Məhkəmə qərarları › İş №3(075)-291/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-291/2025

07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-291/2025 07.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Şəki rayonu, Birinci Biləcik kəndində anadan olmuş, subay, orta təhsilli, işsiz, Şəki rayonu, Birinci Biləcik Ə/D, İkinci Biləcik kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəki Şəhər-Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Şəhər-Rayon Polis Şöbəsin polis sahə rəisi, polis kapitanı X4 tərəfindən tərtib olunmuş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs, Şəki rayon, Birinci Biləcik kəndində Rahib Ağasıyevə məxsus evin pəncərəsini sındıraraq ona ziyan vurmuşdur. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki Şəhər-Rayon Polis Şöbəsin polis sahə rəisi, kapitanı X4 izahat verərək bildirdi ki, HK-1\69 nömrəli material üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 12.01 2025-ci il tarixdə Şəki rayonu, İkinci Biləcik kəndində yaşayan X3 və Şəxs ailə münasibətləri zəminində aralarında baş vermiş mübahisə zamanı bir-birinə dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. X3 və Şəxs həmin əməlləri ilə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin, Şəxs X1 məxsus yaşayış evinin pəncərə şüşəsini sındırdığı üçün həmin əməli ilə Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Odur ki, X3 və Şəxs həmin əməllərinə görə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş qaydada, həmçinin Şəxs əməlinə görə Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bilirmişdir ki, 2015-ci il tarixdə Rahib Ağasıyevlə ailə həyatı qurublar və 2 uşaqları anadan olmuşdur. 2024-cü il dekabr ayında məhkəmənin qərarı ilə boşanmışlar. Məhkəmə prosesi getdiyi müddətdə və indiyədək uşaqlar ataları ilə birlikdə yaşayırlar, lakin məhkəmənin qərarı ilə uşaqlar onun himayəsinə verilmişdirlər. Keçmiş həyat yoldaşı Rahib isə uşaqları ona vermir. xx.xx.2025-ci il tarixdə uşaqlarını görmək üçün Rahibin evinə getmiş, lakin onun uşaqlarla görüşünə aralarında mübahisə yaranıb. Rahib onun üzünə şillə vurub, keçmiş qayınanası Teyvə ona hücum edərək saçından tutaraq yolmağa başlayıb, o da özünü müdafiə etmək istəyib. Anası onları ayırmaq üçün aralarına girib Rahib anasının baş nahiyəsinə yumruq vurubpilləkəndən yerə salıb və yerdı yıxılmış vəziyyətdə təpikləyib. Uşaqları üçün gətirdiyi payı mətbəxin pəncərəsini açaraq üstünə atdığı və onu təhqir etdiyi üçün əlində olan ağac parçası ilə pəncərəni vurub və nəticədə pəncərə sınıb və daha sonra oradan çıxıb gedib. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Kooperativlər Cəmiyyətinin Şəki rayon Kooperativlər Cəmiyyətinin İdarə Heyətinin xx.xx.2025-ci il tarixli 4 nömrəli məktubundan qeyd edilmişdir ki, 2025-ci ilin yanvar ayı üçün ölçüləri 50x80 santimetr olan 1 ədəd pəncərə şüşəsinin orta bazar qiyməti 7 manat təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində - 7 (yeddi) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar