Məhkəmə qərarları › İş №3(075)-260/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-260/2021

19.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-260/2021 19.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, X1, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 iştirakı ilə, X1 Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi tərəfindən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilməsi ilə bağlı verilmiş 22 aprel 2021-ci il tarixli, MN- 0842585 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işə xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi tərəfindən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilməsi ilə bağlı verilmiş 22 aprel 2021-ci il tarixli, MN-0842585 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işə xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı X2 izahatında göstərdi ki, o, digər iki nəfər şəxslə birlikdə Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən kafeni işlədirlər. Həmin qeyri-yaşayış sahəsi icarə müqaviləsi əsasında başqa bir şəxsə icarəyə verilmişdir. Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə Şəki ŞRPŞ-nin əməkdaşları həmin çay evinin saat 00:00-dan sonra da fəaliyyət göstərməsini əsas gətirərək onun və digər iki ortağı olmaqla, hər üçünün barəsində 22 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisinin qəbul etdiyi 22 aprel 2021-ci il tarixli, MN-0842585 nömrəli inzbati tənbeh vermə haqqında qərarına əsasən hər biri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişlər. Halbuki, onların hər hansı qanunla müəyyən edilmiş təqsirləri olmamışdır. 21.04.2021-ci il tarixdə saat 22:45 radələrində kafeyə müştəri kimi təxminən 5-6 nəfər daxil olmuşdur. Saat 23:48-də həmin şəxslərə karantin rejimi ilə əlaqədar olaraq kafe və restoranların saat 00:00 bağlanılmasını tələb etsə də, həmin şəxslər onlarla bağlı hər hansı problemin yaranmayacağını və hər bir hal üçün özlərinin cavabdehlik daşıqıqlarını bildirmişlər. Həmin an baş qarışmışdır və müştərilər oturmağa davam etmişlər. Daha sonra isə, yəni təxminən saat 00:10 radələrində 2 nəfər polis əməkdaşı kafeyə daxil olaraq özlərini təqdim etmişər. Həmin zaman o və işçilər kafeni artıq bağlamaq istəmişlər. Lakin polis əməkdaşları ona karantin rejimi qaydalarını pozduğunu izah etmiş və polis şöbəsinə dəvət etmişlər. Buna görə də həmin qərardan şikayət etməli olmuş və barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək 200 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi törədildiyi bildirilən inzibati xəta hadisəsinin törədilməsində qanunla müəyyən edilmiş qaydada hər hansı bir təqsiri və qarşılıqlı əlaqəsi olmadan barəsində əsassız və qanunsuz qərar qəbul edilmişdir. Buna görə də həmin qərardan şikayət etməli olmuşdur. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X6 izahat verərək göstərdi ki, 22.04.2021-ci il tarixdə, təxminən saat 00:10 Şəki şəhər S.Mümtaz küçəsində xidmət apararkən orada yerləşən kafenin fəaliyyət göstərdiyini müəyyən etmişlər. Daha sonra həmin kafeyə daxil olub özlərini təqdim etmişlər və kafenin sahibini və işçilərini polis şöbəsinı dəvət etmişlər. Kafenin sahibinin və işçilərinin şəxsiyyətini müəyyən eydikdən sonra onların barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib edərək 200 manat məbləğində cərimə tətbiq edilmişdir. Şikayətin əsassız olduğunu bildirmiş və onun rədd edilməsini xahiş etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Şəki ŞRPŞnin 22 aprel 2021-ci il tarixli, MN-0837412 nömrəli inzibati xəta haqqında protokolun və həmin ptorokol əsasında qəbul edilmiş 22 aprel 2021-ci il tarixli, MN-0842585 nömrəli inzibati tənbeh vermə haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, vətəndaş X5 22.04.2021-ci il tarixdə saat 00:00-dan sonra Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən işlətdiyi kafedə fəaliyyət göstərərək epidemiya əleyhinə karantin qaydalarını pozmuşdur. Buna görə də, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş X3 Şəki ŞRPŞ-də verdiyi izahatının təsdiq edilmiş surətindən görünür ki, o, 22.04.2021-ci il tarixdə saat 00:00-dan sonra Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən işlətdiyi kafedə fəaliyyət göstərdiyini etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmışdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən 2021-ci il 1 fevral saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarə ilə müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınmaqla, müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmət göstərilməsinə icazə verilir. Göründüyü kimi X2 hazırki şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, məhkəmə iclasındakı izahatında onun İXM-nin 211.1-ci maddəsinə əsasən karantin rejimini pozması aydın olur. Belə ki, o, məhkəmə iclasında göstərmişdir ki, 22.04.2021-ci il tarixdə saat 00:00-dan sonra Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən işlətdiyi kafedə fəaliyyət göstərmişdir. Eyni hal onun 22.04.2021-ci il tarixdə saat 00:00-dan sonra Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən işlətdiyi kafedə fəaliyyət göstərdiyini etiraf etməsi barədə vermiş olduğu izahatla da təsdiq edilir. Göstərilən əsaslarla məhkəmə X3 Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi tərəfindən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilməsi ilə bağlı verilmiş 22 aprel 2021-ci il tarixli, MN-0842585 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işə xitam verilməsi barədə tələbi ilə razılaşmır və buna görə də hesab edir ki, onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi tərəfindən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilməsi ilə bağlı verilmiş 22 aprel 2021-ci il tarixli, MN- 0842585 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işə xitam verilməsinə dair şikayət ərizəsi təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar