Məhkəmə qərarları › İş №3(075)-302/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-302/2021

04.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-302/2021 04.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Şəki ŞRPŞ-nin nümayəndəsi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X9, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx xxxxx 1987-ci il tarixdə Şəki rayonu Cumay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, əlilliyi olmayan, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, Şəki rayonu Cumakənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 35 saylı poliklinikanın yanında yerləşən həyət evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 03 iyun 2021-ci il tarixdə, saat 01:00 radələrdə Şəki rayonu Şorsu kəndində yerləşən “Əyriçay su anbarı”nda mübahisə zəminində X7 döymüşdür. Onun barəsində tərtib edilmiş Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə 03 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəki ŞRPŞ-nin nümayəndəsi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X15 inzibati protokoldakı xüsusatları təsdiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, sərxoş olduğu üçün hadisəni tam xatırlamır. Lakin onu göstərə bilər ki, gün ərzində müxtəlif vaxtlarda spirtli içki qəbul etmiş və sərxoş olmuşdur. Zərərçəkmiş şəxs Tural Həmidovla aralarında mübahisə sonuncunun təqsiri nəticəsində yaranmışdır. Belə ki, Tural Həmidov onlara söyüş söydüyü üçün onlar əlbəyaxa olmuşlar. Lakin onu vurmamış, dişləməmiş, hər hansı xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxsdən onu bağışlamasını xahiş edir. Ailəli olmaqla, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin hərəkətlərini əsəbi halda ilk dəfə etməsini bildirərək barəsində yüngül inzibati xəta təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X11 bildirdi ki, 02 iyun 2021-ci il tarixdə saat 15 radələrində iş yoldaşı X13 və atası X5 ilə birlikdə Şəki rayonu Cumakənd kəndi yaxınlığında yerləşən “Əyri çay” su anbarına balıq tutmaqdan ötrü getmişlər. Həmin gün axşam saatlarınadək həmin şəxslərlə birlikdə balıq tutmaqla məşğul olmuşlar. 02 iyun 2021-ci il tarixdən 03 iyun 2021-ci il tarixə keçən gecə yavaş-yavaş həmin yeri tərk etmək üçün hazırlaşmışlar. Həmin vaxt magistral yolun kənarı ilə piyada hərəkətdə olan 5-6 nəfər şəxs onların əlində olan fənərləri görərək həmin yerdə nə etmələri ilə bağlı sual vermişlər. Ruslan həmin sualın cavabında “sizə nə lazımdır” deyə bildirmişdir. Bundan sonra həmin şəxslər onların ünvanına nalayiq ifadələr işlətmişlər. Ruslan bunun cavabında polis əməkdaşı olduqlarını bildirərək etik davranış qaydalarına riayət etmələrini xahiş etmişdir. Bundan sonra isə həmin şəxslərdən biri polisin ünvanına da nalayiq ifadə işlətmiş və onların yanına gələcəyini bildirərək həmin şəxslərdən 2 nəfəri balıq tutduqları su kanalının digər hissəsi ilə dərəyə enmişlər. Daha sonra isə həmin 2 nəfər şəxs su kanalının digər hissəsindən bonların olduğu hissəyə üzməyə başlamış və onların olduğu quru sahəsinə çatmışlar. Quru sahəsinə çatdıqdan sonra həmin şəxslərdən biri, yəni sonradan adını bildiyi Teymur adlı şəxs üstünə gələrək yumruqla sifət nahiyəsindən bir dəfə vurmuş, sonradan adını bildiyi Murad adlı şəxs arxa hissəsinə keçərək, boğaz nahiyəsindən tutmaqla onu yerə yıxmış, yerdə yıxılı vəziyyətdə olan zaman Murad adlı şəxs onu boğmağa davam etmiş, eləcə də Teymur adlı şəxs də onun sifət nahiyəsindən yumruqla bir neçə dəfə də vurmuşdur. Həmin vaxt atası Nurəddin və iş yoldaşı Ruslan onları aralaşdırmağa çalışmışdır. Həmin şəxslər onu döyməyə davam edən zaman o, qışqırmağa başlamış və səsinə Teymur adlı şəxsin atası Əkrəm adlı şəxs quru yolu ilə onların yanına gəlmişdir. Həmin an Teymur iş yoldaşı Ruslanı da döyməyə çalışdığı üçün Ruslan həmin yerdən kənarlaşmışdır. Əkrəm adlı şəxs ilə atası Nurəddin onları aralaşdırmağa çalışan zaman o, su kanalının qamışlıq hissəsinə yumalanmış və bundan sonra həmin yerdən uzaqlaşa bilmiş, bir müddət həmin şəxslərdən kənarda gizlənmişdir. Həmin müddətdə o, Teymur və Murad adlı şəxslərin “Vüsal yoxdur” deyə qışqırmalarını eşitmiş, lakin nə baş verməsini anlamamışdır. Bir müddət sonra isə PPXB-nin əməkdaşlarının həmin yerə gəldiyini görmüş və polis əməkdaşlarına yaxınlaşaraq bu barədə məlumat vermişdir. Polis əməkdaşları ilə Teymur və Muradın onu döydükləri yerə qayıtmış və orada sonradan adını bildiyi Vüsal adlı şəxsin su kanalının kənarında ölü vəziyyətdə olduğunu görmüşdür. Məhkəmə tərəfindən verilən suallara cavab olaraq bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmamışdır və ondan şikayətçidir. Məhkəmədən ona layiqli cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayonlararası Mühafizə Şöbəsində polis nəfəri işləyir. 03 iyun 2021-ci il tarixdə DİN-in 102 xidmətinə müraciət edərək Şəki rayonu Şorsu kəndində münaqişə olması barədə məlumat vermişdir. O, X11 və sonuncunun atası X5 03 iyun 2021-ci il tarixdə, saat 01 radələrində Şəki rayonu Şorsu kəndi ərazisində Əyriçay su snbarında balıq tutarkən onlarla həmin ərazidən keçən X16, Şəxs, X17, X21, X12 və X19 arasında əvvəl sözlə mübahisə yaranmışdır. Daha sonra Şəxs, X21 və X19 həmin ərazidə olan su hövzəsini üzərək qarşı onlara yaxınlaşmaq istəmişlər Daha sonra Şəxs və X21 onlarla dava-dalaş etmiş, Şəxs Tural Həmidovun sifət nahiyəsinə bir neçə dəfə yumruqla vurmuş, Murad İsayev onun boğaz nahiyəsindən tutmaqla Turalı yerə yıxmışdır. Tural yerdə yıxılı vəziyyətdə olan zaman Murad adlı şəxs onu boğmağa davam etmiş, Teymur isə onu yumruqla vurmağa davam etmişdir. Daha sonra onları ayırmışlar. Həmçinin, X3 qarşı tərəfə üzərək keçmək istəyərkən boğularaq ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 şahid X8 verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etdi. İş materiallarına əlavə edilmiş 03 iyun 2021-ci il tarixli, 106c-21 saylı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan müəyyən olunur ki, 03 iyun 2021ci il tarixdə, saat 01 radələrində aralarında baş vermiş mübahisə zamanı X2 Tural Nurəddin oğlunun boğaz nahiyəsindən tutmaqla onu yerə yıxmış və onu yerdə boğmağa davam etmiş, bu zaman Şəxs Tural Həmidovun sifət nahiyəsindən yumruqla bir neçə dəfə qəsdən vuraraq ona alın, burun tağı, üst dodaq, bel və qarının ön divar nahiyələrinin sıyrıqları, sağ gicgah və sağ çənə bucağının travmatik şişkinlikləri, bel nahiyəsinin dəri tamlığının pozulmaması ilə müşayiət olunan dişlənmiş yaraları ilə nəticələnən sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişlər. Bundan əlavə Şəxs və X21 hadisə zamanı onları aralaşdırmağa çalışmış X10 və X1 zorakı hərəkətlər edərək fiziki ağrı yetirmişlər. İş materiallarına əlavə edilmiş MTE və PA ETT Birliyinin Şəki şəhər şöbəsindən verilmiş 03 iyun 2021-ci il tarixli, 226 nömrəli rəyindən görünür ki, X6 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: alın, burun tağı, üst dodaq, bel və qarının ön divar nahiyələrinin sıyrıqları, sağ gicgah və sağ çənə bucağının travmatik şişkinlikləri, bel nahiyəsinin dəri tamlığının pozulmaması ilə müşayiət olunan dişlənmiş yaraları bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xəsarətin döyülmə zamanı əmələ gəlməsi istisna edilmir, müddəti qərarda qeyd edilən 03 iyun 2021-ci il tarixinə uyğundur və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan sübutlarla tam sübuta yetirildi. Məhkəmə nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu məhkəmə baxışında təqsirsiz olduğunu bildirsə də, sərxoş olduğundan hadisəni xatırlamadığını da qeyd etmiş, verdiyi ifadələrində qeyri-səmimi olmuşdur. Məhkəmə göstərilənləri nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsinə tənqidi yanaşır və bunu Şəxs oğlunun məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmədi. İşdə olan Şəki RMX-nin Narkoloji Şöbəsinin 03 iyun 2021-ci il tarixli, 153A nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoş olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 33.1.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi Şəxs məsuliyyətini ağırlaşdıran hal olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd oluanan Məcəllənin 30.3-cü maddəsinin tələbinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs oğluna tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 03 iyun 2021-ci il tarixdən, saat 18:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar