Məhkəmə qərarları › İş №3(075)-23/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-23/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-23/2024 29.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul edilən şəxs X6, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, X6 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində qəbul edilmiş 27 may 2022-ci il tarixli, MN 1120349nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 27 may 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X10 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə doğulduğu Şəki rayonu, Babaratma kəndinin yaxınlığında yerləşən “yoğun arx” adlanan yerdə, suyun qırağında dayanmışdır. Təqribən saat 13 radələrində iki nəfər polis əməkdaşı maşınları ilə yolu keçərkən ona yaxınlaşıb qanunsuz balıq tutmasını bildirib onu polis şöbəsinə aparmışlar. Şöbədə ona hədə qorxu gəlib dediklərini yazmasını və yazdıqlarının əsasında heç bir məsuliyyətə cəlb olunmayacağını bildirərək boş sənədə imza etdirmişlər. Bundan sonra barəsində 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 27 may 2022-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edilərərk İnzibati Xətalar Məcəlləsinin 273.2-ci maddəsi ilə cərimə edilmişdir. Odur ki, göstərilən qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında izahat verən X1 ərizəni müdafiə edərək əlavə olaraq bildirdi ki, Şəki rayonu, Babaratma kəndinin yaxınlığında yerləşən “yoğun arx” adlanan yerdə torla deyil tilovla balıq tutmuşdur. Barəsində 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 27 may 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan da uzun müddət məlumatı olmamışdır. Odur ki, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 bildirmişdir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilən şəxs X3 rayonu, Babaratma kəndinin yaxınlığında yerləşən “yoğun arx” adlanan yerdə torla qanunsuz olaraq balıq tutduğundan barəsində polis şöbəsinin əməkdaşları tərəfindən protokol tərtib edilərək 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Tacı Həmidovun barəsində olan iş materiallarından da görünür ki, o, İnzibati Xətalar Məcəlləsinin 273.2-ci maddəsinin tələblərini pozduğundan 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən zəruriliyi nəzərə alınaraq 25 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın, həmçinin həmin qərarın qəbul olunmasına əsas olmuş sənədlər 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsidən tələb olunaraq araşdırılmışdır. İş materiallarında olan Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi polis leytenantı X4 tərtib etdiyi 06 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X10 Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 27 may 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan X10 tərəfindən Şəki ŞRPŞ-də yazılmış 06 may 2022-ci il tarixli izahatdan görünür ki, X3 rayonu, Qaradağlı kəndində yerləşən “yoğun arx” adlanan yerdə 80 sm uzunluğunda 509 sm enində olan torla balıq tutmaq üçün istifadə etmişdir. İş materiallarında olan X7 tərəfindən Şəki ŞRPŞ-də yazılmış 06 may 2022-ci il tarixli izahatdan görünür ki, o, Şəki rayonu, Qaradağlı kəndində yerləşən “yoğun arx” adlanan yerdə tilovla balıq tutmuşdur. Lakin atası X10 yolun sol kənarında tordan istifadə etməklə balıq tutmuşdur. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. X1 şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə icraatı zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarından göründüyü kimi X3 rayonu, Qaradağlı kəndində yerləşən “yoğun arx” adlanan yerdə 80 sm uzunluğunda 509 sm enində olan torla balıq tutmaq üçün istifadə etmişdir. Bu hal X10 və onun oğlu X8 tərəfindən Şəki ŞRPŞ-də yazdıqları izahatlarda da öz əksini tapır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.23cü bəndinə əsasən həmin Məcəllənin 272-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır; Qanunvericiliyin qeyd edilən normalarının məzmunundan aydın olur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər Balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması olduqda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılır. Qeyd olunanlara əsasən məhkəmə Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi polis leytenantı X4 06 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 27 may 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını qanuni və əsaslı sayır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X6 şikayət ərizəsi iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci mаddəsinə əsasən inzibаti xətа hаqqındа iş üzrə qərаrdаn verilən şikаyət və yа prоtest bаxıldıqdа, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərаr qəbul edilir. Beləliklə məhkəmə, X1nun şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X6 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 27 may 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar