Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-312/2025 14.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakları ilə xx.xx.1982-ci ildə Şəki rayonunun Oxud kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, deməsinə görə məhkumluğu olmayan, Şəki rayonunun ÇApağan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan X2 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 525-ci maddəsi ilə Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim: Şəki Şəhər-Rayon Polis X1 İXM-in 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* seriya nömrəli xx.xx.2025-ci il tarixli protokolda qeyd olunmuşdur ki, X3 tanışı olan Teymur, Orxan, Elşad və Kamal adlı şəxslərlə oyun kartı ilə bir manatdan qumar oynamışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq Şəki Şəhər-Rayon Polis Şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Şəki Şəhər-Rayon Polis Şöbəsi nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasına baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışında izahat vermiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 göstərmişdir ki, o, xx.xx.2025-ci ildə 21 radələrində yaşadığı Şəki rayonunun Çapağan kəndində həmkəndliləri Teymur, Kamal, Orxan və Elşadla görüşüb Elşad Qocayevin kafesinə çay içməyə getmişlər. Çayxanada, 5 nəfərə, hər biri ayrılıqda 1 manat pul qoymaqla 20 qəpikdən kart oyunu oynamışlar. Onların məqsədi yığılan pulla çayxanada içilən çay pulunun ödənişinə ödəmək və maraqlı vaxt keçirmək olmuşdur. Artıq pul yarandıqda isə çay ilə içməyə şokalad almışlar. DAha sonra polis sahə rəisi çayxanaya gəlib kart oyununu pulla oynamalarının qumar hesab edildiyini deyib onları Polis şöbəsinə aparmış və barələrində inzibatı xəta törətmələrinə dair protokol tərtib etmişlər. O, bir daha kart oyununu pulla oynamacagına söz verib, barəsində qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. X2 qeyd olunan hərəkətlər nəticəsində törətdiyi iddia edilən İXM-nin 525-ci maddəsi ilə qanunverici “Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə” olan hərəkətləri özündə etiva etmişdir. İXM-nin 525-ci maddəsinin sanksiyasında, oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə nəzərdə tutulur. Bu vaxta kimi (elektron məhkəmə sistemindən götürülmüş məlumatlara görə) qeyd olunan domino oyunu ilə bağlı yaxalanıb inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin əməli göstərilən maddə ilə tövsif edilib məhkəməyə verilmiş və inzibati qaydada cəzalandırılmışlar. Məhkəmə bu yanaşma ilə razılaşmayaraq fikrini aşağıdakı kimi əsaslandıraraq qeyd edir ki, bu əmələ və hərəkətlərə ilk növbədə qumar oyunu dedikdə nə başa düşüldüyünə aydınlıq gətirilməli, sonra isə hazırki iş üzrə cəlb edilmiş şəxsin qumar oyununda iştirak edib etmədiyinə hüquqi qiymət verilməlidir. İXM-nin 401-cu maddəsinin qeydində göstərilir ki, bu Məcəllədə “qumar oyunları” dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyrimüəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür. Məhkəmə qeyd edir ki, hazırki işin hallarına görə barəsində inzabati xəta haqqında iş üzrə icraat aparılan şəxsin pul müqabilində kart oynadığı mübahisə edilmədən təsdiqini tapır. Lakin qumar oyununun baş verməsi üçün tək oyunun pul vəsaitləri hesabına baş verməsi kifayət etmir. Eyni zamanda bu uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) olmalıdır. Deməli burada oyunun özünün hansı oyun olduğu – yəni, qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) olduğu və oyunun nə müqabilində yəni, pul vəsaitləri, maddi və sair nemət (uduş) məqsədilə keçirildiyi önəm daşıyır. Əgər oyun qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) deyilsə, hər hansı bacarıq, bilik, düşüncə və sair hesabına udmağa söykənirsə və pul vəsaitləri, maddi və sair nemət (uduş) müqabilində oynanılmırsa, havayı, təmənnasız oynanılırsa qumar hesab edilmir. Hazırki iş üzrə müəyyən edilir ki, 5 nəfər yarışaraq iştirakçı kimi oynamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 oyunçulardan biri olmuşdur. Oyunu 20 qəpikdən oynamaqla üzvlərin hər biri uduşa 1 manat pul qoymuş, yığılan 6 manat məbləğində pulu, oyun zamanı iştirkçılar və tamaşa edənlər tərəfindən içilən çay puluna sərf edilmişdir. Oyunun oylanılmasında məqsəd yığılan pulla iştirakçıların içdikləri çayların pulu ödəmək olmuşdur ki, bu da cəmi içilən çayın pulunun oyun iştirakçıları tərəfindən ödənilməsinə xidmət etmiş və oyunda iştirak edən şəxslərdən heç kimin qazanc əldə etmək niyyəti olmamışdır. Həmin gün nə qədər oyun oynanıldığı, nə qədər pul toplandığı və nəyə səf edildiyini təsdiq edən heç bir sübut iş materiallarında müəyyən edilməmişdir. Məhkəməyə təqdim edilmiş materialda olmadığı üçün hadisə yerinə baxış haqqında protokolu tərtib edilib-edilmədiyini müəyyən etmək mümkün olmamış, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, protokolu tərtib edən şəxsin dediklərindən hadisə yerinə baxış baxış keçirilib protokol tərtib edilmiş, hər biri 1 manatlıq olmaqla 6 manat pul, 36 ədəd oyun kartı götürülmüş, material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə 13 aprel 2025-ci il tarixli qərar qəbul edilərək materiala əlavə edilmişdir. Məhkəmənin qənaətinə görə 20 qəpikdən oynalınıb cəmi 6 manat toplanan oyuna görə 3000 manatlıq cərimənin edilməsi mütanasiblik baxımından tam yuğunsuz və ədalətsiz görünür. Eyni zamanda qanunverici də bu cür oyunu qumar kimi nəzərdə tutmur, dövlətdən gəlirini, ödəməli olduğu vergini ödəməyib qanunsuz fəaliyyət göstərən, dövlət ödənişlərindən gizlədilən böyük həcmlə oynanılan qumar oyunu üçün həmin məbləğdə cərimə nəzərdə tutur. Bu məbləğdə cərimənin qazanc əldə etmək niyyəti ilə deyil, vaxt keçirmək üçün oyun zamanı içilmiş çay pulunu ödəməkdən örtü hər birinin ortaya qoyduqları 1 manata görə 3000 manat məbləğində edilməsi tarazlıq yarada və ədaləti bərpa edə bilməz. Belə olan halda hazırki iş üzrə kart oyununun uduşunu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun kimi qumar hesab edib, barəsində inzabati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsili bilinib, inzibati tənbehə məruz qoyulması qanuni və ədalətli ola bilməz. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə hesab edir ki, toplanmış material üzrə barəsində inzabati xəta haqqında iş üzrə icraat aparılmış X2 çayxanada çay içdikləri şəxslərlə uduşa yığılmış pul hesabına çay pulunu ödəmək üçün oynadıqları kart oyunu uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun olmayıb qumar hesab edilmədiyindən İXM-nin 525-ci maddəsində nəzərdə tutulan “qumar oyununda iştirak etmək” inzibati xəta hadisəsi olmamışdır. Bu səbəbdən də X2 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığı əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ceyhun Əhmədov.
Məhkəmə qərarları › İş №3(075)-312/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-312/2025
14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver