Məhkəmə qərarları › İş №3(075)-323/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-323/2021

16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-323/2021 16.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, poli kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxx 1987-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əlilliyi olmayan, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İşdə olan inzibati protokoldan görünür ki, Şəxs 16.06.2021-ci il tarixdə saat 00:00dan sonra “Bənövşə” kafesində ad günündə iştirak edərək karantin rejimi qaydalarını pozmuş, buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta barədə protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, poli kapitanı X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs 16.06.2021-ci il tarixdə saat 00:00-dan sonra “Bənövşə” kafesində ad günündə iştirak edərək karantin rejimi qaydalarını pozmuşdur. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, 16 iyun 2021-ci il tarixdə Şəki şəhərində yerləşən “Bənövşə” restoranında dostu Vüsal Qasımovun ad gününü keçirmişlər. Ad günü mərasimi həmin gün təxminən saat 20:30-dan başlamış axşam saat 00:00-a qalmışadək davam etmişdir. Mərasimdə 5-6 nəfər dostlar olmuşlar. Saat 00:00-a qalmış məclis dağılmış və onlar 00:02-də restoranın qarşısında taxsi gözləyərkən polis əməkdaşları içəri daxil olaraq onlara karantin rejimi qaydalarını pozduqlarını bildirmişlər. Bundan sonra isə polis əməkdaşları onları polis şöbəsinə gətirmişlər. Hər hansı karantin rejimi qaydasını pozmamışdır. Müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, 16.06.2021ci il tarixdə Şəki şəhər ərazisində xidmətdə olarkən Şəki şəhəri, B.Vahabzadə küçəsində yerləşən “Bənövşə” restoranının açıq olduğunu və içərisində 9-10 nəfərin olduğu aşkar edərək içəri daxil olmuşlar. Restoranda olan şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxslərə törətdikləri qayda pozuntusunu izah etmişlər. Həmin 9-10 nəfər restoranın həyətində besetkada oturmuşlar. Şəxs stol ətrafında oturulu olmuş, həmçinin məclis davam etmiş vəziyyətdə olmuşdur. Daha sonra isə onlar həmin şəxsləri polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X3 şahid X4 ilə eyni məzmunlu ifadə verdilər. Şəxs məhkəmə iclasında ad günü məclisinin saat təxminən 23:40 radələrində dağıldığını və onların həmin zaman hazırlaşaraq restorandan çıxaraq evə getmək istədiklərini bildirsə də Şəki ŞRPŞ-də yazmış olduğu izahatında restorandan 00:02-də çıxdıqlarını bildirmişdir. Həmçinin göstərmişdir ki, Polis Şöbəsində onlara hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə Şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsinə tənqidi yanaşır və bu ifadələri özünü müdafiə etmək üçün gətirdiyi dəlillər hesab edir. İşdə olan 16.06.2021-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 16.06.2021-ci il tarixdə, saat 00:20-də inzibati qaydada tutulmuşdur. Beləliklə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün və şahidlərin izahatları, Şəki ŞRPŞ-dən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tədbirini tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib 8 gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun inzibati qaydada tutulduğu 16 iyun 2021-ci il tarixdə saat 00:20-dən hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar