Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-24/2025 28.01.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 11 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin tətbiq edilməsi haqqında qərarından verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Azərbaycan Respublikası Kostitusiyasının 64-cü və İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsini pozaraq ona tətbiq etdiyi cərimənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Qax Rayon Prokurorluğunun “inzibati xəta haqqında icraatın başlanması” barədə xx.xx.2024-cü il tarixli qərarı ilə onun təsisçisi və direktoru olduğu "xxxx" MMC barəsində inzibati icraat başlanmış, Qax Rayon Məhkəməsinin 3(024)-298/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC X3 215.1-ci maddəsi ilə təqsirli bilinərək 6000 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Kostitusiyasının 64-cü və İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsini nəzərə almadan Qax Rayon Prokurorluğunun eyni qərarı ilə Qax Rayon Məhkəməsində X3 eyni 215.1-ci maddəsi ilə "xxxx" MMC-yə qarşı 6000 manat məbləğində inzibati cərimənin tətbiq edilməsinə baxmayaraq qəbul etdiyi qərarla, eyni inzibati xətaya görə şəxsi ikinci dəfə cəzalandırmışdır. O, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Azərbaycan Respublikası Kostitusiyasının 64-cü və İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsini pozaraq ona tətbiq etdiyi cərimənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında qərardan şikayət vermiş X4 və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə inzibati xəta haqqında qərardan şikayət vermiş X1 və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən zəruriliyi nəzərə alınaraq 11 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın, həmçinin həmin qərarın qəbul olunmasına əsas olmuş sənədlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən tələb olunaraq araşdırılmışdır. İş materiallarında olmaqla məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nazir müavini X2 tərtib etdiyi 11 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, vətəndaş X4 Azərbaycan Respublikasının İXM-nin 215.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 manat cərimə edilmişdir. Qax Rayon Məhkəməsinin 3(024)-298/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 6000 (altı min) manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilər. Bir xətaya görə iki subyektin, yəni həm hüquqi şəxsin, həm də onun vəzifəli şəxsinin məsuliyyətə cəlb edilməsi ondan irəli gəlir ki, inzibati xətanı törətmiş vəzifəli şəxs hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün və məhz onun nəzarətsizliyi nəticəsində hüquqazidd hərəkət (hərəkətsizlik) edir. Bu zaman öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən, yəni İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə nəzərdə tutulan vəzifəli şəxslə Məcəllənin 18.2-ci maddəsi ilə müəyyən edilən, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan şəxsin eyni şəxs (fərd) olması müstəqil hüquqi məna kəsb etmir. Belə ki, faktiki məzmun baxımından hər iki subyektin törətdiyi inzibati xətanın eyni xəta olmasına baxmayaraq, onların inzibati xətaya görə məsuliyyətə cəlb edilməsinin əsasları fərqlidir. İş materiallarından, eləcə də Qax Rayon Məhkəməsinin 3(024)-298/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından göründüyü kimi X4 direktoru olduğu "xxxx" MMC Müalicə Mərkəzi adlı özəl tibb müəssisəsinin tibbi fəaliyyətlə məşğul olmasından ötrü lisenziyasının olduğunu, lakin lisenziya şərtlərində klinikanın rentgen fəaliyyəti ilə məşğul olmasının nəzərdə tutulmadığını, "xxxx" MMC-də həkim radioloq işləyən İ.N.İsmayılovun Z.İ.Əkbərova və N.Ş.Məmmədova adlı şəxsləri roentgen müayinəsindən keçirdiyini etiraf etmiş, inkar etməmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, direktoru olduğu "xxxx" MMC Qax Rayon Məhkəməsinin 3(024)-298/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 6000 (altı min) manat məbləğində cərimə edildiyindən onun yenidən həmin maddə ilə təqsirli bilinərək 800 manat cərimə edilməsi Azərbaycan Respublikası Kostitusiyasının 64-cü və İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarından da göründüyü kimi hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, ərizə əsaslı deyil. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə -fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X4 şikayət ərizəsi iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci mаddəsinə əsasən inzibаti xətа hаqqındа iş üzrə qərаrdаn verilən şikаyət və yа prоtest bаxıldıqdа, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərаr qəbul edilir. Beləliklə məhkəmə, şikayətçi X1 şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 11 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin tətbiq edilməsi haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №3(075)-24/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-24/2025
28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver