Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-345/2024 14.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki rayonu YPX baş inspektoru, polis baş leytenantı X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Laçın rayonu Çorman kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Laçın rayonu Çorman kəndində pasport qeydiyyatında olmaqla ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəki rayonu YPX baş inspektoru, polis baş leytenantı X9 tərəfindən tərtib edilmiş 08 aprel 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən 08 aprel 2024-cü il tarixdə, saat 13:30 radələrində İXM-nin 329.1 və 333- 1.1-ci maddələrinin tələbləri pozulmuşdur. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki şəhər-rayon X10 Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki rayonu YPX baş inspektoru, polis baş leytenantı X9 izahatında bildirmişdir ki, xidmətdə olarkən 25 aprel 2024-cü il tarixdə, saat 15:35 radələrində “CHEVROLET COBALT LTZ” minik marakalı, **-YG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü İXM-nin 329.1-ci maddəsinin tələblərini pozduğu üçün tərəfindən saxlanılmışdır. Sürücü ilə danışıq zamanı sürücünün hərəkətləri şübhəli olmuşdur. Buna görə də, həmin sürücüdən analiz götürülmüşdür. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair protokola əsasən “CHEVROLET COBALT LTZ” minik marakalı, **-YG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü Şəxs narkotik vasitə qəbulu nəticəsində sərxoş vəziyyətdə olması müəyyən olunmuşdur. Bu səbəbdən həmin şəxsin barəsində İXM-nin 329.1, 333-1.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hesab edir ki, protokol əsaslıdır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahat verərək bildirmişdir ki, 25 aprel 2024-cü il tarixdə, saat 15:35 radələrində yol vərəqəsi ilə idarə etdiyi “CHEVROLET COBALT LTZ” minik marakalı, **-YG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Şəki şəhəri, S.Rəhman küçəsində hərəkətdə olarkən X12 avtomobili tərəfindən ona saxla əmri verilmiş, avtomobili saxladıqdan sonra polis əməkdaşı tərəfindən sənədləri yoxlanılmış və söhbət zamanı polis əməkdaşı ondan narkotik vasitə qəbul edib-etməməsini soruşmuş və onunla birlikdə Mingəçevir şəhərinə gedib müayinədən keçməli olduğunu bildirmişdir. O, müayinədən keçməkdən imtina etməmiş, polis əməkdaşı ilə birlikdə narkotik vasitə qəbul edib-etməməsinin müəyyən edilməsi ilə bağlı Mingəçevir şəhərinə getmişdir. Müayinə nəticəsində narkotik vasitə marixuana qəbul etdiyi müəyyən edilmişdir. Narkotik vasitə aludəçisi olmamış, gün ərzində müxtəlif yerlərdə ustalıq və fəhləlik edərək ailəsinin maddi ehtiyaclarını ödəmişdir. Birlikdə işlədiyi adamlardan arada siqaret alıb çəkmişdir. Hesab edir ki, narkotik vasitəni bu yolla qəbul etmişdir. Çalışıb çox diqqətli olacaqdır. Himayəsində 3 azyaşlı uşağı var. O, qeyd etdiklərinin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş: Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 25 aprel 2024-cü il tarixli aktda göstərilir ki, müayinə zamanı Şəxs THC (marixuana) qəbulu nəticəsində sərxoş olduğu müəyyən olunmuşdur. Şəki rayonu YPX baş inspektoru, polis baş leytenantı X9 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1 və 333-1.1-ci maddələri ilə inzibati xəta törətmişdir. Elektron portaldan əldə edilmiş çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2014cü il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X1, xx.xx.2022-ci il təvəllüdlü X2 adlı 3 azyaşlı övladı var. İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olunmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş 25 aprel 2024-cü il tarixli, 748 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktda Şəxs narkotik vasitə hesab edilən THÇ marixuana qəbul etməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində 3 azyaşlı uşağın olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, şərh olunanlara əsasən məhkəmə Şəxs Azərbaycan Respublikasının İXMnin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, inzibati tənbehin məqsədlərini, işin hallarını və onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və təqsirinin dərəcəsini, səmimi peşmançılığını, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzasının təyin olunmasını məqsədəuyğun hesab edir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə yanaşı, həmçinin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni, eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Şəki Şəhər-Rayon Polis Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə təqsirli bilinib, 600 (altı yüz) manat inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Şəki şəhər-rayon Polis Şöbəsinə göndərilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №3(075)-345/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-345/2024
14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver