Məhkəmə qərarları › İş №3(075)-265/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-265/2021

06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-265/2021 06.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1 və 332.4-cü maddələri ilə Azərbaycan Respublikası DİN-nin Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş materiallarını nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1 və 332.4cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Azərbaycan Respublikası DİN-nin Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, Şəxs 21 aprel 2021-ci il tarixdə manevr etmə qaydalarını pozmaqla nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və nəqliyyat vasitəsinin etibarnamə olmadan avtomobil idarə edərək zərər çəkmiş şəxsə maddi zərər vurmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildi” bəndi Şəxs tərəfindən imzalanmamışdır. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə protokol tərtib edilsə də, iş materiallarına onun zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurmasına dair hər hansı sənəd (ziyan aktı, mütəxəssis rəyi və s.) əlavə edilməmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs tərəfindən törədilən inzibati xətanın sanksiyasında inzibati həbs nəzərdə tutulmasına baxmayaraq Şəxs müdafiə hüququ pozularaq ona Şəki Regional Vəkil Bürosunda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim olunmamış, həmin siyahıda bu barədə Şəxs tərəfindən müvafiq qeyd aparılmamış, “inzibati xəta haqqında icraat materialı üzrə inzibati qaydada tutulmuş şəxsin müdafiəçidən imtina etməsi haqqında” protokol iş materiallarına əlavə edilməmişdir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Bütün bunları nəzərə alaraq təqdim edilmiş materiallar natamam olduğundan və onun tamamlanması mümkün olmadığından inzibati xətalar haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana, yəni Azərbaycan Respublikası DİN-nin Şəki şəhər-rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1 və 332.4-cü maddələri ilə Azərbaycan Respublikası DİN-nin Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən məhkəmə təqdim edilmiş sənədlər natamamdır və işə baxarkən tamamlamaq mümkün deyildir. İş materiallarını araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, Şəki Rayon Məhkəməsinə göndərilmiş Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material İXM-nin 109.1.6-cı maddəsinə əsasən onu tərtib etmiş orqana, yəni Azərbaycan Respublikası DİN-nin Şəki şəhər-rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəki Rayon Məhkəməsinə göndərilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material onu tərtib etmiş orqana, yəni Azərbaycan Respublikası DİN-nin Şəki şəhər-rayon Polis Şöbəsinə qaytarılsın. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar