Məhkəmə qərarları › İş №3(075)-243/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-243/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-243/2025 06.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğu cinayət təqibindən kənar icraatlar idarəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğu cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək, material ilə birlikdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Monitorinq idarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Kiş çayının Şəki rayonundan keçən hissəsinin sol sahilində fəaliyyət göstərən Şəxs QSC-yə məxsus karxanada aparılmış monitorinq nəticəsində ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlmatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Şəxs QSC-nin vəkili Vəkil Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən icraatın düzgün başlanılmadığını, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Monitorinq idarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktda X2 icarədar kimi göstərildiyini, onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini, cərimə olunduğunu və cəriməni onun tərəfindən ödənildiyini, X3 ilə Şəxs QSC arasında əmək müqaviləsinin bağlandığını, lakin X3 ilə hər hansı icarə müqaviləsinin olub-olmamasından məlumatının olmadığını, bir inzibati xətaya görə iki şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin qanunvericiliklə qadağan edildiyini bildirərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - xx.xx.2024-cü il tarixli, 002080 saylı aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə Kiş çayının Şəki rayonundan keçən hissəsinin sol sahilində fəaliyyət göstərən Şəxs QSC-yə məxsus karxanada aparılmış monitorinq nəticəsində ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olduğu müəyyən edilmişdir. - xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Şəki rayonu, Kiş çayının sol sahilində fəaliyyət göstərən Şəxs (Əfqan) QSC-yə məxsus qum-çınqıl karxanası fəliyyəti zamanı atmosferə atılan tullantıların miqdarı normadan artıq olmuşdur. X1 İXM-nin 233.1-ci maddəsinə əsasən 2500 manat miqdarında inzibati cərimə edilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, X3 tərəfindən 7 saylı Regional ETSİ-nə 2500 manat ödəniş edilmişdir. - Şəxs QSC ilə X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, X3 Şəxs QSC-də mexanik operator vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Monitorinq idarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli 3-14-25/2-201/2025 saylı məktubda qeyd edilmişdir ki, Şəxs QSC ("xxxx" QSC) və X4 arasında bağlanmış hər hansı icarə müqaviləsi haqqında məlumat X5 Monitorinq İdarəsində mövcud deyildir. Bununla bağlı müvafiq məlumatın əldə edilməsi üçün 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət olunması məqsədəmüvafiq hesab edilmişdir. Sözügedən müəssisədə aparılan monitorinq zamanı Orxan Musayev onlara şifahi olaraq icarədar olduğunu bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. “Ətraf mühitin mühafizəsi haqqında” AR Qanunun 41-ci maddəsinə görə müəssisələrin, qurğuların və başqa obyektlərin istismarı ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilir. Son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin edilməyən, təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadıqda müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsi qadağan edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs QSC barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs QSC tərəfindən xx.xx.2024-cü il tarixdə Kiş çayının Şəki rayonundan keçən hissəsinin sol sahilində fəaliyyət göstərən Şəxs QSC-nə məxsus karxanada aparılmış monitorinq nəticəsində ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına yol verilmişdir. Bununla da, Şəxs QSC hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs QSC-nin vəkili Vəkil X2 eyni inzibati xətaya görə bir dəfə tənbeh edilməsi barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, İXM-nin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kimin iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməyəcəyi göstərilmişdir. X2 yanlış olsa belə inzibati məsuliyyətə cəlb edilməsi hüquqi şəxs Şəxs QSC-nin inzibati məsuliyyətə cəlb edilməsini istisna etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq məhkmə qərara aldı : Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10500 (on min beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar