Məhkəmə qərarları › İş №3(075)-301/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-301/2022

02.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-301/2022 02.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx xxxxxx 1976-cı il tarixdə Şəki rayonu Şin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, əlilliyi olmayan, Şəki rayonu Şin kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş 02 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1501/2021 nömrəli, 03 avqust 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 537.79 manat pul tutularaq tələbkar "xxxx" KB ASC-yə verilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, tələbkara ödəməli olduğu borclarının ödənişindən qərəzli olaraq yayınaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1501/2021 nömrəli, 03 avqust 2021-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs cəmi 537.79 manat pul tutularaq tələbkar "xxxx" KB ASC-yə verilməlidir. Qeyd edilən icra sənədi 07 sentyabr 2021-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında müvafiq bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. Lakin borclu Şəxs ötən müddət ərzində icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Borclu 2016 və 2017-ci illərdə kredit götürmüş və 2019-cu ilə dək ödəniş etməmişdir. 2019-cu ildə müqvilələr fərmanın təsiri altına düşdüyündən restruktizasiya olunmuş və 5 il müddətinə uzadılmışdır. Birinci ili ayda ödənişin bir manat, digər illərdə isə 8 manat olmasına baxmayaraq borclu yenə ödənişlərini etməmiş, nəticədə 2021-ci ilin icra sənədinə əsasən qeyd olunan borc yaranmışdır. Göründüyü kimi, borclu icra sənədini icra etmək niyətində deyil. Əlavə olaraq bildirdi ki, Şəxs 02 iyun 2022-ci il tarixdə, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 15:00-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 1501/2021 nömrəli, 03 avqust 2021-ci il tarixli icra sənədinə əsasən ondan cəmi 537.79 manat pul tutularaq tələbkar "xxxx" KB ASC-yə verilməlidir. İcra sənədindən məlumatı olmuşdur. Lakin maddi imkanı olmadığından heç bir ödəniş etməmişdir. Hal-hazırda səhəti işləməyə imkan vermir. Bu gün heç bir ödəniş edə bilmir. Ödəniş edəcək lakin vaxtını deyə bilmir. Maddi imkanı olanda. Əlavə olaraq bildirdi ki, 02 iyun 2022-ci il tarixdə, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 15:00-da məhkəməyə aparılmışdır. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 Kamal Molla oğlunun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş alimenti məlumatı və imkanı olduğu halda qərəzli olaraq icra etməmişdir. Bundan başqa borclunun məhkəmə iclasında qeyd etdiklərinə məhkəmə tənqidi yanaşır. Belə ki, borclunun icra sənədini icra etməməsinin səbəbini maddi imkansızlıqla bağlasada, məhkəmə hesab edir ki, borclu ifadəsində səmimi deyil, göstərilən səbəb özünümüdafiə xarakteri daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 02 iyun 2022-ci il tarixdə, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 15:00-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 02 iyun 2022-ci il tarixdə, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 02 iyun 2022-ci il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 02 iyun 2022-ci il tarixdən, saat 10:00-dan hesablansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar