Məhkəmə qərarları › İş №3(075)-310/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-310/2023

13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-310/2023 13.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 və tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1975-ci il tarixində Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, evli, fərdi əməkla məşğul olan, əlilliyi olmayan, Şəki rayonu, Şəki kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 tərəfindən tərtib edilmiş 11 aprel 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-215 nömrəli, xx.xx.2008-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 5000 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Sözügedən borc borclu tərəfindən ödənilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. Bununla da X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 tərəfindən tərtib edilmiş 11 aprel 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün 11 aprel 2023-cü il tarixdə Şəki Rayon Məhkəməsinə göndərilmiş, Şəki Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 3(075)-310/2023 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 3(075)-310/2023 saylı qərarından Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 apellyasiya şikayəti 26 may 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Apellyasiya şikayəti baxılması üçün iş materialları ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 3(107)-155/2023 saylı qərarı ilə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X8 tərəfindən verilmiş şikayət qismən təmin edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair inzibati xəta haqqında iş üzrə Şəki Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 11 aprel 2023-cü il tarixli, 3(075)-310/2023 saylı qərarı ləğv edilməsi, inzibati xəta haqqında protokol və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X7 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-215 nömrəli, xx.xx.2008-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 5000 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2008-ci il tarixlərində Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərar qəbul olunmuş, qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin icra sənədi borclu tərəfindən nə könüllü icra müddəti ərzində, nə də onda sonra keçən uzun müddət ərzində tələbin icrası tam təmin edilməmiş, borc məbləğlərindən cəmi 1500 ABŞ dolları ödənilmiş, icra sənədi qalan 3500 ABŞ dolları hissədə ödənilməmiş qalmışdır. Tələb borclu tərəfindən yerinə yetirilmədiyindən borclunun əmlakının axtarışına başlanılmış, adına pul vəsaitlərinin və bank hesablarının olubolmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmişdir. Lakin borclunun adına heç bir pul vəsaiti və tələb yönəldiləcək həcmdə əmlak aşkar edilməmişdir. Borclu izahatında bildirdi ki, 2008- 2023-cu illər ərzində Rusiya Federasiyasına getmiş, orada tikintilərdə usta işləmiş, işlədiyi müddətdə kifayət qədər gəliri olmuşdur. Borclunun izahatından da göründüyü kimi borclu icra sənədinin verildiyi 15 il müddətdən sonra işləmiş, gəlir əldə etmiş, lakin icra sənədləri üzrə olan borcunu tam ödəməmişdir. Borclu şöbədə olarkən bir daha borcunun ödənilməsi tələb edildi, borclu borcunu tam ödəməkdən imtina etdi, 500 manat hissəsini ödəyə bildiyini, qalan borcunu isə bu barədə məhkəmə qərarı olmadığı halda ayda 40 manat olmaqla ödəyəcəyini bildirdi. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu müdafiə etmiş, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-215 nömrəli, xx.xx.2008-ci il tarixli icra sənədi üzrə ondan 5000 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Onun icra sənədlərindən məlumatı vardır. Maddi imkanı aşağı olduğu üçün borcunu ödəyə bilməmişdir. Bildirmişdir ki, o, 2010-cu ildən 2016-cı ilə kimi Rusiya Federasiyasında yaşamışdır. O, Rusiya Federasiyasında tikintidə usta işləmişdir. Aylıq 300 – 350 manat qazancı olmuşdur. Göstərmişdir ki, o, icra sənədlərində göstərilən borcundan 1500 ABŞ doları məbləğində ödəniş etmiş, qalan 3500 ABŞ dolları borcunu ödəyə bilməmişdir. Onun hal-hazırda borcunu ödəməyə maddi imkanı yoxdur. Borcundan 500 manat ödəniş edə bilər. Qalan borcundan ayda 50 manat olmaqla ödəyə bilər. Borcunu qəbul edir. olduğu əməlindən peşmandır. Ailəlidir, himayəsində iki azyaşlı uşağı vardır. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 Sahib Əli oğlunun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 215 nömrəli, xx.xx.2008-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 5000 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq ona ödənilməlidir. Borclu Şəxs ona olan borcundan 1500 ABŞ dollarını ödəmiş, qalan 3500 ABŞ dollarını ödəməmişdir. Bildirmişdir ki, borclunun vəziyyətini başa düşür. Borclunun maddi imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Borclu Şəxs ona olan borcundan 500 manatını verib, qalan borcunu aylıq 50 manat olmaqla hissə-hissə ödənilməsinə etirazı yoxdur. Bu barədə borclu ilə razılaşmışlar. Borcludan heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraat xitam verilməsini xahiş etdi. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən yazılmış 03 iyul 2023-cü il tarixli ərizədən görünür ki, Şəxs tələbkara olan borc məbləğini hər ay 50 manat olmaqla, hissə-hissə ödəyəcəyini qeyd etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış 03 iyul 2023-cü il tarixli ərizədən görünür ki, tələbkar Zərərçəkmiş şəxs Şəxs ona olan 5350 manat məbləğində borcunu hər ay 50 manat olmaqla, hissə-hissə ödənilməsinə razı olduğunu qeyd etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə tərtib olunmuş protokolun qanuni əsasının, yəni Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiya şərtlərinin mövcudluğuna hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinmayə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin dispozisiya şərtlərindən də göründüyü kimi, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi ilə şərtləndirilmişdir. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq Şəxs tərəfindən məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsini təqsirli şəkildə yol vermiş olması tələb olunur. Məhkəmə işdə olan sənədləri nəzərdən keçirib, barəsində inzibati iş üzrə icraat aparılan şəxsin və icra məmurunun ifadələrini dinləyib hesab edir ki, Şəxs barəsində olan icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmamışdır. Həmçinin tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək, borcun ödənilməsi barədə borclu ilə aralarında razılaşma olduğunu bildirmiş, Şəxs barəsində tənbeh tədbiri görülməməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi işə məhkəmədə baxılarkən Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması təsdiq olunmadı. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs barəsində 11 aprel 2023-cü il tarixdə tərtib edilmiş inzibati protokol əsasında başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar