Məhkəmə qərarları › İş №3(075)-276/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-276/2021

20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-276/2021 20.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3 iştirakları ilə xx xxxx 1975-ci ildə Şəki şəhərində аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsı vətəndаşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, əlilliyi olmayan, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X10 tərəfindən tərtib edilmiş 20 may 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 may 2021-ci il tarixdə, saat 12:30 radələrində Şəki ŞRPŞ-nin inzibati binasında ucadan ünvansız nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqla, Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X10 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs 20 may 2021-ci il tarixdə, saat 12:30 radələrində Şəki ŞRPŞ-nin inzibati binasında ucadan ünvansız nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, "xxxx" ASC-nin müdiri X1 onun barəsində Şəki ŞRPŞ-nə ünvanladığı şikayət ərizəsinə əsasən Şəki ŞRPŞ-nə dəvət edilmişdir. Bundan əvvəl də Eldəniz Hacıağayev onun barəsində məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş və məhkəmə tərəfindən ona bəraət verilmişdir. Şəki ŞRPŞ-nin rəis müavininin xidməti otağında dindirilərkən Eldəniz Hacıağayevin onun barəsində dediklərinə etirazını bildirmiş, əsəbiləşdiyindən aralarında sözlə mübahisə olmuş, bala söyüşü söymüşlər. Lakin həmin vaxt polis şöbəsində nizam-intizamı pozmamış, əsəbi olduğundan X2 iddialarına aqressiv münasibət bildirmiş və bununla bağlı səs-küy salmışdır. Şəki ŞRPŞ-də olarkən əsəbi olsa da o, heç kimi təhqir etməmiş, polis əməkdaşlarının qanuni tələblərinə riayət etmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X6 qanuni qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, barəsində inzibati xəta barədə icraat aparılan şəxsin izahatını, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından həmin maddənin sanksiyası çərçivəsində inzibati qaydada tənbeh edilməli, onun tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq dedikdə yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi Şəxs Şəki ŞRPŞ-nin inzibati binasında olduğu müddətdə səs-küy salaraq, ictimai qaydanı pozmuş, ünvansız nalayiq ifadələr işlətmiş, polisin iş rejimini pozmuşdur. Bununla da o, xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. Şəxs özü də şöbədə olarkən əsəbi olduğundan aqressiv davranışlara yol verdiyini etiraf etmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X8 tərtib etdiyi inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilsə də protokolun məzmununda, inzibati xəta haqqında protokola əlavə edilmiş izahatlarda Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi hər hansı dəlillə sübuta yetirilməmişdir. Həmçinin, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsini təsdiq edən şahidlərin məhkəmə iclasında iştirakı təmin edilməmiş, həmin şahidlərin ifadələri iş materiallarına əlavə edilməmişdir. Bundan başqa Şəxs tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Odur ki, Şəxs tərəfindən polisin qanuni tələblərinin pozulması iş materialları ilə sübut olunmur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından Şəxs İXM-nin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh tədbiri tətbiq edilməli, İXM-nin 535.1-ci maddəsi ilə olan hissədə isə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İşdə olan 20 may 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 20 may 2021-ci il tarixdə saat 12:30-dan 16:35-dək inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar