Məhkəmə qərarları › İş №3(075)-280/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-280/2024

02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-280/2024 02.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4, Şəki rayonu Yol patrul xidməti inspektoru polis baş serjantı X2 iştirakı ilə, X4 barəsində qəbul edilmiş 31 mart 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 şikayət ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilən 31 mart 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat 09:28 radələrində YPX inspektoru polis baş serjantı X3 tərəfindən heç bir əsas olmadan saxlanılmışdır. Polis inspektoru onun arxasında gəlmiş, ona stress yaşatmışdır. Onu evinə çatan vaxt saxlatmışdır. Polis əmədaşı ona İXM-nin 327.4-cü maddəsinin tələblərini pozduğunu bildirmişdir. O, video görüntünü tələb etsə də, polis əməkdaşı ona təqdim etməmiş, barəsində əsassında olan inzibati xəta haqqında protokol tərtib etmişdir. Buna görə də hazırkı şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən X1 şikayətə uyğun izahat verərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, o, tikinti avadınlıqlarının satışı ilə məşğul olur. Polis əməkdaşı ondan pul istəmişdir. O, pul vermədiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəki YPX-nin inspektoru polis baş serjantı X3 şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş 31 mart 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan video görüntüdən görünür ki, X7 idarə etdiyi “Kia Sorento” markalı, **-CD- *** dövlət qeydiyyat nişanlı minik avtomobili hərəkət istiqamətinin əksinə hərəkət etdirmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. X1 şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətinə əlavə etməmiş və o, məhkəmə icraatı zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş video görüntülərə məhkəmə iclasında baxış keçirilmiş və həmin video görüntüdən görünür ki, X7 idarə etdiyi “Kia Sorento” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili hərəkət istiqamətinin əksinə hərəkət etdirmişdir. İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir. X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 idarə etdiyi “Kia Sorento” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili hərəkət istiqamətinin əksinə hərəkət etdirməməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bunun əksi olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 qeyd olunan xətanı törətməsi video görüntü ilə müəyyən olunur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1nun şikayəti iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar sübutlarla öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə, X1nun şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Məhkəmə X5 Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 barəsində qəbul edilmiş 31 mart 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar