Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-322/2021 16.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx xxxx 1995-ci il tarixdə Şəki rayonu Baş Zəyzid kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əlilliyi olmayan, il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, Şəki rayonu Baş Zəyzid kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X5 tərəfindən tərtib edilmiş 16 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 16 iyun 2021-ci il tarixdə, saat 00:00-dan sonra Şəki şəhəri B.Vahabzadə küçəsində yerləşən “Bənövşə” kafesində ad günü tədbirində iştirak edərək karantin rejimi qaydalarını pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X5 göstərdi ki, Şəxs 16 iyun 2021-ci il tarixdə, saat 00:00-dan sonra Şəki şəhəri B.Vahabzadə küçəsində yerləşən “Bənövşə” kafesində ad günü tədbirində iştirak edərək karantin rejimi qaydalarını pozmuşdur. Bundan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir və Şəxs islah olunması məqsədilə barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, 15 iyun 2021-ci il tarixdə onun doğum günü olmuş, dostları ilə birlikdə həmin kafedə ad günü keçirmişlər. Bir müddət sonra masada əyləşənlərdən birinin halı pişləşmiş, ona görə də qardaşına zəng edib onları aparmasını demişdir. Saat 00:00 keçməmiş restoranı tərk etməyə hazırlaşarkən polis əməkdaşları içəri daxil olaraq onlara karantin rejimi qaydalarını pozduqlarını bildirmişlər. Bundan sonra isə polis əməkdaşları onları polis şöbəsinə gətirmişlər. O, şöbədə olarkən izahatı alınaraq barəsində protokol tərtib edilmişdir. Hesab edir ki, barəsində inzibati xəta haqqında protokol qanunsuz tərtib edilmişdir. Belə ki, polis əməkdaşları kafeyə daxil olarkən saat 00:00 olmamışdı. Bütün bunları nəzərə alaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nın polis nəfəri X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 16 iyun 2021-ci il tarixdə, saat təxminən 00:00-dan sonra digər polis əməkdaşları ilə Şəki şəhəri ərazisində xidmətdə olduğu zaman Şəki şəhəri B.Vahabzadə küçəsində yerləşən “Bənövşə” kafesinin açıq olduğunu və içərisində 9-10 nəfərin olduğu aşkar etmiş, daha sonra içəri daxil olmuşlar. Restoranda olan şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxslərə törətdikləri qayda pozuntusunu izah etmişlər. Daha sonra həmin şəxsləri polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində həmin şəxslərdən birinin Şəki rayonu Baş Zəyzid kənd sakini Şəxs olması müəyyən edilmiş, həmin şəxslər barəsində qanuni tədbir görülməsi üçün tərəflərindən raport tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin əməkdaşı X3 şahid X1 verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etdi. İş materiallarında əlavə edilmiş 16 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. İş materiallarında əlavə edilmiş 16 iyun 2021-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 16 iyun 2021-ci il tarixdən, saat 00:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 26 may 2021-ci il tarixli, 151 nömrəli qərarına əsasən koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 avqust saat 06:00-dək uzadılmışdır. Həmin Qərarın 6-cı bəndinə əsasən “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlayır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 12 sentyabr 2021-ci il tarixli, 336 nömrəli qərarına əsasən 1.2.2-ci bəndinə əsasən ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmətin dayandırılmış, qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq qadağan edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 16 yanvar 2021-ci il tarixli, 9 nömrəli qərarının 2.3-cü bəndinə əsasən 2021-ci il 1 fevral saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınmaqla, müştərilərə saat 06.00-dan 00.00-dək yerində xidmət göstərilməsinə icazə verilir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyriyoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər. Yoluxucu xəstəliklərin immunoprofilaktikası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda Azərbaycan Respublikasının hökuməti, baş dövlət sanitariya həkimləri özlərinin səlahiyyətləri daxilində müvafiq ərazilərdə və ya obyektlərdə müəyyən olunmuş qaydada xüsusi əmək, təhsil, hərəkət, daşıma şəraiti və rejimləri tətbiq edir, lazım gəldikdə isə belə xəstəliklərin əmələ gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən zərərsizləşdirmə, dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya işləri görürlər. Yoluxucu və parazitar xəstəlik mənbələrində karantin-təşkilat, profilaktika tədbirlərinin görülməsi, yoluxucu xəstəliklərə tutulmuş şəxslərin xəstəxanalara yerləşdirilməsi qaydasını və müddətlərini müvafiq icra hakimiyyəti orqanları müəyyən edir. Göründüyü kimi ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar restoran və kafelərin fəaliyyətinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınmaqla saat 06.00-dan 00.00-dək yerində xidmət göstərilməsinə icazə verilmişdir. Lakin Şəxs 16 iyun 2021-ci il tarixdə, saat 00:00-dan sonra Şəki şəhərində yerləşən “Bənövşə” kafesində ad günü tədbirində iştirak edərək xüsusi karantin rejimi qaydalarının tələblərini pozmuşdur. Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi Şəki ŞRPŞ-dən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Məhkəmə nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə baxışında təqsirsiz olduğunu bildirsə də, verdiyi ifadələrində qeyri-səmimi olmuşdur, Şəki ŞRPŞ-də yazmış olduğu izahatında restorandan 00:10-da çıxdıqlarını bildirmişdir. Həmçinin, hazırkı məhkəmə iclasında ona izahatı alınarkən hər hansı fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Odur ki, məhkəmə göstərilənləri nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsinə tənqidi yanaşır və bunu Şəxs məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunan Məcəllənin 30.3-cü maddəsinin tələbinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddələrində ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 16 iyun 2021-ci il tarixdən, saat 00:30-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-322/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-322/2021
16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver