Məhkəmə qərarları › İş №3(075)-274/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-274/2025

23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-274/2025 23.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi X1 iştirakı ilə, X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DİN BDYPİ-nin X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 27597051 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X6 onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DİN BDYPİ-nin X4 tərəfindən qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 27597051 saylı qərarından şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X2 ərizəsində göstərmişdir ki, ona məxsus olan Mercedes C180 markalı 99DZ802 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə xx.xx.2025 tarixində təxmini saat 15:05 radələrində Yevlax-Zaqatala-Gürcüstan yolu 42 km də Bakıdan Şəkiyə hərəkətdə olarkən Şəki rayonu Kiçik Dəhnə kənd ərazisində sürət həddini aşdığına görə EQ 27597051 qərarlı cərimə tətbiq olunub. Həmin cəriməni ünvana çatdıqdan sonra sms vasitəsilə əldə etmişdir. Həmin ərazidən keçərkən yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən yerdə DYP xidməti avtomobili və DYP əməkdaşı yox idi. Sonradan göndərilən şəkil və video vasitəsilə müəyyən etmişədir ki, YPX əməkdaşı yolun hərəkət hissəsindən kənarda iaşə obyektinin parklanmasında xidməti avtomobilinin tam olaraq görüntüsünü məhdudlaşdıraraq kamera vasitəsilə cərimə tətbiq etmişdir. Həmin cərimə ilə bağlı əlavə etdiyi fotoşəkildə də aydın şəkildə görünür. Əslində YPX əməkdaşı yolun hərəkət hissəsində yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən şəkildə öz xidmətini həyata keçirməlidir. Ancaq həmin YPX əməkdaşı qanunla qadağan edilmiş yerdə dayanmış və əsassız sübutlar əldə etmişdir. Polisin etik davranış qaydalarında və polis haqqında qanunda da qeyd olunduğu kimi polisin işi təkcə cərimə tətbiq etmək yox, birinci vəzifəsi yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək, hərəkətin intensivliyini qorumaqdır. Bu da həmin YPX əməkdaşının qanuna zidd olaraq qanun pozuntusu aşkar etməsinə gətirib çıxarır. Göstərilənləri nəzərə alaraq, barəsində qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında qərarından şikayət verilmiş DİN BDYPİ-nin X3 nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir Məhkəmə işə inzibati xəta haqqında qərarından şikayət verilmiş DİN BDYPİ-nin X3 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X2 ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, hərəkət zamanı qanunla müəyyən edilmiş sürət həddini aşmışdır. Lakin YPX əməkdaşı yolun hərəkət hissəsindən kənarda iaşə obyektinin parklanmasında xidməti avtomobilinin tam olaraq görüntüsünü məhdudlaşdıraraq kamera vasitəsilə cərimə tətbiq etmişdir. Həmin cərimə ilə bağlı əlavə etdiyi fotoşəkildə də aydın şəkildə görünür. Bütün qeyd etdiklərini nəzərə alaraq barəsində qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 27597051 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikasının İXM-nin 328.3-cü maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 134.1.1-ci mаddəsinə əsasən inzibаti xətа hаqqındа iş üzrə qərаrdаn verilən şikаyət və yа prоtest bаxıldıqdа, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərаr qəbul edilir. 328.3-cü maddəsinə əsasən Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə iki yüz manat məbləğində cərimə edilir.. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, X2 şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətdiyini, lakin həmin qərarın qanunun tələblərinin pozulması ilə tərtib edildiyini bildirsə də, tərtib edilmiş qərara əlavə edilmiş foto görüntüdən görünür ki o, Mercedes C180 markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Yolda müəyyən edilmiş 60 km/s hərəkət sürətini 105 km/s yəni 45 km/saat həddində aşmağa görə iki yüz manat məbləğində cərimə edilmişdir. Cavid Əbilov barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanunun tələblərinin pozulması ilə tərtib edildiyini bildirsə də, şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X5 şikayət ərizəsi özünün izahatı ilə təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Beləliklə məhkəmə, X2nun şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DİN BDYPİ-nin X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 27597051 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar