Məhkəmə qərarları › İş №3(075)-257/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-257/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-257/2025 08.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Şəki rayonunda, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, evli, orta təhsilli, işləməyən, Şəki rayonu, Çeşməli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 329.3 və 334.1-ci maddələri ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu YPX inspektoru, polis baş serjantı X2 tərəfindən tərtib edilmiş 21 aprel 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən 21 aprel 2025-ci il tarixdə, saat 23:43 radələrində İXM-nin 327.1, 329.3 və 334.1-ci maddələrinin tələbləri pozulmuşdur. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki şəhər-rayon X3 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokol tərtib edən şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu YPX inspektoru, polis baş serjantı X2 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 23:43 radələrində xidmətdə olduqları müddətdə “Mercedes Benz c200” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili saxlatmışdır. Sürücüyə özünü təqdim edib yoxlayan zaman, həmin avtomobilinin sürücüsündən kəskin spirt qoxusu gəlmişdir. Həmin avtomobilin sürücüsü özü də spirtli içki qəbul etdiyini etiraf etmişdir. Bu səbəbdən sürücü həkim müayinəsinə aparılmışdır. Həkim komissiyası tərəfindən yoxlanılan zaman sürücünün spirtli içki qəbulu nəticəsində sərxoş olması müəyyən olunmuşdur. Bildirmişdir ki, “Mercedes Benz c200” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü avtomobili ləziz restoranının qabağında fırladıb sürərək qaydaları pozmuşdur. Onlar həmin əraziyə yaxınlaşdıqda, həmin avtomobilin yol kənarında dayandığını görmüşlər. O, həmin yerdə düşmüş, digər polis əməkdaşı YPX avtomobilini sürüb yanacaq doldurma məntəqəsinin yazınlığında saxlamışdır. Sonradan həmin avtomobilin sürücüsü yenidən avtomobili idarə edib həmin yerə qayıtmış, avtomobili əyləc vasitəsilə fırlatmışdır. O, avtomobilin sürücüsünü yanına çağırıb, içkili olub-olmadığını soruşduqda, spirtli içki qəbul etməsini etiraf etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sürücülük vəsiqəsi olsa da, sürücülük hüququ məhdudlaşdırılmışdır. Bu səbəbdən Şəxs barəsində İXM-nin 327.1, 329.3 və 334.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə, axşam saatlarında ona məxsus “Mercedes Benz c200” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili kənarda saxlamışdır. Avtomobili idarə etməmişdir. Polis əməkdaşı onu yanına çağıraraq spirtli içki qəbul edib-etməməsini soruşmuşdur. O, polis əməkdaşına spirtli içki qəbul etdiyini bildirmişdir. Bundan sonra başa bir YPX əməkdaşı gəlib onun avtomobili aparmışdır. Onu da polis şöbəsinə aparmışlar. Bildirmişdir ki, polis əməkdaşı onun idarə etdiyi avtomobili saxlatmamışdır. Polis əməkdaşı özü şirniyyat evində olmuşdur. Onun avtomobili yolun kənarında dayanmışdır. Özü də avtomobildə mobil telefonla danışmışdır. Polis əməkdaşı onu yanına çağırıb sərxoş halda avtomobil idarə etməsini bildirmişdir. Sonra da onu polis şöbəsinə aparmışlar. O, dayandığı yerə avtomobili idarə edərək gəlmişdir. Lakin polis əməkdaşları onu avtomobili idarə edərkən saxlamamışlar. Onun sürücülük vəsiqəsi vardır. Lakin sürücülük hüququ məhdudlaşdırılmışdır. Əməlindən peşmandır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş: - Şəki rayonu YPX inspektoru, polis baş serjantı X2 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 329.3 və 334.1-ci maddələrinin tələblərini pozmuşdur. - Alkotester nəticələrindən görünür ki, Şəxs 3.091 % həddində sərxoşluq aşkar edilmişdir. - Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə xx.xx.2025-ci il tarixli, 21/04 saylı protokolda göstərilir ki, Şəxs nəfəsindən kəskin spirtli içki iyi gəlməsi səbəbində tibbi müayinəyə göndərilmişdir. - Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, ***-**** saylı məktubundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 6 ay müddətinə sürücülük hüququ məhdudlaşdırılmışdır. Şəxs sürücülük vəsiqəsinin itirilməsinə dair xx.xx.2024-cü ildə ərizə ilə müraciət etmişdir. Bu səbəbdən, Şəxs sürücülük hüququnun məhdudlaşdırılma müddəti xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış, xx.xx.2025-ci il tarixdə başa çatacaqdır. İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi Şəki şəhərrayon Polis Şöbəsindən daxil olmuş material, tərəflərin izahatı ilə təsdiq olunmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş alkotester nəticələri ilə Şəxs sərxoş olması öz təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında spirtli içki qəbul etdiyi bildirişdir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sürücülük hüququ xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, şərh olunanlara əsasən məhkəmə Şəxs Azərbaycan Respublikasının İXMnin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, inzibati tənbehin məqsədlərini, işin hallarını və onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və təqsirinin dərəcəsini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə yanaşı, həmçinin 327.1 və 329.3cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1 və 329.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 328 - 331-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunvericilik eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni, eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 329.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Şəki Şəhər-Rayon Polis Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 329.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Şəki şəhər-rayon Polis Şöbəsinə göndərilsin. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar