkətləri xırda xuliqanlıq və polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. Bundan başqa Şəxs özü tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Bütün qeyd edilənlər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsini istisna edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 tərtib etdiyi 26 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə əsasən Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən tərtib edilmiş 26 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar