Məhkəmə qərarları › İş №3(075)-32/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-32/2025

24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-32/2025 24.01.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ hakim Vəliyev Elşən Yaşar oğlunun, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 xx.xx.2024-cü il tarixli, EQ-25203252 nömrəli inzibati tənbeh vermə qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan xx.xx.2024cü il tarixli, EQ-25203252 saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğu üçün ləğv edib, iş üzrə inzibati icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində "Yol hərəkəti Haqqında" Azərbaycan Respublikası Qanununun tələbini pozduğuna görə EQ-17883829 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə inzibati tənbeh vermə haqqında qərara əsasən 50 manat məbləğində inzibati cərimə edilmiş, inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində həmin inzibati cəriməni ödəmədiyim üçün mənim həmin cərimə məbləğini ödəmədiyi hər növbəti gün üçün dəbbə pulu hesablanaraq həmin məbləğ 80 manat təşkil etmişdir. İnzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra etmədiyimə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3 (075)-542/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən mən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququm 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Qərardan məlumatı olduqdan sonra cəriməni ödəyib məhkəməyə vəsatətlə müraciət edərək onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılması ilə bağlı Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3 (075)- 542/2024 saylı inzibati xəta haqqında is üzrə qərarına xitam verilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(075)-542/2024 saylı qərarı ilə Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3 (075)-542/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilmişdir. Qərar qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün DİN Baş X6 İdarəsinin Şəki Regional Qeydiyyat-İmtahan və X4 təqdim edilmişdir. Oradan da bildirilmişdir ki, məhdudiyyət sistemdən silinəcək. Ondan sonra o arxayın olaraq nəqliyyat vasitəsinii idarə etmişdir. Lakin 2025- ci ilin yanvar ayının 7-də ona bildirilmişdir ki, barəsində xx.xx.2024-cü il tarixdə EQ 25203252 saylı elektron qərar tərtib edilmiş və İXMnin 339.1-1-ci maddəsi ilə 400 manat cərimə olunmuşdur. O məsələyə aydınlıq gətirmək üçün yenidən DİN Baş X6 İdarəsinin Şəki Regional Qeydiyyat-İmtahan və X4 İsmayıl adlı şəxsin yanına yaxınlaşaraq bunun səbəbini izah etməsi tələb etdikdə əvvəl ona kənarda durmağı tələb etmiş, bir müddət kompyuterdə işlədikdən sonra onun çağırıb gəl bax heç nə yoxdur sistemdən sildiklərini, YPX inspektorunun onu düzgün cərimə etmədiyini demişdir. O ziddiyətə aydlınlıq gətirilməsi üçün X6 İdarəsinin Şəki Rayon Bölməsinə müraciət etdikdə onlar da bildirmişlər ki, sistemdən silinsə idi ona cərimə yaza bilməzdilər. İişin hallarından da gorünür ki, onun sürücülük hüququna qoyulan məhdudiyyət Səki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə götürülmüş və qərar qanuni qüvvəsini almışdır. Bu halda onun sürücülük hüququ olmayan şəxs kimi cərimələnməyi tamamilə qanunsuzdur. Ona görə də hazırkı şikayətlə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 şikayətdə qeyd edilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, Barəsində tərtib edilmiş qərar üzrə cərimə məbləği 50 manat olduğu halda onun barəsində 400 manat cərimə yazılmışdır. Odur ki, onun barəsində qəbul edilmiş mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə inzibati qərarı qəbul etmiş DİN BDYPİ məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə DİN BDYPİ –nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ-25203252 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X3 barəsində 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, EQ-25203252 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə 50 manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Göründüyü kimi X3 barəsində inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməmişdir. Bu isə qərarın ləğv edilərək icraata xitam verilməsi üçün deyil, qərarın dəyişdirilməsi üçün əsasdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, EQ-25203252 saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilərək X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.2ci maddələrinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət qismən təmin edilməli, qərar dəyişdirilərək X2, təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 barəsində xx.xx.2024-cü il tarixli, EQ-25203252 saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilsin. X3 təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar