Məhkəmə qərarları › İş №3(075)-240/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-240/2025

22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-240/2025 22.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlunun, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, 23 avqust 1990-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlu tərəfindən tərtib edilmiş 22 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 574/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirilmədiyindən borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlu inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 574/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 1535 manat borc alınaraq X1 xeyrinə ödənilməlidir. İcra sənədləri üzrə xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmış və tələbin könüllü icrası ilə birlikdə borclunun ünvanına göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməmişdir. Eyni zamanda borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmişdir. Lakin borclunun adına heç bir pul vəsaiti və əmlak aşkar edilməmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq borcludan xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə izahatı alınmışdır. Borclu əvvəlcə izahatında borcundan hər ay tələbkarın xeyrinə 150 manat ödəyə biləcəyini, sonrakı izahatında isə 2025-ci ilin yanvar ayının sonunadək borcunu bağlaya biləcəyini bildirşmişdir. Lakin, borclu tərəfindən indiyədək keçən müddət ərzində tələbkar Nicat Əliyevin xeyrinə 2025-ci ilin yanvar ayında cəmi 200 manat ödənmişdir. Bundan sonra borcluya dəfələrələ rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu Şəxs sonuncu dəfə xx.xx.2025-ci ildə xəbərdarlıq olunaraq Şəki rayonu üzrə İcra və Probasıya Şöbəsinə çağrılsa da buna əməl etməmişdir. Ona görə də borclu barəsində xx.xx.2025-ci il tarixində "borclunun məcburi gətirilməsi" barədə qərar qəbul olunaraq ünvanına göndərilmiş və borcludan Şəki rayonu üzrə İcra və Probasıya Şöbəsinə gəlməyi tələb olunmuşdur. Lakin, borclu xx.xx.2025-ci il tarixində bu barədə məktubu almağına baxmayaraq icra məmurunun qanuni tələbini bir daha yerinə yetirməmişdir. Tərəflərindən borclunun məcburi gətirilməsi barədə Şəki Rayon Məhkəməsinə təqdimat göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 8(075)-105/2025 sayl, xx.xx.2025-ci il tarixli qərardadı ilə borclunun Şəki rayonu üzrə İcra və Probasıya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Tərəfimizdən qərar icra olunması üçün Şəki Şəhər-Rayon Polis Şöbəsinə göndərilmişdir. Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən borclu xx.xx.2025-ci il tarixində saat 15:00-da Şəki rayonu üzrə icra və Probasıya Şöbəsinə təhvil verilmişdir. İcra sənədlərinin icrası ilə əlaqədar olaraq borclunun izahatı alınmışdır. Borclu imkanı olmadığı üçün borclarını indiyədək keçən müddətdə ödəyə bilmədiyini və izahatda dediklərinə əməl edə bilmədiyini bildirmişdir. Borclunun izahatından onun indiyədək keçən müddətdə gəlir əldə etdiyi, lakin borcundan ödəniş etmədiyi müəyyən edilmişdir. Borclu izahatında borcunu 2025-ci ilin iyun ayının sonunadək bağlaya biləcəyini bildirmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs bu gün saat 15:00-da polis əməkdaşları tərəfindən şöbəyə gəlmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, icra sənədlərində göstərilən borcundan 200 manat məbləğdə ödəniş etmişdir. Sonradan 100 manat məbləğdə ödəniş etmək istəyib, lakin tələbkar razılaşmamışdır. İcra sənədlərində göstərilən borcunu tam olaraq ödəməyə maddi imkanı yoxdur. Dekor işləri düzəltməklə maddi qazanc əldə edir. Vaxt verilsə, borcunu ödəyəcəkdir. Himayəsində iki azyaşlı uşağı, xəstə anası vardır. Bu gün saat 15:00-da İcra şöbəsinə gətirilmişdir. X3 Vəkil Bürosunun vəkili X4 izahatında Şəxs əməlində hər hansı qərəz olmadığını, həmçinin Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirdi ki, borclu qərəzli olaraq icra sənədlərinin icrasından yayınır. Borcdan 200 manat məbləğdə ödəniş etmiş, sonradan ödəniş etməmişdir. Borcludan şikayətçidir. Barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Borclu tərəfindən icra sənədlərində göstərilən borcdan ödəniş edilməmiş, icra sənədləri tam olaraq icra edilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 22 aprel 2025-ci il tarixdə, saat 15:00-da polis əməkdaşları tərəfindən saxlanılaraq Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 18:00-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 22 aprel 2025-ci il tarixdən, saat 15:00-dan məhdudlaşdırıldığından, Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan, yəni 22 aprel 2025-ci il tarixdən, saat 15:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 22 aprel 2025-ci il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar