Məhkəmə qərarları › İş №3(075)-270/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-270/2025

23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-270/2025 23.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Bəkirov Yusif Şücaət oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu YNH inspektoru, polis kapitanı X4, Yol nəqliyyat hadisəsinin digər iştirakçısı X7, Zərəçəkmiş şəxs X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, 07 iyul 1985-ci il tarixdə Şəki rayonu, Zunud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, evli, orta təhsilli, işləməyən, Şəki rayonu, Zunud kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu YNH inspektoru, polis kapitanı X10 tərəfindən tərtib edilmiş 10 may 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən 23 mart 2025-ci il tarixdə, saat 18:30 radələrində İXM-nin 333.3-cü maddəsinin tələbləri pozulmuşdur. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki şəhər-rayon X14 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu YNH inspektoru, polis kapitanı X10 izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Opel astra” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə “Marxal Resort spa” istirahət mərkəzinə gedən yolda hərəkətdə olarkən X7 idarə etdiyi “Mazda 3” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə toqquşmuşdur. Baş vermiş qəza nəticəsində avtomobillərə maddi ziyan dəymiş, zərərçəkmiş şəxs X6 yüngül bədən xəsarəti yetirilmişdir. Polis əməkdaşları hadisə yerinə yaxınlaşıb sxem tərtib etmiş, hadisə ilə bağlı araşdırma aparmışlar. Yoxlama zamanı sürücü Şəxs kəskin spirt qoxusu hiss olunmuşdur. Buna görə də Şəxs həkim yoxlanılmasına aparılmış, həkim narkoloq tərəfindən yoxlanılan zaman onun yüngül dərəcəli sərxoş olması müəyyən olunmuşdur. Bu səbəbdən Şəxs barəsində İXM-nin 333.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, onun özünə məxsus “Opel astra” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. Həmin avtomobili o, etibarnamə ilə idarə edir. Onun avtomobil idarə etməsi üçün sürücülük vəsiqəsi də vardır. Bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, saat 14:00 radələrində bazar ərazisində yerləşən kafedə 200 qram araq içmişdir. xx.xx.2025-ci il tarixdə, saat 18:00 radələrində o, qohumları X9 və Zərərçəkmiş şəxs ilə birlikdə idarə etdiyi “Opel astra” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə “Marxal Resort spa” istirahət mərkəzinə çay içmək üçün getmişdilər. Həmin vaxt avtomobili o, özü idarə etmişdir. Teymur avtomobilin arxa oturacağında əyləşmişdir. Zahid isə avtomobilin qabaq oturacağında əyləşmişdir. Saat təxminən 18:30 radələrində Kiş kəndinə gedən körpünün yanından keçən zaman qarşıdan gələn “Mazda 3” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı minik avtomobil qəflətən onun üzərinə və toqquşma baş vermişdir. Qəza onun hərəkət yolunda baş vermişdir. Qəza zamanı o və “Mazda 3” markalı avtomobildə olan şəxslər xəsarət almamışdır. Lakin onun avtomobilində olan sərnişinlər, qohumları Teymur və Zahid xəsarət almışdır. Teymur təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılmış, lakin Zahidin üzündə qan izləri olsa da, özünü yaxşı hiss etdiyini bildirib, xəstəxanaya getməmişdir. Ancaq bir müddət sonra bilmişdir ki, Zahid də xəstəxanaya müraciət edib. Avtoqəzadan sonra həkim narkoloq tərəfindən yoxlanılan zaman onun sərxoş olması müəyyən edilmişdir. Qəza zamanı idarə etdiyi avtomobildən qohunları Teymur və Zahiddən başqa heç kim olmamışdır. Qəza onun yolunda baş vermişdir. Mazda markalı avtomobil onun yoluna çıxmışdır. Əməlindən peşmandır. Barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X3 məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, qəzanın onun yolunda baş verməsinin nəzərə alınmasını və barəsində cərimə növündə tənbeh tətbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında yol nəqliyyat hadisəsinin digər iştirakçısı X13 izahat verərək bildirdi ki, “Mazda 3” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ona məxsusdur. Avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi vardır. Bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixdə həyat yoldaşı Fəridə Babayeva ilə birlikdə Şəki şəhərinə istirahət etmək üçün gəlmişdir. Onlar “Şəki Park” otelində qalmışdılar. xx.xx.2025-ci il tarixdə, saat təxminən 18:30 radələrində qaldıqları oteldən çıxaraq “Əhməd Haradadır” restoranına yemək üçün getmişlər. Həmin vaxt avtomobili o idarə etmişdir. Şəki rayonu Kiş kəndinin körpüsünün yanından keçən zaman qarşıdan gələr “Opel” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin onun hərəkət yolu ilə üzərinə tərəf gəldiyini görüb, qəzanın qarşısını almaq üçün avtomobilini sola manevr etmiş, bu zaman həmin nəqliyyat vasitəsi də öz sağına, yəni onun manevr etdiyi istiqamətə avtomobili döndərmiş və toqquşma baş vermişdir. Qəza zamanı o və həyat yoldaşı xəsarət almamışdılar. Digər avtomobildə olan sərnişinlərdən biri təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılmışdır. Həkim narkoloq tərəfindən yoxlanılan zaman digər avtomobilin sürücüsü Şəxs sərxoş olması müəyyən edilmişdir. Qəza zaman Opel markalı avtomobil onun hərəkət yolu ilə üzərinə gəlmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə onun doğum günü olduğu üçün xalası oğlu Zahid onlara qonaq gəlmişdir. Saat 18:00 radələrində qohumu Şəxs da onlara gəlmişdir. Onlar üçü birlikdə Xəyalın avtomobili ilə çay içmək üçün “Marxal Resort spa” istirahət mərkəzinə getməyi qərar verdilər. O, avtomobildə arxa oturacaqda, Zahid qabaq oturacaqda əyləşmiş, Xəyal isə avtomobili idarə etmişdir. Onlar Şəki rayonu Kiş kəndi körpüsünün yanından keçən zaman qəflətən üzərlərinə “Mazda 3” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin gəlməsini görmüşlər. Xəyal avtomobili sağa manevr edərək öz hərəkət yolu ilə idarə etmişdir. Həmin anda Mazda markalı avtomobil də öz hərəkət yolunun soluna, yəni onların hərəkət yoluna manevr etmiş, onlar toqquşaraq qəza hadisəsi baş vermişdir. Qəza zamanı o və xalası oğlu Zahid xəsarət almışdılar. Onlardan baş qa xəsarət alan olmamışdır. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılmışdır. Zahid isə sonradan xəstəxanaya müraciət etmişdir. Bildirmişdir ki, avtoqəza xx.xx.2025-ci il tarixdə, saat 18:00 radələrində baş vermişdir. Qəza onların hərəkət yolunda baş vermişdir. “Mazda 3” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı minik avtomobil manevr edərək onların hərəkət yoluna çıxmışdır. Onun hər hansı şikayət və tələbi yoxdur. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş: - Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 23 mart 2025-ci il tarixli, 311 saylı aktda göstərilir ki, müayinə zamanı Şəxs yüngül dərəcəli sərxoş olduğu müəyyən olunmuşdur. - Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 23 mart 2025-ci il tarixli, 310 saylı aktda göstərilir ki, müayinə zamanı X1 aşkar edilməmişdir. - Məhkəmə-Tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi X18 Şəki şəhər şöbəsinin xx.xx.2025-ci il tarixli, 79 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədənin gözlə görünən xəsarət və onun izi aşkar edilməmişdir. - Məhkəmə-Tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi X18 Şəki şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli, 85 saylı rəyindən görünür ki, X5 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətləri: alın, üst dodaq və sağ qulaq seyvanında yaralar, sol dizində sıyrıq qərarda göstərilən xx.xx.2025-ci il tarixində avtoqəza nəticəsində əmələ gələ bilərdi. Dərəcəsinə görə sağlamlığın qısa müddətə müvvəqəti pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, HK-1/583 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs əməlində İXM-nin 333.3-cü maddəsinin tərkib əlamətləri olduğu üçün barəsində inzibati-təsir tədbirləri görülməsi üçün toplanmış material üzrə qəbul edilmiş qərarın sirətinin Şəki ŞRPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Beləliklə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən avtomobilin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi öz təsdiqini tapır. Lakin, məhkəmə hesab edir ki, səlahiyyətli orqan onun həmin əməlini İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə düzgün tövsif etməmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət müəyyən edilmişdir. İXMin 333.3-cü maddəsində isə bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə daha sərt tənbeh tədbirləri nəzərdə tutulmuşdur. Maddənin məzmunundan göründüyü kimi, şəxsin əməlində o halda İXM-nin 333.3-cü maddəsinin tərkibi yarana bilər ki, o, İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması əməlini törətmiş olsun. Sadalanan normaların tələbləri onu deməyə əsas verir ki, şəxsin İXM-nin 333.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməsi üçün onun İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməsindən əlavə onun zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetiriməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması zəruridir. Yalnız həmin halların olması onun məsuliyyətinin ağırlaşmasına və onun üçün daha ağır məhrumiyyətlərlə nəticələnən tənbeh tətbiq edilməsinə səbəb ola bilər. İş materiallarından isə görünür ki, Şəxs tərəfindən hər hansı bir zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması müəyyən edilmir. Belə ki, iş materiallarında olan yol nəqliyyat hadisə yerinə baxış keçirilməsi haqqında protokol, protokola əlavə olunmuş sxem, fotoşəkillər və işdə olan digər sənədlərdən, eyni zamanda tərəflərin ifadələrindən müəyyən olunur ki, yol nəqliyyat hadisəsi X7 idarə etdiyi “Mazda 3” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin Şəxs idarə etdiyi “Opel astra” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin hərəkət yoluna çıxması səbəbindən toqquşmaları nəticəsində baş vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı material üzrə Şəxs isnad edilən əməldə İXM-in 333.3-cü maddəsinin deyil, həmin Məcəllənin 333.1-ci maddəsinin tərkibi mövcuddur. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibatı Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibatı xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Hazırkı vəziyyətdə İnzibatı Xətalar Məcəlləsində barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlinin daha ağır inzibati xətadan daha yüngül inzibati xətaya tövsif etmək məsələsini tənzim edən prosessual norma olmadığı üçün məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, müvafiq məsələ cinayət-prosessual qanunvericiliyinin analoji normaları əsasında həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs əməli İXM-nin 333.3-cü maddəsindən həmin Məcəllənin 333.1-ci maddəsinə tövsif edilməlidir. Onun inzibati məsuliyyətini istisna edən və icraatı rədd edən hallar müəyyən edilməmişdir. Ona görə də, o, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi Şəki şəhərrayon Polis Şöbəsindən daxil olmuş material, tərəflərin izahatı ilə təsdiq olunmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş 23 mart 2025-ci il tarixli, 311 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktda Şəxs yüngül dərəcəli sərxoş olması öz təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında avtomobili sərxoş halda idarə etdiyini etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, şərh olunanlara əsasən məhkəmə Şəxs Azərbaycan Respublikasının İXMnin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, inzibati tənbehin məqsədlərini, işin hallarını və onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və təqsirinin dərəcəsini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar