Məhkəmə qərarları › İş №3(075)-277/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-277/2024

07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-277/2024 07.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 iştirakı ilə, X1 barəsində tərtib edilmiş 12 fevral 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X2 şikayət ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş 02 fevral 2024cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, onun istifadəsində olan **-GY-*** dövlət qeydiyyat nişanlı, “X6 111 CDİ” markalı minik avtomobili ilə Şamaxı rayonu ərazisində hərəkətdə olan zaman YPX inspektoru saxladaraq onun inzibati xəta hadisəsi törətdiyini bildirmişdir. Polis inspektoru özünü təqdim etməmiş, onun barəsində inzibati xəta haqqında protokol tərtib edəcəyini bildirmişdir. O, polis əməkdaşı ilə heç bir mübahisə etməmişdir. Polis əməkdaşı hadisə yerində yazılı protokolu ona tərtib etmədiyi üçün, o, yazılı etirazını təqdim edə bilməmişdir. O, inzibati xəta haqqında protokolu, həmçinin videogörüntünü istəsə də, ona tədim edilməmişdir. Polis inspektoru ona protkolu yaşadığı ünvana göndərəcəyini bildirdi. 05 aprel 2024-cü il tarixdə o, DYP-nə gedərək həmin inzibati xəta haqqında protokolu almışdır. Göstərdikləri ilə bağlı məcburiyyət qarşısında qalaraq hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Şamaxı Rayon Polis Şöbəsi məhkəmə iclasında nümayəndəsinin iş tirakını təmin etməmişdir. Məhkəmə Şamaxı Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinlədikdən sonra şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, 12 fevral 2024-cü il tarixli, TP seriyalı, ******* saylı qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Şamaxı rayon, polis leytenantı X3 tərəfindən tərtib edilmiş 12 fevral 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 80 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.4-cü maddəsinin də tələbindən də göründüyü kimi inzibati xəta hadisəsinin fotosu həmin inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək saxlanılmalıdır. Lakin, məlumat verilməsinə baxmayaraq, X1 həmin vaxt törətdiyi inzibati xəta hadisəsinin fotosu, video görüntüsü məhkəməyə təqdim edilməmiş, ümumiyyətlə, X1 həmin vaxt Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İnzibati tənveh vermə haqqında qərarda X2 tərəfindən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması qeyd edilsə də, məhkəmə iclasında X2 tərəfindən göstərilən inzibati xətanın törədilməsi halı müəyyən edilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Şamaxı rayon, polis leytenantı X3 tərəfindən qəbul olunmuş 12 fevral 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, X2 şikayətində əlavə olaraq səlahiyyətli orqan tərəfindən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun da ləğv edilməsini xahiş etmişdir. Şikayətin həmin dəlilini əsassız hesab edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, şikayət həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 - 137-ci maddərini rəhbər tutaraq, məhkəmə qərara aldi : Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Şamaxı rayon, polis leytenantı X3 tərəfindən qəbul olunmuş 12 fevral 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar