Məhkəmə qərarları › İş №3(075)-331/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-331/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-331/2025 30.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X18 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun müdafiəçisi X6 iştirakı ilə, xx xxxx 1980-ci il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, evli , fərdi əmək fəaliyyəti ilə məşğul olan Şəki, S.Mümtaz küçəsi,15a ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 29 iyun 2025-ci il tarixli İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 29 iyun 2025-ci il tarixdə ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, o, Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X11 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 29 iyun 2025-ci il tarixdə Şəki şəhəri, S.Mümtaz küçəsində Kia markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti patrul avtomobilində polis baş serjantı X8, polis leytenantı X7 və polis baş serjantı X4 xidmətdə olarkən yolun hərəkət hissəsində 2-ci cərgədə durma qaydasını pozan sürücülər barəsində inzibati protokol tərtib edən zaman kənardan polis əməkdaşlarına yaxınlaşan Şəxs xidməti həmin ərazidə aparmamalarını və işlətdiyi mağazaya gələn sürücülərin narahat olduğunu bildirdi. Xidməti vəzifələrini icra etmələrinə mane olmamasını dəfələrlə bildirsələr də, o, yenidən kənardakı şəxsləri və avtomobildəki sərnişin xanımları düşürərək polisə etiraz etmələrini, səs-küy yaratmaqda ona köməklik göstərmələrini deyərək xidməti fəaliyyətlərinə mane olmuşdur. Daha sonra Şəxs Şəki ŞRPŞ-nə dəvət edilmişdir.Qeyd edilənlərə əsasən protokolun təmin edilməsini və müvafiq cəza verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən obyektində olarkən polis əməkdaşlarının obyektinin qarşısında dayanan avtomobilləri inzibati qaydada cərimə etdiklərini görmüş, bundan sonra polis əməkdaşlarına yaxınlaşaraq vətəndaşları nə üçün cərimələdiklərini soruşmuşdur. Polis əməkdaşları ona xidməti vəzifələrini icra etmələrinə mane olmamalarını bildirmişdir. Daha sonra onu Polis şöbəsinə dəvət etmişlər. Qeyd edilənləri nəzərə alaraq onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin Dövlət Yol polisi bölməsi yol patrul xidməti inspektoru, polis baş serjantı X4 ifadə verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Şəki şəhəri, S.Mümtaz küçəsində Kia markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti patrul avtomobilində polis baş serjantı X8 və polis leytenantı X7 ilə birlikdə xidmətdə olarkən yolun hərəkət hissəsində 2-ci cərgədə durma qaydasını pozan sürücülər barəsində inzibati protokol tərtib edən zaman kənardan polis əməkdaşlarına yaxınlaşan Şəxs xidməti həmin ərazidə aparmamalarını və işlətdiyi mağazaya gələn sürücülərin narahat olduğunu bildirdi. Xidməti vəzifələrini icra etmələrinə mane olmamasını dəfələrlə bildirsələr də, o, yenidən kənardakı şəxsləri və avtomobildəki sərnişin xanımları düşürərək polisə etiraz etmələrini, səs-küy yaratmaqda ona köməklik göstərmələrini deyərək xidməti fəaliyyətlərinə mane olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin Dövlət Yol polisi bölməsi yol patrul xidməti inspektoru, polis baş serjantı X2 Nuran Cahangir oğlu ilə eyni məzmunlu ifadə verərək dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, ünvan 2 ünvanında yaşayır. xx.xx.2025-ci il tarixdə saat təxminən 11:50 radələrində S.Mümtaz küçəsində taksi fəaliyyəti ilə məşğul olarkən bir nəfər şəxsin yol patrul xidməti əməkdaşlarına yaxınlaşaraq obyektinin qarşısındakı avtomobillərin nə üçün cərimələndiyini bildirdiyini və israrla polis əməkdaşlarına bu halın vətəndaşlar üçün narahatlıq doğurduğunu qeyd etdiyini görmüşdür. Polis əməkdaşları həmin şəxsə bu halın ona heç bir aidiyyatı olmadığını bildirərək həmin şəxsi nizam-intizama dəvət etsələr də, həmin şəxs bundan nəticə çıxarmayaraq öz qərəzli hərəkətlərinə davam etmişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X1 Cavidan Nəriman oğlu ilə eyni məzmunlu ifadə verərək dediklərini təsdiq etmişdir. İş materiallarında olan “İnzibati qaydada tutulma haqqında” 29 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 11:55-də tutulmuşdur. İş materiallarında olan “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeyləri yoxlama haqqında” 29 iyun 2025 il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman üzərində açar və “Nokia” markalı mobil telefon aşkar edilmişdir. Məhkəmə proses iştirakçılarını və şahidləri dinləyib, video görüntüyə baxış keçirib, habelə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Lakin, nə inzibati xəta haqqında protokolda, nə video görüntüdə, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar