Məhkəmə qərarları › İş №3(075)-228/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-228/2024

30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-228/2024 30.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Şəki ŞRPŞ-nin 13 noyabr 2023-cü il tarixli, MN-1331451 nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərarının ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qanunsuz tərtib olunmuş Şəki Şəhər-Rayon Polis Şöbəsinin MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərar qəbul edən şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli Şəki Şəhər- Rayon Polis Şöbəsinin MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarı ilə İXMnin 510-cu maddəsinə əsasən 50 manat cərimə olunmuşdur. Bu barədə xx.xx.2023-cü il tarixli ünvan 1 ünvanlarına poçt vasitəsilə göndərdiyi məktubu xx.xx.2023-cü il tarixdə aldıqdan sonra rəsmi məlumatları olmuşdur. Onun barəsində İXM-in 342.2.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə İXP ******* nömrəli qanunuz protokol tərtib olunmuşdur. Həmin vaxt X9 Bölməsinin **-YP-*** nömrəli YPX avtomobilində olub onları saxladıb, onlara hazırkı problemi əsassız yaradan Nurlan və Nihad adlı əməkdaşların qanunsuz da olsa göstərişlərinə əmək etmişlər. Sadəcə əsassız yazılmış protokola imza etməkdən imtina etmişlər. Ona görə də yol polisləri onlara qarşı qeyri-etik davranış tərzi göstərərək, zor tətbiq etməklə post patrulla polis şöbəsinə aparılmaqlarını təşkil etdilər. Polis Şöbəsində isə yol polislərinin qanunsuz əməllərini ört-basdır etmək üçün müxtəlif vasitələrdən istifadə etməklə çoxsaylı doldurulmamış protokol nümunələrinə imza atdırmağa çalışdılar. Ancaq nə qədər çalışsalar da, protokol nümunələrinin doldurulmaması, eyni zamanda onların qanunsuz şəkildə polis şöbəsinə gətirilməkləri və orada saxlanmalarına rəsmi sübut təqdim etmələri tələbləri qarşısında əlacsız qalıb imza atdırmağa nail ola bilmədilər. Onların tələbləri isə sənədlərinin tam qaydasında olduğu halda, eyni zamanda heç bir qanun pozuntusuna yol vermədikləri halda, şəxsi maraqları zəminindən qanunsuz yazılmış protokola rəsmi açıqlama vermələri və xx.xx.2023-cü il tarixdə saat 15:30-dan saat 17:00-dək olan müddət ərzində, yəni Babaratma kəndindən saxlama anlarından yol polisi bölməsinin qarşısından post patrulla polis şöbəsinə gətirildikləri anadək olan müddət ərzində **-YP-*** YPX avtomobilindəki və X5 kameraların video görüntülərinə baxışın təmin olunaraq, hər hansı bir qanun pozuntuları sübuta yetirilərsə, imza atardı. Tələbləri yerinə yetirilməsə də, hər hansı bir qanun pozuntusunu bizə sübuta yetirə bilmədiklərindən saat 22:00-da onları polis şöbəsindən buraxdılar. xx.xx.2023-cü il tarixdə mobil nömrəsinə zəng edərək Maqsud müəllim onları polis şöbəsinə dəvət etdi. Qəbulunda olarkən Maqsud müəllim zəng edərkən yol polislərinin onun yanında olduqlarını, onlara bir daha onlara qarşı belə hərəkətə yol verməsinlər tapşırığı verdiyini bildirdi. Onu da bildirdi ki, protokolu ləğv etdirəcək, avtomobili də gedib götürsün. Ancaq 102 xidmətinə etdiyi müraciəti geri götürməyini bildirdi. O isə bildirdi ki, ilk növbədə qanunsuz yazılmış protokol ya rəsmi əsaslandırılsın, ya ləğv edilsin. Eyni zamanda hər hansı bir qanun pozuntusu varsa, sübut təqdim etsinlər. Lakin heç nə təqdim etmədiklərindən qanunsuz yazılan protokolu ləğv etmədiklərindən qanunsuz saxladıqları onların iştirakları olmadan cərimə meydançasına qoyduqları avtomobillərini buraxmadıqlarından, keçən müddət ərzində ali dövlət orqanlarına çoxsaylı müraciət və teleqramları olmuşdur. Prezident Administrasiyasında qəbulda olmuş və bütün sənədləri təqdim etmişlər. Çoxsaylı müraciətləri olsa da, polis şöbəsinin rəisi onları qəbul etməmişdir. Şöbənin digər rəsmiləri bir neçə dəfə onları polis şöbəsinə dəvət edib və hər dəfə də müraciətini geri götürməsi tələbi irəli sürülüb. Qarşılığında avtomobillərinin buraxılması bildirilmişdir. Lakin heç bir əsas olmadan qanunsuz yazılmış protokolların ləğv olunmaması səbəbindən məsələ öz həllini tapmamışdır. Məhkəməyə müraciət üçün dəfələrlə rayon vəkillərindən qanuni hüquqi köməklik göstərmələrini xahiş etmişdir. Lakin hüquqi köməklik pullu xidmətdir təklifləri ilə razılaşsa da, nəticədə polislə bağlı şikayətlərə onlar hüquqi yardım göstərmirlər cavabı ilə üzləşmişlər. Həmin səbəbdən də müraciətini özü təmin etməyə çalışmışdır. xx.xx.2023-cü il tarixdə protokolların ləğv olunması ilə bağlı Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin 05 yanvar 2024-cü il tarixdə müraciətləri poçtla ev ünvanlarına geri qaytarılıb. Səbəb şikayət etmə müddətinin bitməsi göstərilib. Müraciətindən sonra məhkəmə rəsmilərinin tövsiyyəsi əsasında Şəki Şəhər- Rayon Polis Şöbəsinin rəisi cənab Elnur Həsənova ondan asılı olmayan səbəblərdən şikayət etmə müddətinin bitdiyi üçün, bu müddətin bərpa olunması xahişi ilə xx.xx.2024-cü il tarixdə rəsmi müraciət etmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq müraciəti cavablandırılmadı. 14 fevral 2024-cü il tarixdə Prezident Administrasiyasının göstərişi ilə araşdırma üçün rayona ezam olunmuş Daxili İşlər Nazirliyinin əməkdaşı, polkovnik leytenant Ceyhun Əliyev onları X7 dəvət etdi. Orada rayonun tanınmış ziyalıları, bəzi rəhbər şəxslər və rəhbər şəxslərin nümayəndələrinin iştirakı ilə geniş söhbətləri oldu. Yazılmış protokollarla bağlı heç bir qanuni rəsmi açıqlama verə bilməsə də, araşdırılmanın dayandırılması barədə rəhbərliyə müraciət ərizəsi yazması tələb olundu. O, isə bildirdi ki, onların heç bir qanun pozuntuları olmadığı, sənədlərinin qaydasında olub təqdim etdikləri halda, qarşı tərəfin əsassız, qanunsuz yazdığı protokollara xitam verilməyincə qanunsuz şəkildə 3 aydan artıq müddət ərzində cərimə meydançasında saxılanılan avtomobilləri buraxılmayınca, qanunsuz saxlanmasına baxmayaraq hər günə 5 manat ödəniş tələbi aradan qaldırılmayınca, heç bir müraciət yazmayacaqdır. Bundan sonra Ceyhun müəllim "mənim zəngimi gözlə" dedi. Sonradan müxtəlif şəxslərin də çoxsaylı müraciəti olsa da, tələbi ilə əlaqədar rəsmi sənədlər təqdim olunmadığı üçün şikayətini geri götürməmişdir. xx.xx.2024-cü il tarixdə heç yerə imza atmadan, heç bir ödəniş olmadan, heç bir tədbir görülməldən avtomobilləri buraxıldı. Rəhbərlik tərəfindən onlara bildirildi ki, heç bir ödənişə, heç bir tədbirə ehtiyac yoxdur. xx.xx.2024-cü il tarixdə əllərində olan sübutlarla yenidən protokolu ləğv barədə rayon məhkəməsinə rəsmi müraciət etmişlər. xx.xx.2024-cü il tarixdə mənə zəng olunaraq rayon məhkəməsinə dəvət olunmuşdur. Dəftərxanada onlara sənədə imza atıb müraciətlərini geri götürməkləri tövsiyyə olundu. Onlar bildirlər ki, rəsmi qaydada sənədlərini ev ünvanlarına poçtla göndərsinlər, o, heç yerə imza atmır, nə də sənəd qəbul etmir. Müraciətləri xx.xx.2024-cü il tarixli qərarla xx.xx.2024-cü il tarixdə poçtla ünvanlarına çatdırıldı. xx.xx.2024-cü il tarixdə yenidən Rayon Məhkəməsində olmuşlar. Səlahiyyətlilərlə söhbətləri oldu. Polis Şöbəsinin rəisinə müraciətləri olması, cavabsız qalması, keçən müddət ərzində ali dövlət orqanlarına çoxsaylı müraciət və teleqramları olduğu vəkil hüququndan istifadə edə bilmədikləri, qərardan şikayət etmə müddətini Şəki Şəhər-Rayon Polis Şöbəsinin müddət bitdikdən sonra qərarı onlara göndərməsi səbəbli olması, bunun onlardan asılı olmayan səbəblərdən olduğunu, Baş Prokurorluğun cavabını nəzərə almaları xahiş etmişlər. Bundan sonra onlara yenidən məhkəməyə hansı qaydada şikayət etmək barədə geniş izah verildi. Odur ki, barəsində qanunsuz tərtib olunmuş Şəki Şəhər-Rayon Polis Şöbəsinin MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, avtomobilə görə DYPB-nə getmişdilər. İnzibati xəta haqqında protokola imza atmadığı üçün PPX əmədaşları çağırdılar. Daha sonra onu və atasını polis şöbəsinə apardılar. Atası DİN 102 xidmətinə zəng vuraraq bu barədə şikayət etmişdir. Polis şöbəsində onlara emosiyaya qapılıb 102 xidmətinə zəng etmələri barədə ərizə yazmaqlarını bildirdilər. Lakin onlar ərizə yazmağa razılaşmadılar. Hesab edir ki, barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Şikayət ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 13 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 İXM-nin 510-cu maddəsinin tələblərini pozduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 13 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 İXM-nin 510-cu maddəsi ilə 50 manat məbləğdə inzibati cərimə edilmişdir. Məhkəmə şikayətçinin izahatını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin məcəllənin 134.1.3-cü naddəinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. Məhkəmə iclasında müəyyən edildi ki, 13 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X3 xx.xx.2023-cü il tarixdə ucadan səs-küy salaraq ictimai qaydaları pozması göstərilsə də, iş materialları ilə bu hal öz təsdiqi tapmamışdır. Göründüyü kimi məhkəmə iclasında ərizəçi inzibati tənbeh vermə haqqında qərarla razılaşmayaraq qərarda göstərilən xüsusatları inkar etmişdir. Həmçinin inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Şəki ŞRPŞ X3 xx.xx.2023-cü il tarixdə ucadan səs-küy salaraq ictimai qaydaları pozmasına hər hansı dəlilli sübutu, hər hansı videogörüntünü məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iş materialları ilə X4 tərəfindən xx.xx.2023-cü il tarixdə ucadan səs-küy salaraq ictimai qaydaları pozması öz təsdiqini tapmadığından X3 əməlində İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri yoxdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 barəsində qəbul edilmiş 13 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh verilməsi haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şikayət təmin edilsin. X3 barəsində qəbul edilmiş 13 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh verilməsi haqqında qərar ləğv edilsin iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar