Məhkəmə qərarları › İş №3(075)-292/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-292/2022

13.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-292/2022 13.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi ilə, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜB inspektoru, polis kapitanı X1 tərəfindən tərtib edilmiş 26 aprel 2022-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs QSC-nin istifadəsində olan «X4 XL Yük» markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili 11 mart 2022-ci il tarixdə, saat 12:48 radələrində texniki baxışdan keçirilmədən və icbari sığorta müqaviləsi bağlanılmadan idarə edilmişdir. İnzibati xətanın törədilməsi zamanı minik avtomobilini idarə etmiş fiziki şəxs haqqında məlumatların Şəki ŞRPŞ-ya göndərilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq, qanunvericilikdə müəyyən edilmiş müddətdə hüquqi şəxs tərəfindən məlumat verilməmişdir. Qeyd edilən material üzrə Şəxs QSC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-dən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş şəxs və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə protokol tərtib edən şəxsin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırma aparıb, iş materiallarını tədqiq edərək Şəxs QSC-nin inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar müəyyən etməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: 16 may 2021-ci il tarixli Şəki ŞRPŞ-nin DYPB-dən Şəxs QSC-yə göndərilmiş bildirişdən görünür ki, Şəxs QSC-yə məxsus «X4 XL Yük» markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edən sürücü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati xəta törətmiş, onun barəsində 5 (gün) ərzində ŞRPŞ-nin DYPB-yə məlumat verilməsi ilə bağlı müraciət olunmuşdur. İş materiallarında olan SS773605143AZ kodlu xəbərnamədən görünür ki, Şəki ŞRPŞ-nin DYPB tərəfindən Şəxs QSC-yə göndərilmiş müraciət 28 mart 2022-ci il tarixdə qəbul edilmişdir. İş materiallarında olan 000303 kodlu qəbzdən görünür ki, Şəxs QSC tərəfindən X3 İdarəsinin Şəki Rayon Şöbəsinnə göndərilmiş məlumat 29 mart 2022-ci il tarixdə çatdırılma xidmətinə təhvil verilmiş və qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Maddənin dispozisiyasından göründüyü kimi İXM-nin 347-ci maddəsində göstərilən inzibati xətanın yaranması üçün üç halın mövcudluğu şərtləndirilir; 1-ci inzibati xəta törətmiş nəqliyyat vasitəsinin hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olması, 2-ci fiziki şəxs haqqında məlumatın verilməsi barədə səlahiyyətli orqanın (vəzifəli şəxsin) sorğusunun daxil olması, 3-cü müvafiq sorğunun 5 gün müddətində cavablandırılmaması. Məhkəmə qeyd edir ki, «X4 XL Yük» markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin 11 mart 2022-ci il tarixdə, saat 12:48 radələrində Bakı şəhəri, Mərdəkan prospekti, 50 ünvanında texniki baxışdan keçirilmədən və icbari sığorta müqaviləsi bağlanılmadan idarə edilərək inzibati xətanın törədilməsi aydın şəkildə görünür. Bununla bağlı sorğu Şəxs QSC-yə göndərilmiş və 28 mart 2022-ci il tarixdə qəbul olunmuşdur. Lakin həmin avtomobili idarə edən şəxs barəsində məlumatı Şəxs QSC tərəfindən Şəki ŞRPŞ-nin DYPB müvafiq sorğusu daxil olan günün sonrası gün, yəni 29 mart 2022-ci il tarixdə çatdırılma xidmətinə təqdim olunmaqla göndərilmişdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə görə, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə yuxarıda şərh olunalara əsasən belə nəticəyə gəlir ki, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı halda məhkəmə yalnız icraatına daxil olmuş material üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin əməlində inzibati xəta tərkibinin mövcudluğu faktına münasibət bildirir. Məhkəməyə müraciət edilməmiş hallar üzrə isə heç bir fakta hüquqi qiymət vermir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar