Məhkəmə qərarları › İş №3(075)-283/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-283/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-283/2025 30.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, xx.xx.1993-cü il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, evli, işləməyən, Şəki rayonu, Şin kəndində qeydiyyatda olmaqla yaşayan X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, X3 mərhum babasından qalma ov tüfəngini qanunsuz və heç bir sənəd olmadan Şəki rayonu Şin kəndində saxlaması səbəbindən inzibati qaydanı pozmuşdur. Qeyd edilən material üzrə X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞ-nə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki Şəki ŞRPŞ-nin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 05 may 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, HK-1/750 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, X4 və X1 əməllərində Azərbaycan Respublikası İXMnin 590.2-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati məsuliyyət tədbirlərin həyata keçirilməsi üçün qəbul edilmiş qərarın surəti şöbənin aidiyyəti xidmət sahəsinə göndərilməsi, X4 və X1 üzərindən aşkar olunmuş 1 ədəd silah zavod üsulu ilə istehsal edilmiş, “Toz” modelli, xarici çaxmaqlı, X 803 nömrəli, 20 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, qoşalüləli ov silahı və 1 ədəd silah zavod üsulu ilə istehsal edilmiş, “İj” modelli, E56134 nömrəli, xarici çaxmaqlı, 32 kalibrli, patronluğunun uzunluğu 70 mm olan təklüləli ov silahı DİN-nin X6 Baş İdarəsinə göndərilməsi üçün şöbənin aidiyyəti xidmət sahəsinə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin xx.xx.2025-ci il tarixli, 17/299 saylı ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 1 ədəd silah zavod üsulu ilə istehsal edilmiş, “İJ” modelli, 32 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “E56134” nömrəli, xarici çaxmaqlı, təklüləli tüfəngdir, yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir. Tədqiqata təqdim edilmiş 1 ədəd silah zavod üsulu ilə istehsal edilmiş, “TOZ” modelli, 20 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “X 803” nömrəli, xarici çaxmaqlı, qoşalüləli tüfəngdir, yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, X1 qeyd olunan hərəkətləri özünün polis bölməsində verdiyi izahatı, Şəki ŞRPŞ-dən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, X1 Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi və silahın müsadirə edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə Şəki ŞRPŞ-də saxlanılan 1 ədəd silah zavod üsulu ilə istehsal edilmiş, “İJ” modelli, 32 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “E56134” nömrəli, xarici çaxmaqlı, təklüləli tüfəng - saz vəziyyətdə olan yivsiz odlu ov silahı və 1 ədəd silah zavod üsulu ilə istehsal edilmiş, “TOZ” modelli, 20 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “X 803” nömrəli, xarici çaxmaqlı, qoşalüləli tüfəng - saz vəziyyətdə olan yivsiz odlu ov silahı dövlət nəfinə müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar