Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-348/2024 12.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu X2, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1965-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, evli, ali təhsilli, “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 01 may 2024-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1035/2023-007 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 08 sentyabr 2022-ci il tarixli, 1624 saylı əmri X1nun işdən azad olunması hissəsində ləğv edilməlidir. X1 məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Hemodializ şöbəsində 0,5 ştatla həkim nefroloq vəzifəsinə bərpa edilməlidir. Qeyd olunan icra sənədi üzrə xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası üçün borclu “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-yə göndərilmişdir. xx.xx.2024-cü il tarixli məktubla borclu Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə müraciət edərək icra sənədinin icrası zamanı yaranmış çətinliklərlə bağlı metodiki köməklik göstərilməsini xahiş etmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən məktuba cavab olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qərarıın dəyişilməz və mübahisə predmeti olmadığı bildirilmişdir. Lakin İcra sənədi üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün xx.xx.2024-cü il tarixdə xəbərdarlıq edilmişdir. Hal-hazırkı tarixədək icra sənədi üzrə tələbin icrası təmin edilməmişdir. xx.xx.2024-cü il tarixdə borclu “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin rəhbəri (vəzifəli şəxs) Şəxs hal-hazırda icra sənədi üzrə tələbi həmin vəzifəyə təyin edilmiş X1nun ixtisasına uyğun olmadığı üçün çətinlik yarandığını və bunun nəticəsində halhazırda icranı təmin edə bilməyəcəyini bildirmişdir. Bu barədə müvafiq akt tərtib olunmuşdur. Göstərilənlərə əsasən “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin rəhbəri (vəzifəli şəxs) Şəxs icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokol tərtib edilib məhkəməyə təqdim edildikdən sonra X7 işə bərpa edilmiş, bu barədə müvafiq əmr verilmiş, həmçinin əmrdə məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi də qeyd edilmişdir. Daha sonra Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən ödənişin nə vaxt həyata keçiriləcəyi barədə məlumat verilməsi üçün borclu hüquqi şəxsə müraciətlər edilmiş, borclu tərəfindən ödənişin həyata keçirilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edildiyi, daha sonra isə ödənişin həyata keçirilməsi barədə məlumat verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən icra sənədinin icra edilməsi barədə bildiriş göndərildikdən sonra icra sənədinin icrasına köməklik göstərilməsi üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə müraciət edilmiş, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməsi ilə bağlı əmr verilmiş, ödənişin həyata keçirilməsi ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edilmişdir. xx.xx.2024-cü il tarixdə isə ödəniş həyata keçirilmişdir. İcra sənədinin icra edilməməsi kimi hər hansı hal olmamışdır. Sadəcə olaraq işə bərpanın hansı formada həyata keçirilməsi ilə bağlı anlaşılmazlıq olduğundan Agentliyə müraciət olunduğundan icra sənədini icrası bir qədər gecikmişdir. İcra sənədinin icrasına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X7 izahatında bildirdi ki, o, işə bərpa edilsə də ona ödənilməli olan məbləğ düzgün hesablanmamışdır. Belə ki, həmin məbləğə hər gecikdirilmiş gün üçün bir faiz miqdarında əlavə edilməmişdir. Bu Konstitusiya Məhkəməsinin qərarında da göstərilmişdir. Hesablanmış məbləğdən 25 faiz tutulmuş, həmin hesablamaya illik məzuniyyət haqqı əlavə edilməmişdir. Primitiv qaydada hesablandıqda təkcə əmək haqqı 14000 manat edir. Məhkəmə proses iştirakçılarının izahatlarına əsasən və işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. Yəni, o, çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hazırkı müraciətlə bağlı vurğulayır ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. X3 Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(107)-1035/2023 saylı icra sənədinə əsasən iddiaçı X4 məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin şöbəsində 0,5 ştatla həkim nefroloq vəzifəsinə bərpa edilməsi qət edilmişdir. İcra sənədindən müəyyən edilir ki, icra edilməli olan məhkəmə qərarı iki hissədən ibarətdir. Birincisi işə bərpa, hansı ki, borclu hüquqi şəxsin rəhbəri tərəfindən icra edilmişdir və icra sənədinin bu hissəsi ilə bağlı mübahisə yoxdur. Digər hissə isə məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsidir. Hansı ki, zərərçəkmiş şəxs icra sənədinin həmin hissədə düzgün icra edilmədiyini qeyd edir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildiriş tərtib edilərək borclu hüquqi şəsə göndərilmişdir. Borclu tərəfindən xx.xx.2024-cü il tarixli məktubla Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə müraciət edilərək icra sənədinin icrasına köməklik göstərilməsi xahiş edilmiş, Şəki rayonu üzrə İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla icra sənədinin icra edilməsi tələb edilmiş, eyni tarixdə borclu hüquqi şəxsə xəbərdarlıq göndərilərək icra sənədi icra edilmədiyi halda İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2024-cü il tarixdə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə borclu hüquqi şəxsin rəhbəri tərəfindən əmr verilərək, X4 xx.xx.2024-cü il tarixdən “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Hemodializ şöbəsnə əvəz etdiyi vakant həkim-nefroloq vəzifəsinə bərpa edilməsi, X6 12.09.202-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrdə məcburi iş buraxma müddəti üçün əmək haqqını ödənilməsi müəyyən edilmişdir. Borclu hüquqi şəxs tərəfindən ödənişin həyata keçirilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli məktubla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edilmiş, xx.xx.2024-cü il tarixli məktubla yenidən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət olunaraq məcburi iş buraxma müddəti üçün əmək haqqı və ona üstəlik xərclərin vaxtında ödənilməsi üçün vəsaitin açılması xahiş edilmiş, xx.xx.2024-cü il tarixdə isə zərərçəkmiş şəxs X6 ödəniş həyata keçirilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, yuxarıda göstərilən Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilənlərə uyğun olaraq barəsində inzibai xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində icra sənədinin icra edilməməsi kimi bir qərəz müəyyən edilmədiyi kimi, protokola məhkəmədə baxıldığı müddətdə borclu hüquqi şəxsin rəhbəri tərəfindən müvafiq icra hərəkətləri həyata keçirilmiş, icra sənədinin icrası təmin edilmişdir. Hazırda zərərkəçmiş şəxsin tələbi icra sənədinin düzgün icra edilməməsi ilə bağlıdır ki, bu hal hazırkı icraat çərçivəsində araşdırıla bilməz. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin qanunun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Həmin qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Sadalananlara və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilməmiş, əksinə icra sənədi borclu hüquqi şəxsin rəhbəri tərəfindən icra edilmiş, icra məmuru tərəfindən icra sənədinin düzgün icra edilməməsi ilə bağlı borclu hüquqi şəxsə hər hansı müraciət edilməmiş, Şəxs hərəkətlərində icra sənədinin qərəzli olaraq icra edilməməsi halı müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, icra məmuru borclu hüquqi şəxs tərəfindən icra sənədini düzgün icra edilməməsi qənaətinə gəldiyi təqdirdə icra haqqında qanuna əsasən bu halın aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirməlidir. Məhkəmə, zərərçəkmiş şəxsin hər gecikdirilmiş gün üçün bir faiz miqdarında əlavə ödənişin həyata keçirilməsi barədə dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, icra sənədində tələbkara hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəniş həyata keçiriməsi qeyd edilməmişdir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndində qeyd edilmişdir ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında Plenum belə nəticəyə gəlmişdir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Konstitusiya Məhkəməsini Plenumu qərarda hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi barədə tələblə məhkəməyə müraciət edilə biləcəyini qeyd etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş İnzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərardan, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-348/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-348/2024
12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver