Məhkəmə qərarları › İş №3(075)-252/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-252/2021

08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-252/2021 08.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, X1, inzibati tənbeh vermə haqqında qərarından şikayət verilmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜB inspektoru, polis kapitanı X5 iştirakları ilə X1 Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜB inspektoru, polis kapitanı X8 tərəfindən barəsində tərtib edilmiş 11 fevral 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 05 aprel 2021-ci il tarixli, İQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 ərizə ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş 05 aprel 2021-ci il tarixli, İQ seriyalı, ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, o, 11 fevral 2021-ci il tarixdə, saat 15:00 radələrində Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti ilə hərəkət edən zaman X12 Teatrının yaxınlığındakı Mikayıl Müşfiq küçəsi ilə kəsişmədəki yolayrıcından Mikayıl Müşfiq küçəsinə dönərkən YPX inspektoru tərəfindən saxlanılmış və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin İ bəndinin tələblərini pozmağı əsas gətirilməklə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyi barədə protokol tərtib edilmişdir. Hesab edir ki, barəsində tərtib edilən protokol düzgün tərtib olunmadığından, protokolda inzibati xətanın törədildiyi yer göstərilmədiyindən və həmin protokol əsasında qərar vəzifəli şəxs tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla qəbul edildiyindən həmin qərar ləğv edilməli və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer göstərilməməklə Şəki şəhəri 20 yanvar küçəsində tərtib olunduğu göstərilmiş və beləliklə də, inzibati xəta haqqında protokol barədə qanunvericiliyin tələbləri pozulmuşdur. Hazırkı iş üzrə inzibati xəta tərkibinin yaranması bilavasitə tərəfindən avtomobil idarə edilərkən edilən manevrin həqiqətən həmin yerdə inzibati xəta kimi qiymətləndirilib-qiymətləndirilməməsi ilə bağlı olduğundan protokolda xətanın törədildiyi yerin göstərilməməsi kobud qanun pozuntusu kimi qiymətləndirilməlidir. YPX inspektorunun protokolda göstərdiyi yolayrıcını keçmə qaydasını pozmaqla İXM-nin 327.2-ci maddəsində göstərilən inzibati xətanı törətməyi barədə iddiası əsassızdır. Belə ki, o, avtomobili idarə edərkən M.Ə.Rəsulzadə prospektindən M.Müşfiq küçəsinə dönən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə uyğun olaraq qarşıdan gələrək sağa dönən avtomobillərə yol verdikdən sonra həmin istiqamətə dönmə əməliyyatını icra etmiş və həmin istiqamətdə hərəkət üstünlüyü olan avtomobillərə heç bir maneə yaratmamışdır. 05 aprel 2021-ci il tarixli, İQ ******* saylı qərar qəbul edilərkən dəvət olunmamış və iştirakı təmin edilməmiş, barəsində 60 manat cərimə olunmağı barədə qərar qəbul edildiyi və qərarın ünvanına göndəriləcəyi bildirilmişdir. Qərar ünvanına gəlmədiyindən o, şəxsən 22 aprel 2021-ci il tarixdə Şəki ŞRPŞ-nin DYP bölməsinə müraciət etdikdən sonra onun yanında qərar yazılaraq ona imza etdirilməklə verilmişdir. Qərarın verilmə vaxtının düzgün göstərilmədiyi səbəbindən qərardan şikayət vermək hüququnun pozulduğu bildirildikdən sonra qərarı yazmış şəxs tərəfindən qərarda 05 aprel 2021-ci il tarixi 22 aprel 2021-ci il tarixinə düzəliş edilmişdir. Göründüyü kimi inzibati xəta haqqında işə baxılarkən iştirakı təmin edilməmiş və qərar ona göndərilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərar qanunvericilikdə nəzərdə tutulan müddət pozulmaqla qəbul edilmişdir. Belə ki, 11 fevral 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 05 aprel 2021-ci il tarixli, İQ ******* saylı qərar qanunvericilikdə nəzərdə tutulan müddət pozulmaqla qəbul edilmişdir. Belə ki, 11 fevral 2021-ci il tarixdə tərtib edilmiş protokol əsasında inzibati tənbeh vermə haqqında qərar 53 gün sonra qəbul edilməklə qanunvericilyin tələbləri növbəti dəfə pozulmuşdur. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən X2 ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜB inspektoru, polis kapitanı X8 göstərdi ki, Şəki ŞRPŞ-nin DYPB-nin YPX baş inspektoru, polis leytenantı X9 11 fevral 2021-ci il tarixdə, saat 15:00 radələrində Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti ilə Mikayıl Müşfiq küçəsinin kəsişməsində xidmətdə olarkən «Mercedes Benz 180» markalı, **-CT-*** dövlət nömrə nişanlı minik avtomobilinin yolayrıcını keçmə qaydalarını pozmaqla hərəkətini davam etdirdiyini və digər avtomobillər üçün real təhlükə yaratdığını müşahidə etmişdir. YPX əməkdaşı həmin qanun pozuntusunu aşkar etdikdən sonra «Mercedes Benz 180» markalı, **-CT-*** dövlət nömrə nişanlı minik avtomobilini saxlatmış və törədilmiş qanun pozuntusunu ona izah etmişdir. Avtomobilin sürücüsü X4 heç bir qanun pozuntusuna yol vermədiyini bildirmiş və məsuliyyətdən yayınmağa çalışmışdır. Daha sonra həmin şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 11 fevral 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. İnzibati xəta törədən inzibati xəta hadisəsi ilə razılaşmadığından sonuncunun həmin protokoldan şikayət vermə müddəti gözlənilmişdir. İnzibati xəta törədən X4 inzibati xəta haqqında protokoldan şikayət verməyindən onun barəsində tərəfindən 05 aprel 2021-ci il tarixli, İQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərarın surəti inzibati xəta törədən şəxsin qeydiyyat ünvanına göndərilmiş, lakin inzibati xəta törədən qeydiyyat ünvanı üzrə yaşamadığından qərarın surətinin ona çatdırılması mümkün olmamışdır. Bundan sonra inzibati xəta törədən şəxsin istifadəsində olan mobil telefon vasitəsilə əlaqə saxlanılaraq şöbəyə dəvət edilmiş, qərarın surəti 22 aprel 2021-ci il tarixdə şəxsən təqdim edilmiş, ona qərardan şikayət vermə müddəti izah edilmişdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, inzibati xəta haqqında protokol elektron sistemə daxil edilərkən hadisənin baş verdiyi yer deyil, inzibati xəta törədənin saxlanılaraq protokolun tərtib edildiyi yer göstərilir. Göstərilənləri nəzərə alaraq məhkəmədən ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını tədqiq edərək onlara birlikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin DYPB-nin YPX baş inspektoru, polis leytenantı X9 tərəfindən tərtib edilmiş 11 fevral 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokoldan görünür ki, X4 11 fevral 2021-ci il tarixdə, saat 15:06 radələrində, Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜB inspektoru, polis kapitanı X8 tərəfindən tərtib edilmiş 05 aprel 2021-ci il tarixli, İQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsini pozduğuna görə 60 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən X3 qeyd olunan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. «Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu»nun 76-cı maddəsinin İ bənsinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş yol patrul xidmətinin xidməti avtomobilində qeydə alınmış video görüntüdən görünür ki, Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti ilə Mikayıl Müşfiq küçəsinin kəsişməsində yolayırıcında svetoforun yaşıl işığı yanmış, yolayırıcında olan avtomobillər hərəkətə başladıqdan sonra sola hərəkətdə olan «Mercedes Benz 180» markalı, **-CT-*** dövlət nömrə nişanlı minik avtomobili qarşıdan sağa gedən avtomobillərə yol verməli olmasına baxmayaraq buna məhəl qoymamış, hərəkətini davam etdirmiş və yolayırıcında sağa gedən digər avtomobillər üçün təhlükə yaratmışdır. X2 məhkəməyə təqdim etdiyi ərizəsində 11 fevral 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 05 aprel 2021-ci il tarixli, İQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın tərtib edilməsinə yetərli əsas və sübutun olmadığını bildirməsi, qeyd olunan vaxt yolayrıcını keçmə qaydalarını pozmadan hərəkətini davam etdirməsi ilə bağlı ərizəsi işə əlavə edilmiş materiallarla öz təsdiqini tapmır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən və video görüntüdən qeyd olunan tarixdə X3 idarə etdiyi avtomobilin yolayrıcını keçmə qaydalarını pozmaqla hərəkətini davam etdirməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozması öz təsdiqini tapır. Məhkəmə tərəfindən ərizəçinin qeyd olunan protokolun və qərarın qanunsuz və əsassız olması qeyd etməsi özünü müdafiə kimi qiymətləndirilir. Bundan başqa ərizədə göstərilənlər protokolun və onun əsasında qəbul edilmiş qərarın ləğvi üçün əsas deyildir. X1 şikayət ərizəsində qeyd etdiyi barəsində tərtib edilmiş 11 fevral 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 05 aprel 2021-ci il tarixli, İQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olması ilə bağlı müddəalar öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, X3 barəsində tərtib edilmiş 11 fevral 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 05 aprel 2021-ci il tarixli, İQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi ilə bağlı ərizəsi təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-52, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində tərtib edilmiş 11 fevral 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 05 aprel 2021-ci il tarixli, İQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi ilə bağlı ərizəsi təmin olunmasın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar