Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-260/2023 27.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxxxx 1995-ci il tarixdə Şəki rayonu, Oxud kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əlilliyi olmayan, Şəki rayonu, Oxud kəndində qeydiyyatında olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 27 mart 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-1431/2022 tarixli, xx.xx.2022ci saylı icra sənədinə əsasən borclu Şəxs 21 avqust 2017-ci il təvəllüdlü X5 və 28 mart 2022-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X4 ödənilməlidir. Sözügedən borclar borclu tərəfindən ödənilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-1431/2022 tarixli, xx.xx.2022-ci saylı icra sənədinə əsasən borclu Şəxs 21 avqust 2017-ci il təvəllüdlü X5 və 28 mart 2022-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X4 ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin ictraatına daxil olmuşdur. İcra sənədinin icrası ilə əlaqədar borcluya 10 gün könüllü icra müddəti verilmiş, göstərilən müddət ərzində borcun ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu barəsində məcburi icra tədbirlərinə başlanılmış və borcluya rəsmi xəbərdarlıq göndərilərək ondan 3 gün müddətində icra sənədi üzrə aliment borcunu ödəməsi tələb edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin, xəbərdarlıqlara baxmayaraq borclu aliment pulundan heç bir ödəniş etməmişdir. Eyni zamanda tərəfimizdən borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədilə müvafiq dövlət orqanlarına və təşkilatlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron icra” informasiya sisteminə sorğu edilmiş və nəticədə banklarda borcluya məxsus pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldiləsi əmlakının, pensiya və müavinət kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. Bundan başqa icra sənədinin icrası ilə əlaqədar borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə onun yaşadığı ünvan 1 ünvanında yerləşən evinə baxış keçirilmiş, baxış zamanı tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Hazırda icra sənədi üzrə borclunun 1800 (bir min səkkiz yüz) manat məbləğində aliment borcu yaranmışdır. İcra sənədi üzrə aliment borcunun ödənilməsi ilə bağlı borclu Şəxs rəsmi şəkildə xəbərdarlıq edilməsinə və Şəki rayonu üzrə icra və probasiya şöbəsinə dəvət edilməsinə baxmayaraq borclu icra sənədi üzrə borcun ödənilməsini təmin etməmişdir. Nəticədə məhkəmə qərarı uzun müddət icra edilmədən qalmışdır. Bildirmişdir ki, borclu xx.xx.2023-cü il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində vermiş olduğu izahatında icra sənədlərində tələb olunan aliment borcundan mart ayının 25-ə kimi 1000 manat ödəniş edəcəyini bildirmişdir. Lakin borclu aliment borcundan heç bir ödəniş etməmişdir. Həmçinin borclunun xx.xx.2023-cü il tarixdə Şəki rayonu üzrə icra və probasiya şöbəsində izahatı alınmış, icra sənədi üzrə yığılmış aliment borcunun ödənilməsi tələb edilmişdir. Borclu verdiyi izahatında hal-hazırki tarixdə borc məbləğindən heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Bununlada icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs icra sənədi üzrə ödənilməli borc məbləğini qanunla müəyyən edilmiş müddətdə qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Protokolu müdafiə etmiş, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Şəxs 27 mart 2023-cü il tarixdən, saat 14:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlmiş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 17:30-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-1431/2022 tarixli, xx.xx.2022-ci saylı icra sənədinə əsasən ondan 21 avqust 2017-ci il təvəllüdlü X5 və 28 mart 2022-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X4 ödənilməlidir. İcra sənədindən məlumatı vardır. Maddi imkanı aşağı olduğu üçün icra sənədində tələb olunan aliment borcunu ödəyə bilməmişdir. Bildirmişdir ki, anası şəkər xəstəsidir. Anasının müalicəsi üçün hər ay 50-100 manat məbləğində dərmanlar alır. Bundan başqa hər ay 50-100 manat məbləğində kommunal xərclərini ödəyir. O, aliment hesablandığı tarixdən bu günə kimi hər hansı ödəniş etməmişdir. Halhazırda heç yerdə işləmir, heç yerdən gəliri olmadığı üçün aliment borcunu ödəyə bilmir. O, iş olanda fəhləliklə məşğul olaraq gəlir əldə etmişdir. 6 aydan çoxdur ki, işsizdir. Bildirmişdir ki, ona 1 ay vaxt verilsə, aliment borcundan 1000-1200 manat ödəniş edəcəkdir. Əlavə olaraq bildirdi ki, 27 mart 2023-cü il tarixdə, saat 14:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 17:30-da məhkəməyə aparılmışdır. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, icra sənədi barədə məlumatı və imkanı olduğu halda qərəzli olaraq icra etməmişdir. Belə ki, müəyyən olunur ki, borclu icra sənədlərindən məlumatı olmuş, icra sənədləri üzrə borclarını ödəmədiyi halda inzibati məsuliyyət daşıyacağını da anlamışdır. İcra sənədlərinin vaxtından kifayət qədər vaxt keçməsinə baxmayaraq, o, icra sənədləri üzrə ödəniş etməyərək qərəzli olaraq yayınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar böyük icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya böyük icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Həmçinin məhkəmə qeyd edir ki, borclu Şəxs xx.xx.2023-cü il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində vermiş olduğu izahatında icra sənədlərində tələb olunan aliment borcundan mart ayının 25-ə kimi 1000 manat ödəniş edəcəyini bildirsə də, borcundan heç bir ödəniş etməmişdir. Onun yenidən bir ay vaxt verilərsə ödəniş edəcəyinə dair izahatı məhkəmə tərəfindən inandırıcı hesab olunmur və məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirilir. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 27 mart 2023-cü il tarixdən, saat 14:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 27 mart 2023-cü il tarixdən, saat 14:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 27 mart 2023-cü il tarixdən, saat 14:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 27 mart 2023-cü il tarixdən, saat 14:00-dan hesablansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-260/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-260/2023
27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver