Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-298/2025 11.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlunun, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X4 iştirakları ilə, xx xxxxxxxx 1991-ci il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, subay, işləməyən, əlilliyi olmayan, Şəki rayonu Birinci Biləcik kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 11 iyun 2025-ci il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlu məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2109/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Paşayeva (Abduləzizova) İlahə Mahir qızından 3 (üç) uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 26 avqust 2024-cü ildən hesablanmaqla hər ay cəmi 240 manat aliment alınaraq tələbkar X2 verilməlidir. İcra sənədi üzrə xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmış və tələbin könüllü icrası ilə birlikdə borclunun ünvanına göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməmişdir. Eyni zamanda borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olubolmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmişdir. Lakin borclunun adına heç bir pul vəsaiti və əmlak aşkar edilməmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdə borclunun ünvanına xəbərdarlıq məktubu göndərilərək yaranmış aliment borcunun ödənilməsini təmin etməyi və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlməyi tələb olunmuşdur. Borclu xx.xx.2025-ci il tarixdə çağırışa münasibət bildirmiş və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlmişdir, icra sənədinin icrası ilə əlaqədar borcludan izahatı alınmışdır. Borclu izahatında yaranmış aliment borcunu və aylıq aliment ödənişlərini tam ödəməyə imkanı çatmadığını və qazancı, imkanı olduqca ödəyə biləcəyini bildirmişdir. Tərəflərindən xx.xx.2025-ci il tarixdə yenidən borclunun ünvanına xəbərdarlıq məktubu göndərilərək yaranmış aliment borcunun ödənilməsini təmin etməyi və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlməyi tələb olunmuşdur. Borclu xx.xx.2025-ci il tarixdə çağırışa münasibət bildirmiş və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlmişdir. İcra sənədinin icrası ilə əlaqədar borcludan izahatı alınmışdır. Borclu izahatında hal-hazırda yaranmış 1245 manat aliment borcunu ödəməyə imkanı olmadığını və qazancı, imkanı olanda aliment borcunu və aylıq aliment ödənişlərini ödəyə biləcəyini bildirmişdir. Odur ki, borclu icra sənədi üzrə tələbi tam icra etməyərək icra məmurununun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu müəyyən ödənişlər edərək icra sənədinin icra etməsi təəsüratı yaratmağa və bununla da məsuliyyətdən yaxa qurtarmağa çalışmışdır. Borclu 2024-cü ilin noyabr ayından ödənişlər etməyə başlamışdır. Ümumilikdə 915 manat ödəniş olmuşdur. Noyabr ayında 150 manat, dekabr ayında 80 manat, yanvar ayında 135 manat, fevral ayında 140 manat, mart ayında 140 manat, aprel ayında 140 manat və may ayında 130 manat ödəniş etmişdir. Göstərilənlərə əsasən borclu Paşayeva (Abduləzizova) İlahə Mahir qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, maddi imkanı aşağıdır. O, yaşlı qadına baxır. Gündəlik 6 manat məbləğdə pul alır. Ayda iyirmi gün işləyir. İmkanı çatan qədər aliment ödəyir. Başqa heç bir yerdən gəlir yeri yoxdur. Aliment borcundan 915 manat məbləğdə ödəniş etmişdir. 2024-cü ilin noyabr ayından ödənişlərə başlamışdır. Noyabr ayında 150 manat, dekabr ayında 80 manat, yanvar ayında 135 manat, fevral ayında 140 manat, mart ayında 140 manat, aprel ayında 140 manat və may ayında 130 manat ödəniş etmişdir. İşlədikcə qalan borclarını da hissə-hissə ödəyəcəkdir. Tələbkar uşaqlara baxa bilmirsə, versin o, özü baxacaq uşaqlara. O, tələbkarın hərəkətləri ucbatından evdən qaçıb getmişdir. O qədər bezmişdir ki, ona görə uşaqlardan ayrı qalmağa belə razı olmuşdur. Barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X6 Vəkil Bürosunun vəkili X7 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, azyaşlı uşaqlara baxdığı üçün özü işləyə bilmir. Uşaq xəstədir. Borclu uşaqlardan imtina etmişdir. Alimenti ödəməkdən yayınır. Borclunun barəsində inzibati tənbeh tədbiri görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarına əsasən və işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İcra haqqında Azərbaycan respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsası sayılır. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. Yəni, o, barəsində çıxarılmış məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, borclu aliment borcundan 915 manat məbləğdə ödəniş etmiş, qalan borclarını da hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə belə vəziyyətdə borclunun icra sənədinin qərəzli olaraq icra etməməsinə şübhə ilə yanaşır və hesab edir ki, hazırki vəziyyətdə borclunun əməlində qərəzlilik yoxdur. Borclu hər ay ödənişlər edir. İcra məmuru və ya zərərçəkmiş şəxs tərəfindən borclunu daha çox ödəmək imkanının olması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasənda göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş İnzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-298/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-298/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver