Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-265/2024 29.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx xxx 1985-ci il tarixdə Şəki rayonu, Sarıca kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, subay, işsiz, əlilliyi olmayan, Şəki rayonu, Sarıca kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib edilmiş 29 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1741/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələbləri yerinə yetirilmədiyindən borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1741/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 27 noyabr 2006-cı il təvəllüdlü X5, 11 noyabr 2008-ci il təvəllüdlü X2 və 18 mart 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün borclu Şəxs sabit pul məbləğində 140 manat olmaqla, cəmi 420 manat məbləğində aliment tutularaq X7 verilməlidir. Alimentin tutulmasının əvvəli 17 iyul 2023-cü il tarixdən hesablanmalıdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. Lakin könüllü icra müddəti ərzində borclu tələbin icrasını təmin etməmişdir. Könüllü icra müddəti bitdikdən sonra məcburi icra tədbirlərinə başlanılmış və borcluya rəsmi xəbərdarlıq göndərilərək borc məbləğinin ödənilməsi ondan tələb edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin, borclu Şəxs ödəniş etməkdən boyun qaçırmışdır. Eyni zamanda borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədilə müvafiq dövlət orqanlarına və təşkilatlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron icra” informasiya sisteminə sorğu edilmiş və nəticədə banklarda borcluya məxsus pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldiləsi əmlakının, pensiya və müavinət kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. İcra sənədində borclu Şəxs ünvanı ünvan 2 borclunun faktiki olaraq göstərilən ünvanda yaşamadığı müəyyən edilmişdir. Görülən digər icra tədbirləri nəticəsində də borclunun yerini müəyyən etmək, həmçinin borclunun iştirakı olmadan icra sənədi üzrə tələbin icrasını təmin etmək mümkün olmamışdır. Odur ki, çağırış üzrə gəlmədiyi və yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün borclu Şəxs barəsində borclunun axtarılması barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul edilərək icrası üçün Şəki Şəhər-Rayon Polis Şöbəsinə göndərilmişdir. Şəki ŞRPŞ tərəfindən onun barəsində 821515 saylı axtarış işi açılmışdır. xx.xx.2024-cü il tarixində borclu Şəki Şəhər-Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gətirilmişdir. Borclunun icra və probasiya şöbəsində izahatı alınmış, icra sənədi üzrə aliment borcunun ödənilməsi ondan tələb edilmişdir. Borclu həmin tarixdə verdiyi izahatında borc məbləğindən heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Hazırda icra sənədi üzrə ödənilməyən aliment borcu 2930 manat təşkil edir. Borclu tələbkarın xeyrinə bugünədək cəmi 430 manat ödəniş etmiş və bununla kifayətlənmişdir. İcra sənədi üzrə aliment borcunun ödənilməsi barədə tələbkar şöbəyə müraciət etmiş və borclu barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Hazıradək alimetin ödənilməsi barədə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Borclu barəsində 2023-cü ilin dekabr ayında axtarış barədə qərar qəbul edilmiş, yanvar ayında polis tərəfindən axtarış işi açılmışdır. Bu gün saat 13:30-da polislə birlikdə gəlmişdir. Cəmi 430 manat pul ödənilmişdir. Hazırda borcu 2930 manat təşkil edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, 2023-cü ilin oktyabr ayında Rusiya Federasiyasından qayıtmışdır. Orada işlədiyi müddətdə anasının kartına 500, 300, 200 ,100 manat göndərmişdir. O da həmin pulları tələbkara vermişdir. Lakin pulun verilməsinə dair hər hansı qəbz yoxdur. Özü Sumqayıtda yaşayır. Uşaqlar tez-tez onun yanına gəlirlər. Azərbaycana gələndən təxminən 2 ay sonra sahə rəisi Zahid müəllim ona zəng edərək aliment borcu olduğunu bildirmişdir. O dedikdən sonra ödənişləri rəsmi etmişdir. Bu gün polis ona zəng etdikdən sonra günorta şöbəyə gəlmişdir. X13 Vəkil Bürosunun vəkili X8 izahatında Şəxs əməlində hər hansı qərəz olmadığını, vaxt veriləcəyi təqdirdə borcu ödəməyə hazır olduğunu, həmçinin Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Şəxs tərəfindən 2024-cü ilin mart ayı ərzində 430 manat ödəniş edilmişdir. Sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə 190 manat təşkil edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, X10 29 mart 2024-cü il tarixdə, saat 13:30-da polis tərəfindən saxlanılaraq Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 17:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 29 mart 2024-cü il tarixdən, saat 13:30-dan məhdudlaşdırıldığından, Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan, yəni 29 mart 2024-cü il tarixdən, saat 13:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 29 mart 2024-cü il tarixdən, saat 13:30-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-265/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-265/2024
29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver