Məhkəmə qərarları › İş №3(075)-261/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-261/2021

03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-261/2021 03.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx xxxxxxx 1994-cü il tarixdə Şəki rayonu Bolludərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, il ərzində inzibati məsuliyyətə cəlb edilmiş, əlilliyi olmayan, Kəlbəcər rayonu Hopurlu kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş 03 may 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(006)-1315/2020 saylı icra sənədinə əsasən 27 dekabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment borclu Şəxs alınaraq tələbkar X2 ödənilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, tələbkara ödəməli olduğu borclarının ödənişindən qərəzli olaraq yayınaraq Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. 03 may 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(006)-1315/2020 saylı icra sənədinə əsasən 27 dekabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment borclu Şəxs alınaraq tələbkar X2 ödənilməlidir. Qeyd edilən icra sənədi üzrə Nəsimi rayon İcra və Pobasiya Şöbəsi tərəfindən 10 yanvar 2020-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. Nəsimi Rayon İcra və Pobasiya Şöbəsi tərəfindən aparılmış icra tədbirləri nəticəsində borcunun Şəki rayonu Sarıca kəndində yaşadığı müəyyən edilmiş və “icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” 29 yanvar 2020-ci il tarixli qərar qəbul edilərək icra sənədi icra olunması üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilmiş, qeyd edilən icra sənədi 10 fevral 2020-ci il tarixində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədi üzrə tələbi icra etməməklə yanaşı çağırış üzrə gəlməkdən qərəzli olaraq boyun qaçıran borclu Şəxs barəsində təqdimatı əsasında Şəki Rayon Məhkəməsi tərəfindən 8(075)-83/2020 saylı, 04 iyun 2020-ci il tarixli “borclunun məcburi gətirilməsi barədə” qərardad qəbul edilmiş və qərardad icra edilməsi üçün Şəki şəhər-rayon Polis Şöbəsinə göndərilmişdir. 07 avqust 2020-ci il tarixində polis əməkdaşları tərəfindən məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbləri əsasında inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 3(075)-452/2020 nömrəli, 07 avqust 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən ilə borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs edilmişdir. Daha sonra yenidən çağırış üzrə gəlməkdən qərəzli olaraq boyun qaçıran borclu Şəxs barəsində 29 yanvar 2021-ci il tarixində borclunun axtarılması barədə qərar qəbul edilərək icra edilməsi üçün Şəki şəhər-rayon Polis Şöbəsinə göndərilmiş, borclu Şəxs barəsində 08 fevral 2021-ci il tarixdə 820753 nömrəli axtarış işi açılmışdır. 03 may 2021-ci il tarixində polis əməkdaşları tərəfindən məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilən borclu Şəxs verdiyi izahatında hal-hazırkı tarixə yaranmış 2890 manat məbləğində aliment borcunu ödəyə bilməyəcəyini bildirmiş, çağırış üzrə gəlməməsi barədə isə heç bir üzürlü səbəb göstərə bilməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X6 inzibati xəta haqqında protokolu müdafiə etdiyini bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(006)- 1315/2020 saylı icra sənədinə əsasən ondan 27 dekabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X2 ödənilməlidir. Borcunu ödəməkdən yayınmır. İcra məmurunun bütün çağırışlarına gəlmişdir. Bu gün borcundan 600 manat ödəyəcək, qalan pulu ilə bu həftə sonuna kimi bağlayacaqdır. Belə ki, taxıl mövsümü ilə əlaqədar fərdi əməklə məşğul olur. İndiyə kimi heç bir ödəniş aparmamasının səbəbi pandemiya ilə əlaqədar iş yerlərinin bağlı olması olmuşdur. Əgər barəsində inzibati həbs tətbiq olunarsa, işini itirə və aliment borcunu ödəmək üçün yeganə gəlir yerindən məhrum ola bilər. Bütün bunları nəzərə alaraq məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X7 bildirdi ki, Şəxs hərəkətlərində qərəz yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati proses tərəflərinin izahatlarını dinləyərək, işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. Yəni o, barəsində çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi Şəxs icra məmurunun çağırışlarına gəlmiş, bir neçə dəfə izahatı alınmışdır. Borcundan hazırda 600 manat tələbkarın xeyrinə ödəməyə hazırdır və qalan borcu bu həftə sonuna bağlayacağına söz verir. Bu da Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsinin və icra sənədini üzürlü səbəbdən icra etməsinin bariz nümunəsidir. Onun borcunu ödəyə bilməməsi fors-major hadisə ilə, yəni ölkədə tətbiq olunan xüsusi karantin rejimində müəyyən iş yerlərinin bağlı olması ilə əlaqədardır. Göründüyü kimi Şəxs icra sənədini icra etməkdən yayınmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. İş materiallarından da göründüyü kimi, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas yoxdur. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar