Məhkəmə qərarları › İş №3(075)-303/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-303/2021

04.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-303/2021 04.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil, İnzibati xəta haqqında protokol tərtib edən şəxs: Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X5, Zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx xxxxx 1995-ci il tarixdə Şəki rayonu, Cumay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əlilliyi olmayan, Şəki rayonu, Cumakənd kəndində yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 03 iyun 2021-ci il tarixdə, saat 01:00 radələrində Şəki rayonu, Şorsu kəndində, Əyriçay su anbarında mübahisə zəminində X1 zərər vurmaya bədən xəsarətləri yetirməklə onu döymüşdür. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Şəki Rayon Polis Şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X9 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs 03 iyun 2021-ci il tarixdə, saat 01:00 radələrində Şəki rayonu, Şorsu kəndində, Əyriçay su anbarında mübahisə zəminində X1 zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Araşdırma zamanı tərəflərə barışıq təklif edilsə də onlar arasında barışıq əldə edilməmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, Afiq, Teymur və Hakim onun həmkəndliləri, Vüsal və Mahir adlı şəxslər onun tanışlarıdır. 02.06.2021-ci il tarixdə saat 16:00 radələrində Teymur və Hakim ilə birlikdə Şəki rayon, “Əyri çay” yaşayış məntəqəsində yerləşən kafeyə gedib orada yeyib-içmişlər. Sonradan onların yanına Mahir, Afiq və Vidadi adlı həmkəndlisi də gəlmişdir. Onlar həmin kafedə spirtli içki də qəbul etmişlər və yeyib-içdikdən sonra birlikdə Şəki rayon Şorsu kəndinin yaxınlığında yerləşən “Görüş” adlı kafeyə getmişlər. Lakin Vidadi adlı şəxs işinin olmasını bildirərək onlarla birlikdə getməmişdir. Saat 23:00 radələrində həmin kafeyə çatmışlar və orada da spirtli içki olan pivə içmişlər. Saat 23:50 radələrində kafelər bağlandığı üçün həmin kafeni tərk edərək, yaşadığı kənd istiqamətində getmişlər. Hakimin isə həmin kafedən çıxması, ümumiyyətlə onlarla getməsini xatırlamır, eləcə də, hansı istiqamətdə getməsi barədə məlumatı olmamışdır. Təxminən 10-15 dəqiqə sonra onlar Şəki rayon, Cumakənd kəndi yaxınlığında yerləşən “Əyri çay” su anbarının yanına çatmışlar. Həmin vaxt orada bir qrup şəxsin balıq tutmaqla məşğul olduğunu görmüşlər. O, həmin an balıq tutan şəxslərə su anbarında balıq olub-olmaması, eləcə də, balıq tuta bilib-bilməmələri barədə sual vermişdir. Həmin şəxslər isə ona kobud şəkildə cavab vermişlər. Bundan sonra o, Teymur ilə birlikdə anbarın bir hissəsi olan su kanalının sol hissəsi ilə dərəyə düşmüşlər. Dərəyə düşdükdən sonra həmin balıq tutan şəxslər su kanalının sağ kənarında, yəni ki, kanalın Teymur ilə birlikdə olduqları hissəsinin digər tərəfində olduqlarından həmin hissəyə Teymur ilə birlikdə kanala daxil olub paltarlı üzməklə digər tərəfə keçmişlər. Kanalını eni təxminən 15 metr dərinliyi isə 2.5 metr olarmış. Həmin balıq tutan şəxslərin yanına çatdıqda onlarla aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı sərxoş olduğu üçün həmin şəxslərdən kimisə vurmağını xatırlamır, sadəcə olaraq, həmin şəxslərlə fiziki təmasda olmamağından ötrü Teymurun onu tutaraq yerə yıxmasını xatırlayır. Bir müddət həmin balıq tutan şəxslərə aralarında mübahisə davam etmişdir. Münaqişə zamanı bir-birlərinə əl qol atmalarını da xatırlayır. Həmin vaxt Mahir ilə Afiq magistral yolun kənarında qalmışdılar və onlar anidən “Vüsal yoxdur” deyə qışqırmağa başlamışlar. Bundan sonra o, Teymur ilə birlikdə su kanalına daxil olaraq gəldikləri istiqamət ilə əksinə üzməyə başlamışlar. O, Teymur ilə su kanalında olarkən, Teymur su kanalında olan Vüsalı tapdığını, eləcə də, boğulduğunu bildirmişdir. Bir müddətdən sonra isə hüquq mühafizə orqanlarının əməklaşları hadisə yerinə gəlmişlər. Təqsirini qəbul edir. Etdiyi hərəkətlərdən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək göstərdi ki, polis əməkdaşıdır, lakin hazırda məzuniyyətdədir. 02.06.2021-ci il tarixdə saat 15:00 radələrində iş yoldaşı X7 və atası X3 ilə birlikdə Şəki rayon, Cumakənd kəndi yaxınlığında yerləşən “Əyri çay” su anbarına balıq tutmaqdan ötrü getmişlər. Həmin gün axşam saatlarınadək qeyd etdiyi şəxslərlə birlikdə balıq tutmaqla məşğul olmuşlar. 02.06.2021-ci il tarixdən 03.06.2021-ci il tarixə keçən gecə onlar yavaş-yavaş həmin yeri tərk etmək üçün hazırlaşmışlar. Həmin vaxt magistral yolun kənarı ilə piyada hərəkətdə olan 5-6 nəfər şəxs onların əlinə olan fənərləri görərək onlara həmin yerdə nə etmələri ilə bağlı sual vermişlər. Ruslan həmin sualın cavabında “sizə nə lazımdır” deyə bildirmişdir. Bundan sonra həmin şəxslər onların ünvanına nalayiq ifadələr işlətmişlər. Ruslan bunun cavabında polis əməkdaşı olduqlarını bildirərək etik davranış qaydalarına riayət etmələrini xahiş etmişdir. Bundan sonra isə həmin şəxslərdən biri polisin ünvanına da nalayiq ifadə işlətmiş və onların yanına gələcəyini bildirərək, həmin şəxslərdən 2 nəfəri balıq tutduqları su kanalının digər hissəsi ilə dərəyə enmişlər. Daha sonra isə həmin 2 nəfər şəxs su kanalının digər hissəsindən onların olduğu hissəyə üzməyə başlamışlar və onların olduğu quru sahəsinə çatmışlar. Quru sahəsinə çatdıqdan sonra həmin şəxslərdən biri, yəni sonradan adını bildiyi Teymur adlı şəxs üstünə gələrək yumruqla sifət nahiyyəsindən bir dəfə vurmuş, bundan sonra sonradan adını bildiyi Murad adlı şəxs arxa hissəsinə keçərək, boğaz nahiyyəsindən tutmaqla onu yerə yıxmış, yerdə yıxılı vəziyyətdə olan zaman sonradan adını bildiyi Murad adlı şəxs onu boğmağa davam etmiş, eləcə də, Teymur adlı şəxs də onun sifət nahiyyəsindən yumruqla bir neçə dəfə vurmuşdur. Həmin vaxt atası Nurəddin və iş yoldaşı Ruslan onları aralaşdırmağa çalışırmışdır. Həmin şəxslər onu döyməyə davam edən zaman o, qışqırmağa başlamış və səsinə Teymur adlı şəxsin atası Əkrəm adlı şəxs quru yolu ilə onların yanına gəlmişdir. Həmin an Teymur iş yoldaşı Ruslanı da döyməyə çalışdığı üçün iş yoldaşı Ruslan həmin yerdən kənarlaşmışdır. Əkrəm adlı şəxs ilə atası Nurəddin onları aralaşdırmağa çalışan zaman o, su kanalının qamışlıq hissəsinə yumalanmış və bundan sonra həmin yerdən uzaqlaşa bilmiş və bir müddət həmin şəxslərdən kənarda gizlənişdir. Həmin müddətdə o, Teymur və Murad adlı şəxslərin “Vüsal yoxdur” deyə qışqırmalarını eşitmiş, lakin, nə baş verməsini anlamamışdır. Bir müddət sonra isə PPXB-nün əməkdaşlarının həmin yerə gəldiyini görmüş və polis əməkdaşlarına yaxınlaşaraq bu barədə məlumat vermişdir. Polis əməkdaşları ilə Teymur və Muradın onu döydükləri yerə qayıtmış və orada bir nəfər şəxsin yəni ki, sonradan adını bildiyi Vüsal adlı şəxsin su kanalının kənarında ölü vəziyyətdə olduğunu görmüşdür. Hazırda Şəxs şikayətçidir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, DİN-nin BMİ-nin Şəki rayonlararası mühafizə şöbəsində polis nəfəri işləyir. Sözügedən hadisə baş verən gün onun istirahət günü olmuşdur. 02.06.2021-ci il tarixdə saat 15:00 radələrində iş yoldaşı X6 və sonuncunun atası X3 ilə birlikdə Şəki rayon, Cumakənd kəndi yaxınlığında yerləşən “Əyri çay” su anbarına balıq tutmaqdan ötrü getmişlər. Həmin gün axşam saatlarınadək qeyd etdiyi şəxslərlə birlikdə balıq tutmaqla məşğul olmuşlar. 02.06.2021-ci il tarixdən 03.06.2021-ci il tarixə keçən gecə onlar yavaş-yavaş həmin yeri tərk etmək üçün hazırlaşmışlar. Həmin vaxt magistral yolun kənarı ilə piyada hərəkətdə olan 5-6 nəfər şəxs onların əlində olan fənərləri görərək onlara həmin yerdə nə etmələri ilə bağlı sua vermişlər. O, həmin sualın cavabında “sizə nə lazımdır” deyə bildirmişdir. Bundan sonra həmin şəxslər ünvanlarına nalayiq ifadələr işlətmişlər. O isə bunun cavabında polis əməkdaşı olduqlarını bildirərək etik davranış qaydalarına riayət etmələrini xahiş etmişdir. Bundan sonra isə həmin şəxslərdən biri polisin ünvanına da nalayiq ifadə işlətmiş və onların yanına gələcəyini bildirərək, həmin şəxslərdən 2 nəfəri balıq tutduqları su kanalının digər hissəsi ilə dərəyə enmişlər. Daha sonra isə həmin 2 nəfər şəxs su kanalının digər hissəsindən onların olduğu hissəyə üzməyə başlamışlar və onların olduğu quru sahəsinə çatmışlar. Quru sahəsinə çatdıqdan sonra həmin şəxslərdən biri, yəni ki, sonradan adını bildiyi Teymur adlı şəxs üstlərinə gələrək yumruqla Turalın sifət nahiyyəsindən bir dəfə vurmuş, bundan sonra sonradan adını bildiyi Murad adlı şəxs Turalın arxa hissəsinə keçərək, boğaz nahiyyəsindən tutmaqla onu yerə yıxmış, yerdə yıxılı vəziyyətdə olan zaman sonradan adını bildiyi Murad adlı şəxs onu boğmağa davam etmiş, o, Murada mane olmaq istədikdə, Teymur adlı şəxs onu kənara itələyərək, Turalın sifət nahiyyəsindən yumruqla bir neçə dəfə vurmuşdur. Həmin vaxt Turalın atası Nurəddin ona kömnək etməyə və Turalı aralaşdırmağa çalışmışdır. Həmin şəxslər Turalı döyməyə davam edən zaman Tural qışqırmağa başlamış və səs- küyə Teymur adlı şəxsin atası Əkrəm adlı şəxs quru yolu ilə onların yanına gəlmişdir. Həmin an Teymur onu itələdikdən sonra o, həmin yerdən qaçaraq uzaqlaşmış və magistral yolda DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Təxminən 10-15 dəqiqədən sonra polis əməkdaşları gəlmişlər və o, polis əməkdaşları ilə birlikdə yenidən hadisə yerinə qayıtmışdır. Hadisə yerinə qayıtdıqda sonradan adını bildiyi Vüsal adlı şəxsin su kanalının kənarında meyitinin olduğunun şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 da şahid X7 ilə eyni məzmunda ifadə vermişdir. İşdə olan MTE və PA ETT Şəki şəhər şöbəsinin 03 iyun 2021-ci il tarixli 226 nömrəli rəyindən görünür ki, X2 məhkəmə tibb ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: alın, burun tağı, üst dodaq, bel və qarının ön divar nahiyələrinin sıyrıqları, sağ qicgah və sağ çənə bucağının travmatik şişkinlikləri, bel nahiyəsinin dəri tamlığının pozulmaması ilə müşaiyət olunan dişlənmiş yaraları bərk-küt əşyanın təsirindən törənmişdir, xəsarətin döyülmə zamanı əmələ gəlməsi istisna edilmir, müddəti qərarda qeyd edilən 03.06.2021-ci il tarixinə uyğundur və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan 03 iyun 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 03 iyun 2021-ci il tarixdə, saat 18:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclası zamanı Şəki ŞRPŞ-dən daxil olmuş materialla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq olunur. Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, əvvəllər inzibati xəta törətməsini, əmlak vəziyyətini nəzərə alaraq məhkəmə, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirini tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. İnzibati həbsə alınmanın əvvəli onun hüquqlarının Şəki ŞRPŞ-də faktiki məhdudlaşdırıldığı vaxtdan yəni, 03 iyun 2021-ci il tarixdən, saat 18:00-dan hesablanmalıdır. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 128-130-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 1 ay müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun hüquqlarının Şəki ŞRPŞ-də faktiki məhdudlaşdırıldığı vaxtdan yəni, 03 iyun 2021-ci il tarixdən, saat 18:00-dan hesablansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar