Məhkəmə qərarları › İş №3(075)-341/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-341/2024

14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-341/2024 14.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, X6 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, Muhammad Asifin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində qəbul edilmiş 06 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Muhammad Asif şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək barəsində X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 06 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Muhammad Asif şikayət ərizəsini onunla əsaslandırmışdır ki, MN ******* saylı 06 dekabr 2023-cü il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərara əsasən o, şərti olaraq 1700 manat cərimə edilmişdir. Cərimə ilə razılaşmasa da, şərti olduğuna görə şikayət etməmişdir. Sonra ona QSC-nin işçiləri demişdir ki, onların telefonuna mesaj gəlib ki, o, cərimə edilmişdir. Sms ona gəlmədiyinə görə narahat olmamışdır. Lakin bu məsələ onu narahat etməyə başlamışdır. Məsələni aydınlaşdırmaq məqsədilə cavabdehə məktubla müraciət etmişdir. Cavab olaraq bildirilmişdir ki, şərti cərimə çevrilib real cəriməyə və ödənilməlidir. Həmin məktub xx.xx.2024-cü il tarixdə ona gəlmişdir. Şikayət vermiş, lakin geri qayıtmışdır. Odur ki, qərarı qanunsuz hesab edir. Belə ki, o, heç bir inzibati xəta törətməmişdir. Odur ki, inzibati təndeh vermə haqqında MN ******* saylı xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında qərardan şikayət vermiş Muhammad Asif məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında qərardan şikayət vermiş Muhammad Asifin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsi X2 bildirmişdir ki, "xxxx" QSC-nin direktoru tərəfindən Əmək Məcəlləsinin tələbləri pozulmaqla X7 ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, X7 xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmaqla işə götürülmüş, ilk birinci ayı sınaq müddəti təyin edilmişdir. xx.xx.2023-cü il tarixli əmrə əsasən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndi əsas tutularaq “sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda” əsası ilə xitam verilmişdir. Lakin işçinin sınaq müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. Bu səbəbdən Muhammad Asifin barəsində İXM-nin 192.6-cı maddəsi ilə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, qərar qanuni və əsaslıdır. Şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən zəruriliyi nəzərə alınaraq 06 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın, həmçinin həmin qərarın qəbul olunmasına əsas olmuş sənədlər X6 Xidmətinin Şəki-Zaqatala regional şöbəsidən tələb olunaraq araşdırılmışdır. İş materiallarında olmaqla məhkəmə iclasında tədqiq edilmiş; X6 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X3 tərtib etdiyi 27 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X4 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 53-cü maddəsinin 2-ci hissəsinin tələblərinə əməl edilmədən Əmək Məcəlləsinin 70-ci maddəsinin d bəndinə əsasən xitam verilmişdir. X9 Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 06 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın surətindən görünür ki, Muhammad Asif Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6cı maddəsi ilə təqsirli bilinərək 1700 (bir min yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir. "xxxx" QSC ilə X7 arasında bağlanmış əmək müqaviləsindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə "xxxx" QSC-nə tikinti departamenti/layihələr bölməsində “iş icraçısı” vəzifəsinə işə başlamış, ilk “bir” ayı sınaq müddəti hesab edilmişdir. Əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək bağlanmışdır. "xxxx" QSC-nin direktoru Muhammad Asifin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 549 saylı əmrindən görünür ki, tikinti departamenti/layihələr bölməsində “iş icraçısı” vəzifəsində işləyən X7 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin d bəndi ilə “sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda” əsası ilə xx.xx.2023-cü il tarixdən xitam verilməsi, işçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi əmr edilmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. X8 şikayətində barəsində tərtib edilmiş cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və o, məhkəmə icraatı zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 53-cü maddəsinin 2-ci bəndinə əsasən sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. 53-cü maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. 70-ci maddəsinin d bəndinə əsasən sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İş materiallarından göründüyü kimi Muhammad Asif tərəfindən Ruslan Quliyev xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmaqla "xxxx" QSC-nə iş götürülmüş, il bir ay müddət sınaq müddəti təyin edilmişdir. Əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsində nəzərdə tutulan sınaq müddəti bitdikdən sonra Əmək Məcəlləsinin 70-ci maddəsinin d bəndi ilə “sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda” əsası ilə xitam verilmişdir. Məhkəmə hesab edir ki, işçiyə təyin edilmiş 1 ay sınaq müddəti bitdiyindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin d bəndi ilə xitam verilə bilməzdi. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Muhammad Asif Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan göründüyü kimi törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddətində vaxt təyin edilmişdir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, Muhammad Asif şikayət ərizəsi iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci mаddəsinə əsasən inzibаti xətа hаqqındа iş üzrə qərаrdаn verilən şikаyət və yа prоtest bаxıldıqdа, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərаr qəbul edilir. Beləliklə məhkəmə, X8in şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Muhammad Asifin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 06 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar