Məhkəmə qərarları › İş №3(075)-269/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-269/2025

18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-269/2025 18.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər NazirliyiŞəki ŞRPŞ tərəfindən qəbul olunmuş 06 mart 2025-ci il tarixli MN ******* saylı qərarından X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞ tərəfindən qəbul olunmuş 06 mart 2025-ci il tarixli MN ******* saylı qərardan şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 göstərdi ki, Şəki rayonu Çeşməli kənində yerləşən özünə məxsus evin həyətindən küçəyə iribuynuzlu mal-qaranın peyinini çıxartdıqdan sonra qoşusunun traktoruna həmin peyinin çox hissəsini yğıaraq aparmışdır. Yerdə qalan cüzi miqdarda tullantıları süpürürək bir yerə topayaraq yandırmışdır. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq tullantıları hansı səbəbdən yandırdığını soruşduqda onlara olanları izah etmiş və külü yığışdıracağını bildirmişdir. Polis əməkdaşları ona ağ kağıza imza atdıraraq çıxıb getmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞ nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. İş materiallara əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞ tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul olunmuş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 226.3-cü maddəsi ilə (məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunan normaya əsasən şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üzərinə düşsə də, həmin orqan məhkəməyə X3 İXM-in 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən heç bir sübut (tibbi xidmətin göstərildiyi şəxs (şəxslər) barədə məlumatlar, onların izahatları, qəbz, müqavilə və s.) təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə- fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. “Tullantılar Haqqında” Azərbaycan Respublikası Qanununa əsasən məişət tullantıları (bərk məişət tullantıları)- əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallardır. Məhkəmə hesab edir ki, istinad olunan Qanunda heyvan peyini birbaşa olaraq məişət tullantısı kimi təsnif edilməmişdir, bu səbəbdən də məişət tullantısı kimi qəbul edilməmiş tullantıya görə şəxsi inzibati məsuliyyətə cəlb etmək yolverilməzdir. Məhkəmə həmçinin qeyd edir ki, heyvan peyini kənd təsərrüfatı fəaliyyəti nəticəsində yaranan bioloji mənşəli tullantı kimi qəbul edilir, eyni zamanda torpağın münbitliyini artıran, tərkibində fosfor, kalium və s. elementlərdən ibarət olan üzvi mənşəli maddədir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli və onun barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞ tərəfindən qəbul olunmuş 06 mart 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115, 122 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 inzibati tənbeh verilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞ tərəfindən qəbul olunmuş qəbul olunmuş 06 mart 2025-ci il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X1 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar