Məhkəmə qərarları › İş №3(075)-300/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-300/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-300/2025 17.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxxx 1989-cu il tarixdə Şəki rayonu Çapağan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, subay, işləməyən, əlilliyi olmayan, Şəki rayonu Çapağan kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 tərəfindən tərtib edilmiş 17 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki rayon Məhkəməsinin 2(075)-424/2020-005 saylı, 08.06 2020ci il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirilmədiyindən borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki rayon Məhkəməsinin 2(075)-424/2020-005 saylı, 08.06 2020-ci il tarixli icra sənədinə əsasən Rəhman adlı uşağın saxlanması üçün hər ay 140 manat aliment Şəxs tutularaq X3 ödənilməlidir. Alimentin tutulmasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. İcra sənədi xx.xx.2020-ci ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin borclu tərəfindən tələbin icrası təmin edilməmiş, nəticədə 5320 manat aliment borcu yaranmışdır. Borclu alimenti ödəmədiyindən adına nəğd pul vəsaitlərinin olub-olmaması barədə, əmlakının olubolmaması barədə "Elektron İcra" sistemi vasitəsilə sorğular edilmiş, lakin borclunun adına heç bir pul vəsaiti və daşınar və daşınmaz əmlak əmlak aşkar edilməmişdir. Həmçinin borclunun evində əmlak vəziyyətinə baxış keçirilmiş, borclunun ünvanında tələb yönəldiləcək əmlak aşkar edilməmişdir. Borclu Ailə Məcəlləsinə uyğun olaraq yaşadığı yeri bildirməli olduğu halda yaşadığı yer barədə də dəqiq məlumat verməmiş, aliment ödəməkdən yayınmışdır. Borclunun yeri məlum olmadığından borclunun axtarılması barədə qərar qəbul edilərək Şəki ŞRPŞ-nə göndərilmiş, borclu barəsində axtarış işi açılmışdır. Şöbədə olarkən borcluya 5320 manat aliment borcunun olduğu bildirildi, aliment ödəyib-ödəməməsi barədə sual verildi, borclu bildirdi ki, xx.xx.2022-ci ildən sonra aliment ödəməyib. Yaranmış aliment borcunun ödənilməsi tələb edildi, borclu icra sənədi üzrə tələbi yerinə yetirmədi, aliment borcunun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirmədi. Şöbədə olarkən borclu izahatında bildirdi ki, hazırda Şəki rayonu Çapağan kəndində atasına məxsus evdə yaşayır, fəhləliklə məşğul olur, ayda 300 manat qazancı olur. Bütün bunlarla görünür ki, borclu icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən işlədiyi, qazancı olduğu halda yerinə yetirməyib və yerinə yetirməməkdə davam edir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu gün saat 11:00-da polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, tələbkardan ayrıldıqdan sonra ikinci dəfə ailə qurmuşdur. Daha sonra ikinci həyat yoldaşından da ayrılmışdır. Rəsmi iş yeri yoxdur. Fəhlə işləməklə qazanc əldə edir. Maddi imkanı aşağıdır. Gündəlik 10 manat qazancı olur. Son zamanlar Bakı şəhərində fəhlə işləmişdir. Maddi imkanı aşağı olduğu üçün aliment borcunu ödəyə bilməmişdir. İşləyib borcunu hissə-hissə ödəyəcəkdir. Bu gün saat 11:00da İcra şöbəsinə gətirilmişdir. X8 Vəkil Bürosunun vəkili X4 izahatında Şəxs əməlində hər hansı qərəz olmadığını, həmçinin X5 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Borclu tərəfindən icra sənədlərində göstərilən borcdan ödəniş edilməmiş, icra sənədləri tam olaraq icra edilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 17 iyun 2025-ci il tarixdə, saat 11:00-da polis əməkdaşları tərəfindən saxlanılaraq Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına gətirillmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 17:10-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 17 iyun 2025-ci il tarixdən, saat 11:00-dan məhdudlaşdırıldığından, Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan, yəni 17 iyun 2025-ci il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 17 iyun 2025-ci il tarixdən, saat 11:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar