Məhkəmə qərarları › İş №3(075)-241/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-241/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-241/2025 11.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 iştirakı ilə, X3 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 27142844 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 şikayət ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş EQ 27142844 nömrəli, 05 aprel 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin cərimə məbləği onun üzərindən götürülməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o özünə məxsus **-CE-*** dövlət nömrə nişanlı, “MAN TGA 18410” yak markalı, standart 5 oxlu, tutumu 40 ton olan, yükünü özüboşaldan avtomobillə X8 ümumi çəkisi 39120 kq qum yükləyərək (tərəzidən verilmiş talonun surətini əlavə edir) Şəki şəhəri istiqamətində geriyə qayıtmışdır. Evə qayıtdıqdan sonra onun mobil telefonuna elektron cərimə protokolu daxil olmuşdur. Həmin protokola görə ona məxsus **- CE-*** dövlət nömrə nişanlı, “MAN TGA 18410” yak markalı avtomobilə Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsinə görə 600 (altı yüz) azn cərimə tətbiq olunmuşdur. Buna səbəb kimi avtomobildə yükün 42990 kiloqram olduğu göstərilmişdir. Karyerdən yüklənmiş qum elə bir yükdür ki, Yevlax-Şəki arasında 100 km-lik məsafədə qumun tərkibindəki su süzülərək əslində çəki azalmalıdır. Necə ola bilər ki, qumun çəkisi azalmaq əvəzinə artaraq 42.990 tondan yuxarı olmuşdur?. Ya Yevlax qum karyerindəki tərəzi, ya da Şəkinin girəcəyindəki təzə quraşdırılmış elektron tərəzi səhv çəkir. Hər iki halda yaranmış olan uyğunsuzluqda onun vətəndaş olaraq heç bir məsuliyyəti yoxdur. Həmçinin, Yevlax qum karyerinin satış bazası olması və qumun artıq yüklənməsinin sahibkar olaraq karyer sahibinə zərər olması diqqətə alınmaqla, Yevlax qum karyerindəki tərəzinin daha dəqiq olması məntiqlidir. Halbuki, o həmin protokolda nəzərdə tutulmuş xətanı törətməmişdir. Halbuki, onun inzibati xəta törətmədiyini o sübut etməyə borclu deyil, əksinə, onun inzibati xəta törətdiyini protokol tərtib edən vəzifəli şəxs sübut etməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs şikayət ərizəsinə uyğun izahat vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27142844 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə sertifikatın surətindən görünür ki, sınaqların müsbət nəticələri əsasında “Kistler İnstrumente AG”, İsveçrə “9835A” hərəkət halında çəki ölçmə nəzarət sistemi tipi təsdiq edilmiş, dövlət reyestrində 6520-2024 nömrə ilə qeydiyyata alınmış və Azərbaycan Respublikası tətbiq edilməsinə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan X2 X9 vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin surətindən görünür ki, bütün ölçmələr “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin milli etalonları ilə reallaşdırılan Beynəlxalq Sistemin (Sİ) uyğun vahidləri ilə izlənilir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. X1 şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətinə əlavə etməmiş və o, məhkəmə icraatı zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 353.2.-ci maddəsinə əsasən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2.-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 idarə etdiyi “MAN TGA 18410” yak markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmamasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bunun əksi olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 qeyd olunan xətanı törətməsi iş materialları ilə müəyyən olunmuş, inzibati xətanı qeydə alan elektron tərəzinin nasaz olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1nun şikayəti iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar sübutlarla öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə, X1nun şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Məhkəmə X4 Azərbaycan Respublikası İXM-nin 329.3.-cü maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 27142844 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar