Məhkəmə qərarları › İş №3(075)-277/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-277/2021

20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-277/2021 20.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X7 iştirakları ilə, xx xxxxxx 1957-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, İİ dərəcəli əilliyi olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə Protokolda göstərilmişdir ki, Şəxs 20 may 2021-ci il tarixdə saat 12:30 radələrində Şəki ŞRPŞ-nin inzibati binasında ucadan səs-küy salaraq iş rejimi qaydasını pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X8 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, vətəndaş X1 Şəki ŞRPŞ-nə ünvanladığı şikayət ərizəsinə əsasən Şəxs onu bazarda təhqir etməsi ilə bağlı 20.05.2021-ci il tarixdə saat 12:30 radələrində polis şöbəsinə dəvət olunaraq araşdırma aparılan zaman həmin şəxs polis şöbəsinin inzibati binasında vətəndaş X2 təkrarən ucadan səs-küy salaraq nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Tərəfindən ona nizami-intizamlı olması, qanunlara hörmətlə yanaşması, polis şöbəsinin inzibati binasında səs-küy salmaması izah olunsa da, Şəxs onun qanuni tələblərinə məhəl qoymayatraq öz hərəkətlərini aqressiv şəkildə davam etdirmişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati protokolu müdafiə edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, onu bazarın müdiri X1 Şəki ŞRPŞ-nə ünvanladığı şikayət ərizəsinə əsasən Şəki ŞRPŞ-nə dəvət etmişdir. Bundan əvvəl də Eldəniz onun barəsində məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş və o məhkəmə tərəfindən 1500 manat məbləğində cərimə olnunmuşdur. Şəki ŞRPŞ-nin rəis müavininin xidməti otağında dindirilərkən o, Eldənizin onun barəsində dediklərinə etirazını bildirmiş və ona “ə yekə kişisən, nə vaxt söymüşəm səni?”, məni bezdirmisən, sənin əlindən özümü öldürəcəm demişdir. Lakin həmin vaxt səs-küy salmamış və nizam-intizamı pozmamışdır. Belə ki, onun qulaqları çox zəif eşidir. Buna görə də danışarkən səsinin yüsək çıxmasını eşitmir. Lakin həmin vaxt əsbi olduğundan X1 iddialarına aqressiv münasibət bildirmiş və bununla bağlı səs-küy salmışdır. Şəki ŞRPŞ-də olarkən əsəbi olsa da o, heçkimi təhqir etməmişdir. Bildirdi ki, İİ dərəcəli əlildir və 130 manat pensiya alır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qisimində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o və Şəxs X1 Şəki ŞRPŞ-nə ünvanladığı şikayət ərizəsinə əsasən Şəki ŞRPŞ-nə dəvət edilmişlər. Şəki ŞRPŞ-nin rəis müavininin xidməti otağında dindirilərkən Şəxs, Eldənizin onun barəsində dediklərinə etirazını bildirmiş və ona “ə yekə kişisən, nə vaxt söymüşəm səni?” məni bezdirmisən, sənin əlindən özümü öldürəcəm demişdir. Əslində o özü Şəxs ilə küsülüdürlər. Lakin bilir ki, Şəxs çox zəif eşidir və buna görə də danışanda uca səslə danışır. O, Şəxs səs-küy salaraq təhqiramiz ifadələr işlətməsinin və ya polis əməkdaşlarının iş rejimini pozmasının şahidi olmamışdır. Lakin Şəxs polis şöbəsində özü zəif eşitdiyindən X1 iddialarına aqressiv münasibət bildirmiş və bununla bağlı səs-küy yaranmışdır. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, barəsində inzibati xəta barədə icraat aparılan şəxsin izahatını, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından həmin maddənin sanksiyası çərçivəsində inzibati qaydada tənbeh edilməli, onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X7 tərtib etdiyi inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilsə də protokolun məzmununda, inzibati xəta haqqında protokola əlavə edilmiş izahatlarda və məhkəmə iclasında dindirilmiş şahidin ifadəsində Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi hər hansı dəlillə sübuta yetirilməmişdir. Həmçinin Şəxs tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından Şəxs İXM-nin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh tədbiri tətbiq edilməli, İXM-nin 535.1-ci maddəsi ilə olan hissədə isə iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar