Məhkəmə qərarları › İş №3(075)-317/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-317/2021

14.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-317/2021 14.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxx 1992-cı il tarixdə Şəki rayonu Kəhrizoba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, əlilliyi olmayan, Şəki rayonu, Kəhrizoba kəndində qeydiyyatda olmaqla Şəki rayonu, Cəfərabad kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlu tərəfindən tərtib edilmiş 14 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 689/2020 nömrəli, 02 noyabr 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs iki uşağın saxlanılması üçün cəmi 240 manat aliment tutularaq tələbkar X1 verilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, tələbkara ödəməli olduğu borclarının ödənişindən qərəzli olaraq yayınaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlu inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-689/2020 nömrəli, 02 noyabr 2020-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs 17 mart 2020-ci il tarixindən hesablanmaqla hər ay hər bir uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment alınaraq 05 avqust 2014-cü il təvəllüdlü X3 və 19 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tələbkar X1 verilməlidir. Hal-hazırkı tarixə icra sənədi üzrə borclu Şəxs 3360 manat məbləğində aliment borcu yaranmışdır. Qeyd edilən icra sənədi 03 noyabr 2020-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında müvafiq bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. Lakin borclu Şəxs könüllü icra müddəti ərzində icra sənədi üzrə tələbi icra etməmişdir. İcra sənədi üzrə tələbi icra etməməklə yanaşı çağırış üzrə gəlməkdən qərəzli olaraq boyun qaçıran borclu Şəxs olduğu yeri müəyyən etmək mümkün olmadığı üçün 14 iyun 2021-ci il tarixində borclunun axtarılması barədə qərar qəbul edilərək icra edilməsi üçün Şəki şəhər-rayon Polis Şöbəsinə göndərilmiş, 14 iyun 2021-ci il tarixində polis əməkdaşları tərəfindən məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilən borclu Şəxs verdiyi izahatında hal-hazırkı tarixə yaranmış 3360 manat məblğində aliment borcunu ödəyə bilməyəcəyini bildirmiş, çağırış üzrə gəlməməsi barədə isə heç bir üzürlü səbəb göstərə bilməmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs 14 iyun 2021-ci il tarixdə, saat 09:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 14:30-da məhkəməyə aparılmışdır. Əlavə olaraq qeyd etdi ki, barəsində inzibati xəta üzrə icraata aparılan şəxs bu gün 500 manat ödəniş etmək arzusunda olduğunu qeyd etmişdir. Bununla bağlı icra sənədi üzrə tələbkar Mehriban Cəbiyeva ilə onun tərəfindən əlaqə saxlanılmış tələbkar 500 manat ödənildiyi təqdirdə borcun qalanının hissə-hissə ödənilməsinə razılıq verdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-689/2020 nömrəli, 02 noyabr 2020-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə ondan 17 mart 2020-ci il tarixindən hesablanmaqla hər ay hər bir uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment alınaraq 05 avqust 2014-cü il təvəllüdlü X3 və 19 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tələbkar X1 verilməlidir. Borcunu ödəməkdən yayınmır. İndiyədən borcunu ödəməməyinə səbəb mövcud pandemiya ilə əlaqədar iş yerlərininin bağlı olması olmuşdur. Təxminən 1 ay ayarım əvvəl “Euro Holding” adlı şirkətdə qeyri-rəsmi fəhlə işi tapmış ayda təxminən 600- 700 manat civarında əmək haqqı alır. Bu gün borcundan 500 manat ödəyəcək, qalan pulu ilə hissə-hissə aylıq alimentlə birlikdə ödəməklə bağlayacaqdır. Əgər barəsində inzibati həbs tətbiq olunarsa, işini itirə və aliment borcunu ödəmək üçün yeganə gəlir yerindən məhrum ola bilər. Bütün bunları nəzərə alaraq məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil bildirdi ki, Şəxs hərəkətlərində qərəz yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati proses tərəflərinin izahatlarını dinləyərək, işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. Yəni o, barəsində çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi Şəxs borcundan hazırda 500 manat tələbkarın xeyrinə ödəməyə hazırdır və qalan borcu hissə-hissə bağlayacağına söz verir. Bu da Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsinin və icra sənədini üzürlü səbəbdən icra etməsinin bariz nümunəsidir. Onun borcunu ödəyə bilməməsi fors-major hadisə ilə, yəni ölkədə tətbiq olunan xüsusi karantin rejimində müəyyən iş yerlərinin bağlı olması ilə əlaqədardır. Göründüyü kimi Şəxs icra sənədini icra etməkdən yayınmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. İş materiallarından da göründüyü kimi, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas yoxdur. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar