Məhkəmə qərarları › İş №3(075)-259/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-259/2022

25.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-259/2022 25.05.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx xxxx 1986-cı il tarixdə Şəki rayonu Baş Küngüt kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki rayonu Baş Küngüt kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsibdən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 18 fevral 2022-ci il tarixdə Şəki rayonu Baş Küngüt kəndində müvafiq icra hakimiyyəti tərəfindən xüsusi icazə almadan mülki ov silahını daşımışdır. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-dən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞ-nə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, həqiqətən 18 fevral 2022-ci il tarixdə əvvəllər tanıdığı həmkəndlisi Nurlan Mustafayevlə birlikdə yaşadığı Şəki rayonu Baş Küngüt kəndində ov etməyə getmişlər. Həmin vaxt dağın yuxarı hissəsindən ceyran qaçdığını görüb atəş açmış, bir az sonra Nurlan Mustafayev “güllə mənə dəydi” deyib yanına gəlmiş və yıxılmışdır. Ehtiyatsızlıqdan baş vermiş hadisə nəticəsində Nurlan Mustafayev vəfat etmişdir. Qeyd etdi ki, silah onun mərhum babası Həmzət kişiyə məxsus olmuşdur. Silahın sənədləri olmamışdır. Barəsində cinayət işi açılmışdır və hal-hazırda məhkəmə istintaqındadır. Əməlindən peşmandır. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Şəki rayon prokuroru, ədliyyə müşaviri X1 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 21 aprel 2022-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şəxs izahatından görünür ki, sonuncu ov silahını müvafiq icazə olmadan saxladığını etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs qeyd olunan hərəkətləri iş materialına əlavə edilmiş izahatları, Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalı, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1, 228.4 və 229.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Şəki Rayon Məhkəməsinin icraatında olan 1(075)-56/2022 saylı cinayət işi üzrə maddi sübut olan 01 ədəd tüfəngin Şəki rayon prokurorluğunda saxlanılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. İnzibati xətanın törədilməsində istifadə edilmiş 01 ədəd tüfəngin Şəki Rayon Məhkəməsinin icraatında olan 1(075)-56/2022 saylı cinayət işi üzrə maddi sübut kimi Şəki rayon prokurorluğunda saxlanılması nəzərə alınsın. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar