Məhkəmə qərarları › İş №3(075)-309/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-309/2025

18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-309/2025 18.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Şəki rayonunun, Aşağı Küngüt kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Şəki rayonunun, Aşağı Küngüt kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki Şəhər-Rayon Polis Şöbəsindən Şəxs İXM-in 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* seriya nömrəli xx.xx.2025-ci il tarixli protokolda qeyd olunmuşdur ki, Şəxs tanışı olan Teymur, Möhlüd, Kamal və Orxan adlı şəxslərlə oyun kartı vasitəsilə 1 manatdan qumar oynamışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq Şəki Şəhər-Rayon Polis Şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Şəki Şəhər-Rayon Polis Şöbəsi nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasına baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışında izahat vermiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə o kafedə olarkən uşaqlar gəlib, o başqa uşaqlara çay verirmiş. Uşaqlar çörək yeməyə gəlmişlər. Yumurta, sosiska almışlar. Onu bişirib-verib, yemişlər. Sonra onun xəbəri olmadan 10 qəpikdən duraka oynayıblar. O ərəfədə polis əməkdaşları gəlmiş və içəri girmişdir. Onları tutmuşlar və gəlmişlər Polis İdarəsinə. Həmin kafeyə gələn şəxslər Teymur, Kamal, Orxan, Möhlüd gəlib, çörək yemiş və sonra duraka oynamışlar. Etdikləri işdən peşmandır, bir də etməyəcəkdir. Ortada 3 ,90 qəpik pul olmuşdur. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs qeyd olunan hərəkətlər nəticəsində törətdiyi iddia edilən İXM-nin 525-ci maddəsi ilə qanunverici “Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə” olan hərəkətləri özündə etiva etmişdir. İXM-nin 525-ci maddəsinin sanksiyasında, oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə nəzərdə tutulur. Məhkəmə, fikrini aşağıdakı kimi əsaslandıraraq qeyd edir ki, bu əmələ və hərəkətlərə ilk növbədə qumar oyunu dedikdə nə başa düşüldüyünə aydınlıq gətirilməli, sonra isə hazırki iş üzrə cəlb edilmiş şəxsin qumar oyununda iştirak edib etmədiyinə hüquqi qiymət verilməlidir. İXM-nin 401-cu maddəsinin qeydində göstərilir ki, bu Məcəllədə “qumar oyunları” dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyrimüəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür. Məhkəmə qeyd edir ki, hazırkı işin hallarına görə barəsində inzabati xəta haqqında iş üzrə icraat aparılan şəxsin pul müqabilində kart oynadığı mübahisə edilmədən təsdiqini tapır. Lakin qumar oyununun baş verməsi üçün tək oyunun pul vəsaitləri hesabına baş verməsi kifayət etmir. Eyni zamanda bu uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) olmalıdır. Deməli burada oyunun özünün hansı oyun olduğu – yəni, qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) olduğu və oyunun nə müqabilində yəni, pul vəsaitləri, maddi və sair nemət (uduş) məqsədilə keçirildiyi önəm daşıyır. Əgər oyun qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) deyilsə, hər hansı bacarıq, bilik, düşüncə və sair hesabına udmağa söykənirsə və pul vəsaitləri, maddi və sair nemət (uduş) müqabilində oynanılmırsa, havayı, təmənnasız oynanılırsa qumar hesab edilmir. Hazırkı iş üzrə müəyyən edilir ki, 5 nəfər yarışaraq iştirakçı kimi oynamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oyunçulardan biri olmuşdur. Həmin gün nə qədər oyun oynanıldığı, nə qədər pul toplandığı və nəyə səf edildiyini təsdiq edən heç bir sübut iş materiallarında müəyyən edilməmişdir. Məhkəməyə təqdim edilmiş materialda olmadığı üçün hadisə yerinə baxış haqqında protokolu tərtib edilib-edilmədiyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmənin qənaətinə görə 10 qəpikdən oynanılıb cəmi 3.90 manat toplanan oyuna görə 3000 manatlıq cərimənin edilməsi mütənasiblik baxımından tam yuğunsuz və ədalətsiz görünür. Eyni zamanda qanunverici də bu cür oyunu qumar kimi nəzərdə tutmur, dövlətdən gəlirini, ödəməli olduğu vergini ödəməyib qanunsuz fəaliyyət göstərən, dövlət ödənişlərindən gizlədilən böyük həcmlə oynanılan qumar oyunu üçün həmin məbləğdə cərimə nəzərdə tutur. Bu məbləğdə cərimənin qazanc əldə etmək niyyəti ilə deyil, vaxt keçirmək üçün ümumilikdə ortaya qoyulan 3.9 manata görə 3000 manat məbləğində edilməsi tarazlıq yarada və ədaləti bərpa edə bilməz. Belə olan halda hazırkı iş üzrə kart oyununun uduşunu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun kimi qumar hesab edib, barəsində inzabati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsili bilinib, inzibati tənbehə məruz qoyulması qanuni və ədalətli ola bilməz. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə hesab edir ki, toplanmış material üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış Şəxs çayxanada çay içdikləri şəxslərlə uduşa yığılmış pul hesabına çay pulunu ödəmək üçün oynadıqları kart oyunu uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun olmayıb qumar hesab edilmədiyindən İXM-nin 525-ci maddəsində nəzərdə tutulan “qumar oyununda iştirak etmək” inzibati xəta hadisəsi olmamışdır. Bu səbəbdən də Şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığı əsası ilə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar