Məhkəmə qərarları › İş №3(075)-35/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-35/2021

06.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-35/2021 06.01.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx xxxx 1968-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1069/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs bir uşağın saxlanılması üçün hər ay 120 manat aliment tutularaq tələbkar X4 verilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, tələbkara ödəməli olduğu borclarının ödənişindən qərəzli olaraq yayınaraq Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1069/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs xx xxxxx 2019-cu tarixdən xx xxxxxxx 2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay üçün sabit pul məbləğində cəmi 120 manat aliment tutularaq X4 verilməlidir. İcra sənədi xx.xx.2019-cu ildə tarixdə icraatına daxil olmuşdur. İcra sənədinin icrası ilə əlaqədar borcluya 10 gün könüllü icra müddəti verilmiş, göstərilən müddət ərzində borcun ödənilməsini təmin etməmiş və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlməmişdir. Həmçinin könüllü icra müddəti ərzində icra sənədi üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün borcluya dəfələrlə xəbərdarlıq göndərilməsinə baxmayaraq icra sənədi üzrə tələbin icrası təmin edilməmişdir. İcra sənədi üzrə tələbin məcburi icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi ilə bağlı müxtəlif dövlət orqanlarında və banklara sorğular verilmiş, sorğulara alınan cavablarda borclunun adına hər hansı əmlak və ya qızıl-ziynət əşyası aşkar edilməmişdir. Borclu Şəxs xx xxxxxx 2021-ci il tarixində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlmiş, tərəfindən izahatı alınmış və verdiyi izahatında 150 manat indi, qalan borcunu isə ayda müəyyən hissələrlə ödəyəcəyini bildirmişdir. Borclu Şəxs hal-hazırda 1952 manat aliment borcu vardır. Həmçinin bildirdi ki, borclu Şəxs barəsində məcburi gətirmə tətbiq edilmiş, borclu 4 ay sonra polis vasitəsilə gətirilmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 12:15 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 16:00-da məhkəməyə aparılmışdır. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1069/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs xx xxxxx 2019-cu tarixdən xx xxxxxxx 2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay üçün sabit pul məbləğində cəmi 120 manat aliment tutularaq ona verilməlidir. Qətnamənin qanuni qüvvəyə minməsindən uzun müddət keçsə də borclu Şəxs kifayət qədər uzun müddətdir ki, heç bir ödəniş etməmiş, ödəmək fikrinin olmadığını bildirmişdir. Ona və oğluna qarşı nalayiq ifadələr işlədərək onlara böhtan atdığından qızı da onunla görüşmək istəmir. Şəxs hazırda 1952 manat yığılmış aliment borcu vardır. Pulunu tam şəkildə tələb edir. Əgər borclu aliment borcunu tam ödəmirsə onun barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 1069/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən ondan xx xxxxx 2019cu tarixdən xx xxxxxxx 2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay üçün sabit pul məbləğində cəmi 120 manat aliment tutularaq tələbkar X4 verilməlidir. Borcundan müxtəlif vaxtlarda ödəniş etmişdir. Öz hesablamasına görə hazırda 600 manatdan bir qədər çox yığılmış borcu ola bilər. Buna səbəb qızının onunla kəskin rəftarı, onu görmək istəməməsidir. Hətta bir dəfə qızını görmək üçün bazarlıq edərək onlara getmiş, sonuncu onunla görüşmək istəmədiyindən aldıqlarını zibilliyə tullamışdır. Həmin vaxtdan ödəniş etməyi bilərəkdən dayandırmışdır. Hazırda borcunu ödəməyə imkanı yoxdur. Belə ki, pandemiya ilə əlaqədar heç bir iş yeri işləmir. Əgər məhkəmə tərəfindən ona vaxt verilərsə, gələn aydan mütəmadi alimentini və 30 manat da yığılmış borcdan olmaqla, hər ay 150 manat ödəyə bilər. Həmçinin qeyd etdi ki, 4 aydır ki, icra şöbəsinin çağırışlarına xəstə olduğundan gələ bilməmişdir. Bundan başqa ona borcu olanlar var ki, borclarını ala bilmir. Əlavə olaraq bildirdi ki, xx xxxxxx 2021-ci il tarixdə, saat 12:15 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 16:00-da məhkəməyə aparılmışdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X8 iş qanuni qərar çıxarılmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun və zərərçəkmiş şəxsin izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə qeyd edir ki, Şəxs qətnamənin icraya yönəldilməsindən keçən dövr ərzində çox cüzi ödəniş etməsi, özünün izahatında da qızının onunla görüşmək istəmədiyini əsas gətirərək maddi imkanı olmasına baxmayaraq aliment ödəməyi bilərəkdən dayandırması onun əməlində qərəzin olmasına dəlalət edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 12:15 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 16:00-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 12:15 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni xx xxxxxx 2021-ci il tarixdən, saat 12:15-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli xx xxxxxx 2021-ci il tarixdən, saat 12:15-dən hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar